Azərbaycan prezidenti: “Münaqişənin həlli işində heç bir irəliləyiş yoxdur”
17 sentyabr 2010 10:46 (UTC +04:00)

Azərbaycan prezidenti: “Münaqişənin həlli işində heç bir irəliləyiş yoxdur”

“Yaxın zamanlarda TÜRKSOY Fondu yaradılacaq və Azərbaycan bu Fondun fəaliyyəti üçün lazımi maddi dəstəyini verəcək. Hesab edirəm ki, bu Fond nəinki türkdilli dövlətlərdə, bütün türk ellərində mədəni abidələrin bərpası, qorunması işinə öz dəstəyini verməli, tarixi, mədəni araşdırmalar aparmalıdır. Fond mədəni sahədə, ölkələrimiz, xalqlarımız arasında dostluq, qardaşlıq əlaqələrinin inkişafı işinə böyük töhfə verməlidir”.



APA-nın “AzərTAC”a istinadən yaydığı məlumata görə, bu fikirləri İstanbulda türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşündə çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev söyləyib.


Dövlət başçısı türkdilli ölkələrin müstəqil dövlətlər kimi bütün sahələrdə uğurlu əməkdaşlıq apardığından, bir-birinə dəstək verməsindən məmnun olduğunu vurğulayıb: “Biz çalışmalıyıq və çalışırıq ki, bütün beynəlxalq təşkilatlarda bir-birimizin mövqeyini gücləndirək, bir-birimizə siyasi dəstək verək və bütün işlərdə bir-birimizin yanında olaq”.

Prezident çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunub: “Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli işində əfsuslar olsun ki, heç bir irəliləyiş və nəticə yoxdur. Uzun illərdir torpaqlarımız işğal altındadır. Torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altında qalır. Bu işğal və azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıb. Bu, böyük ədalətsizlikdir, bu, humanitar fəlakətdir. Bütün beynəlxalq təşkilatlar, dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın haqq işini dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var və orada bilavasitə göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. ATƏT-in qərarları, İslam Konfransı Təşkilatının çoxsaylı qətnamələri, Avropa Parlamenti, Avropa Şurası kimi təşkilatların qərar və qətnamələri məsələnin ədalətli və beynəlxalq hüquq normalarına uyğun şəkildə həll olunmasını tələb edir. Ancaq əfsuslar olsun ki, bu günə qədər bu məsələ ilə bağlı nəticə yoxdur.
Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaradıb. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq birlik tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Biz istəyirik ki, bunu tezliklə, danışıqlar, sülh yolu ilə həll edək”.



Azərbaycan çoxmillətli ölkə olduğunu vurğulayan dövlət başçısı ölkədə müxtəlif millətlərin, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşadığını xatırladıb: “Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində münaqişə, qarşıdurma olmayıb. Azərbaycanda bütün xalqların hüquqları qorunur. Əlbəttə ki, erməni xalqı Azərbaycan torpaqlarında yaşamışdır, bu gün də yaşayır. Onların da hüquqları qorunur. Xalqların öz müqəddəratını təyinetmə istəkləri ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Yəni, bu iki anlayış arasında qarşıdurma yaradılmamalıdır. Beynəlxalq təcrübə və beynəlxalq hüquq belə mövqeyi, bu mövqeyi dəstəkləyir. Dağlıq Qarabağda yaşayan ermənilər və Dağlıq Qarabağa qayıdacaq azərbaycanlılar vahid Azərbaycan dövləti çərçivəsində yüksək özünü idarəetmə imkanlarına malik olan prinsiplər əsasında yaşamalıdırlar. Bu, beynəlxalq hüququn qaydalarıdır. Bu, normal insani davranışın qaydalarıdır. Biz XXI əsrdə yaşayırıq, XIX əsrdə yaşamırıq. Biz sivilizasiyalararası dialoqun inkişafına çalışmalıyıq, xalqlar arasında dostluq, əməkdaşlıq meyllərini gücləndirməliyik. XXI əsrdə başqa ölkənin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünü pozmaq, o bölgədə etnik təmizləmə siyasəti aparmaq, Xocalı soyqırımı törətmək kimi cinayətlər cavabsız qalmamalıdır. Beynəlxalq birlik nəinki öz qətnamələri və qərarları ilə, praktiki addımlarla bu məsələnin tezliklə həll olunmasına çalışmalıdır. Hər halda bundan sonra da çalışacağıq ki, məsələ daim gündəlikdə, bütün beynəlxalq təşkilatların gündəliyində qalsın. Əlbəttə ki, biz dost, qardaş ölkələrin dəstəyinə görə minnətdarıq. İlk növbədə qardaş Türkiyəyə minnətdarıq ki, bütün dövrlərdə daim Azərbaycanın yanında olub, bütün beynəlxalq təşkilatlarda Azərbaycana dəstək olub, öz fikrini, öz mövqeyini açıq ifadə edib. Türk dünyasında yaşayan və bizə dəstək olan bütün qardaşlarıma minnətdarlığımı bildirmək istəyirəm”.



Prezident İlham Əliyev Zəngəzurun Ermənistana verilməsi ilə türk dünyası arasında coğrafi bağlantının pozulduğunu bildirib: “Türk dünyası böyük dünyadır. Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulubdur. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı. Ancaq buna baxmayaraq, bizi birləşdirən təkcə coğrafi koordinatlar deyil. Bizi birləşdirən aramızdakı münasibətlərdir, qardaşlığımızdır, ortaq keçmişimizdir, bu günümüzdür. İyirmi ilə yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər kimi yaşayırlar. Bu müddət ərzində ölkələrimiz gücləndi, formalaşdı, dövlətçiliyimizin əsasları quruldu. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki, böyük və güclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək”.



Dövlət başçısı Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin inkişafı üçün İstanbulda imzalanan sazişin çox vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Dünən Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurası yaradılıb. Əminəm ki, Şuranın fəaliyyəti çox uğurlu olacaq. Biz çalışmalıyıq ki, ölkələrimiz arasında münasibətləri bütün sahələrdə sürətlə irəliyə aparaq. İqtisadi sahədə qarşılıqlı ticarətin təşviqi və genişlənməsi üçün əlavə tədbirlər görülməlidir. Qarşılıqlı sərmayənin qoyulması üçün əlavə imkanlar araşdırılmalıdır. Bu gün Azərbaycana qardaş ölkələrdən sərmayələr qoyulub, eyni zamanda, Azərbaycan şirkətləri türkdilli ölkələrə investisiyalar qoyurlar və bu proses getdikcə daha da güclənir”.



Dövlət başçısı Türkiyə-Azərbaycan münasibətlərində enerji təhlükəsizliyi məsələsinin xüsusi çəkiyə malik olduğunu deyib: “Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft-qaz kəmərləri demək olar ki, bölgənin enerji xəritəsinə böyük töhfə verdi, yəni enerji xəritəsini zənginləşdirdi. Bu yollar, bu dəhlizlər açılandan sonra bu dəhlizlər vasitəsilə Xəzər dənizinin şərq sahillərindən təbii ehtiyatlar nəql edilir. Bu gün Qazaxıstandan, Türkmənistandan neft məhsulları Azərbaycan ərazisindən dünya bazarlarına, o cümlədən Türkiyəyə və Türkiyə ərazisindən dünya bazarlarına çıxarılır. Əminəm ki, gələcəkdə bu əməkdaşlığın daha da böyük faydası olacaq. Bu sahədə aramızdakı çoxtərəfli əməkdaşlığa böyük ehtiyac var. Xəzər hövzəsində yerləşən ölkələrdə zəngin təbii ehtiyatlar var. Türkiyə bizim üçün həm böyük bazardır, eyni zamanda, qardaş ölkənin tranzit imkanları da genişdir. Biz bu sahədə səylərimizi daha da artırsaq, bu, hər bir ölkənin gücləndirilməsinə xidmət göstərəcək”.



Prezident Bakı-Tiflis-Qars dəmiryolu layihəsi üzərində fəal iş getdiyini bildirib: “Bakı-Tiflis-Qars dəmir yolu nəinki Türkiyəni Azərbaycanla, Türkiyəni Orta Asiya ilə birləşdirəcək, həm də Avropanı Orta Asiya ilə birləşdirəcək. Bu yol həm iqtisadi cəhətdən çox cəlbedicidir, həm də ki, qardaş ölkələri birləşdirəcək. Bütün bu layihələrlə əlaqədar artıq müvafiq tapşırıqlar verilibdir, işlər görülür. Mən şübhə etmirəm ki, gələcəkdə belə layihələrin sayı çoxalacaq. Ancaq artıq həyata keçirilən layihələr göstərir ki, birgə görülən işlər, müştərək təşəbbüslər bütün ölkələrə ancaq və ancaq xeyir və mənfəət gətirir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754

Oxşar yazılar