Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ordumuzun uğurlarını görən düşmən müxtəlif cür təxribata əl atır. Belə ki, mənfur düşmən bu dəfə Azərbaycan xalqı arasında ruh düşkünlüyü, həmçinin etnik qruplar içərisində çaxnaşma yaratmaq üçün sosial şəbəkədə saxta hesablarla təxribat törətməyə çalışırlar. Bu məqama görə, Dövlət Təhlükəsizlik Xidməti də məlumat yayaraq, vətəndaşları diqqətli olmağa çağırdı.
Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli mövzu barədə Lent.az-a bildirib ki, bütün dəyərlərdən uzaq bir düşmənlə müharibə aparırıq. Birlik sədri həmçinin Lənkəran, Balakən, Qusar və s. bölgələrimizin də Qarabağ qədər əziz olduğunu deyib:
“Çox mənəviyyatsız və şərəfsiz düşmənlə üz-üzəyik. Bütün dəyərlərdən uzaq, tarixi, mətbəxi, mədəniyyəti və s. saxta olan bir düşmənlə müharibə aparırıq. Ölkəmizin bütün regionlarında Azərbaycanın qurulması üçün canından keçən insanlar var. Azərbaycan vətəndaşları arasında milli, dini, irqi ayrı-seçkilik yoxdur. Hamı bilir ki, ölkədə hansısa bir məsələdə kiməsə etnik mənsubiyyətinə görə fərq qoyulmayıb. Ləzgilər də, talışlar da, kürdlər, avarlar da və s. hamısı yerli əhalidir. Cənubi Qafqaza bircə ermənilər 2 əsrdir köçürülüb, onlar da rədd olub gedəcəklər. Birinci Qarabağ müharibəsində talış, ləzgi, kürd, avar, tat və s. digər vətəndaşlarımızdan yüzlərlə, minlərlə şəhidlərimiz oldu. Milli Qəhrəmanlarımız, müxtəlif ordenə layiq görülənlərimiz var. Vətənimizin istənilən qarışı əzizdir. Bu gün müharibə Qarabağda gedir. Qarabağ bizim üçün xüsusi mənəvi əhəmiyyət kəsb edir. Bizə Lənkəran, Balakən, Qusar da o qədər əzizdir”.
E.Həsənli bildirib ki, ölkədə olan azsaylı xalqların yüzlərlə şəhidi, qazisi və ya veteranı var ki, onlar bizim üçün doğmadır:
“Bu dövlət hər bir azərbaycanlınındır. Azərbaycan xalqı daim milli ayrı-seçkiliyə nifrət edib və buna qarşı mübarizə aparıb. Yerli xalqlar Azərbaycan vətəndaşı olduqları üçün daim fəxr ediblər və dövlətə layiqincə xidmət ediblər. Xəyanətkarın milliyəti, vətəni olmur. Azərbaycanda dövlətə xəyanət edən barmaqla sayılacaq qədərdir. Xalqımız çox mübariz xalqdır. Hər kənddə şəhid məzarlığı var. Adlarını çəkdiyim azsaylı xalqların yüzlərlə qazisi, veteranı, şəhidi var. Onların hər biri doğmadır, əzizdir. Dövlət də onların heç birinə fərq qoymadan diqqət və qayğı ilə yanaşır. Hazırkı problem Qarabağdır. Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycan daha da inkişaf edəcək. Ərazi böyüyəcək, ölkə güclənəcək. Cənubi Qafqazın lideri olan Azərbaycan regionun bir nömrəli, dünyanın isə ən güclü dövlətlərindən biri olacaq. Bu gün biz Böyük Vətən Müharibəsi aparırıq. Hər bir vətəndaş da qanı ilə, canı ilə savaşır. Ona görə də mənfur düşmənin bu cür təxribatları nəticə verməyəcək və milli birliyimizi poza bilməyəcək”.