Robert Bradtke: “Təmas xətti daimi deyil, lakin atəşkəsə əməl olunmalıdır”
15 sentyabr 2010 10:54 (UTC +04:00)

Robert Bradtke: “Təmas xətti daimi deyil, lakin atəşkəsə əməl olunmalıdır”

Təmas xəttinin keçilməsi bu planlardan biri idi”. APA-nın məlumatına görə, bu fikirləri ATƏT-in amerikalı həmsədri Robert Bradtke BBC radiosunun Azərbaycan xidmətinə müsahibəsində söyləyib. Həmsədr Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin qarşı tərəfinə keçirilməsinin bir neçə səbəbinin olduğunu deyib: “Biz bunu bir neçə səbəbdən etmək istəyirdik. İlk öncə biz bu hərəkətimizlə vurğulamaq istəyirdik ki, təmas xətti qonşu xalqları bir-birindən ayıran hər hansı bir sərhəd deyil. Biz ümid etdiyimizi göstərmək istəyirdik ki, bu təmas xəttinin üzərindən bir gün hər iki tərəfin adamları sərbəst hərəkət edə biləcəklər. İkinci məqsədimiz atəşkəs rejiminin pozulması barədə məlumatları yoxlamaq idi. Təmas xətti üzərindən keçməyimizin bir məqsədi də atəşkəsə hörmət edilməsinin vacibliyini vurğulamaq idi. Deməliyəm ki, bu çox maraqlı missiya oldu. Mən ATƏT-in burada daimi monitorinqdə olan kiçik missiyasına da təşəkkür etmək istərdim. Onlar burada bəzi təhlükəsizlik riski ilə üzləşirlər. Biz səfərimiz zamanı həm ATƏT-dən, həm də hər iki tərəfin hərbi qurumlarından dəstək aldıq”.

Həmsədr təmas xəttinin hər iki tərəfində söhbətlər apardıqlarını deyib: “Bu çox maraqlı söhbətlər idi, çünki iki tərəf vəziyyət haqqında bir-birinə zidd məlumat verirdilər. Xüsusən də atəşkəs rejiminin pozulmasında kimin məsuliyyət daşıması məsələsində. Mən başa düşdüm ki, danışıqlar prosesini irəli aparmaq üçün iki tərəfin ortaq məxrəcə gətirilməsi məqsədilə uzun müddət iş aparmaq lazım gələcək”.

Robert Bradtke qoşunların təmas xəttində mülki vətəndaşların yaşamadığını bildirib: “Bura bir növ mülki şəxslərin yaşamadığı ərazidir. Bu bir yoldur və yolun sonuna çatanda səngərlər gördük. Burdan o yana maşınlar hərəkət edə bilməzdi. Ətrafdakı bütün yaşıllıq - ağaclar və kollar kəsilərək təmizlənib. Bu ona görə edilib ki, hər iki tərəfdən görüntüyə mane olunmasın. Biz ərazidə olan minaları aşkar edən əsgərlərin ardınca gedirdik. Biz bir daha şahidi olduq ki, sülh prosesini doğrudan da irəli aparmağa ehtiyac var. Yol vermək olmaz ki, təmas xətti regionun insanlarının sərbəst hərəkətini məhdudlaşdıran daimi hasar kimi qalsın. Biz vəziyyətin ciddiliyinin şahidi olduq. Mən bilmirəm, bizim missiyamız nəyisə dəyişəcəkmi? Lakin bu, bütün tərəflərə verilmiş bir mesaj idi. Bu mesaj ondan ibarət idi ki, təmas xətti daimi deyil, lakin atəşkəsə əməl olunmalıdır”.

Həmsədr təmas xətti boyunca bəzi yerlərdə Azərbaycan və Ermənistan qoşunları arasında 40 metr məsafə olduğunu deyib: “Təmas xəttinin mövcud olduğu bütün dövrlərdə atəşkəsin pozulması halları elə bu səbəblərdən baş verir. Lakin əsas narahatlıq son vaxtlar burada baş verən hadisələrdəndir. Son vaxtlar burada təmas xətti boyunca təkcə atışmalar yox, həm də təmas xəttinin əsgərlər tərəfindən keçilməsi halları baş verib. Biz hər iki tərəfə bildirdik ki, bu çox təhlükəli haldır. Bu sayaq hadisələr, xüsusilə təmas xəttinin keçilməsi hallarına son qoyulmalıdır. Biz atəşkəsin gücləndirilməsinin vacibliyi barədə istər Bakıda, istər İrəvanda, istərsə də Xankəndində söhbətlər apardıq. Lakin səmimi deyəcəyəm, bura dərhal çoxsaylı sülhyaradıcı qüvvə gətirmək mümkün olmayacaq. Tərəflərdən heç birinin bunu istəmədiyini hiss etdik”.

Robert Bradtke ATƏT-in Minsk Qrupunun Azərbaycanın qətnamə layihəsini BMT Baş Assambleyasından geri götürməsini alqışladığını bildirib: “Çünki biz inanmırdıq ki, bu qətnamə sülh prosesinə nə isə bir töhfə verə bilər. Bu, diqqəti bütün tərəflərlə birbaşa danışıqlar prosesindən yayındıra bilərdi. BMT nə qədər də nüfuzlu bir təşkilat olsa da, bu qətnamə Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmayacaqdı. Hər halda dərhal. Münaqişənin çözümünün ən sürətli yolu tərəflər arasında Minsk Qrupunun çərçivəsində birbaşa danışıqlar olaraq qalır. Biz ilk addım olaraq təmas xəttini keçdik”.

Diplomat iki ölkənin xarici işlər nazirlərinin Avropa paytaxtlarında və ya elə prezidentlərin müxtəlif şəhərlərdə açıqlanan mövqelərində köklü fərq görmədiyini deyib. ATƏT-in regiona göndərəcəyi fakt-araşdırıcı missiyanın səfərinə aydınlıq gətirən həmsədr bunun çox mühüm səfər olacağını bildirib: “Bu çox mühüm səfər olacaq. Bilirsiniz ki, ATƏT-in Dağlıq Qarabağın ətrafında apardığı son fakt-araşdırıcı missiyası 5 il bundan əvvəl olub. Biz bu ilin əvvəllərində qərara gəldik ki, belə bir missiyanın təkrar keçirilməsinə ehtiyac var. Bu həmsədrlər üçün də vacibdir. Mən bir ildən azdır ki, bu vəzifədəyəm. Rusiyalı həmsədr də nisbətən təzədir. Bilirsinizmi, bu ərazilər həmişə bu şəkildə qala bilməz. Qaçqınlar bir gün öz yurdlarına qayıdacaqlar. Ayırıcı xətlər ləğv olunmalıdır. Biz tərəflərə bildirmişik ki, bu ərazilərə səfər zamanı BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının və BMT-nin İnkişaf Proqramının nümayəndələrinin də bizimlə olmasını istəyirik. Çünki bu agentliklər bir gün bu ərazidə işləməli olacaqlar. Yəni biz bu ərazilərin indiki statusunun dəyişəcəyi gələcəyə baxırıq”.

Amerikalı həmsədr dekabrda Qazaxıstanda ATƏT sammitinin keçirilməsini mühüm hadisə adlandırıb: “Düşünürəm ki, bu sammit çox mühüm hadisə olacaq. Burada Azərbaycan və Ermənistan prezidentləri Avropanın və Şimali Amerikanın dövlət rəhbərləri ilə bir masa arxasında oturacaqlar. Heç şübhəsiz ki, münaqişə tərəflərinin mövqelərindəki fərqlər bir daha diqqət mərkəzində olacaq. Prezidentlər bu prosesi necə inkişaf etdirmək planları barədə dünya birliyinə məlumat verməli olacaqlar. Düşünürəm ki, burada müəyyən irəliləyişə nail olmaq mümkün olacaq. Biz son səfərimiz zamanı tərəflərə hansı sahələrdə razılaşmanın əldə olunmasının mümkünlüyü barədə məlumat vermişik. Biz bu məsələləri bir daha Nyu-Yorkda müzakirə edəcəyik. Biz bu mərhələdə sülh prosesini irəlilətmək üçün tərəflərdən konstruktiv addımlar gözləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar