Azərbaycan hökumətinin “COVİD-19”la mübarizə tədbirləri çərçivəsində gördüyü işlər vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılandı. Son zamanlar isə düşmən ölkənin sərhəddə törətdiyi təxribatlar xalq və dövlət arasındakı birliyi daha da möhkəmləndirdi. Bu birlik özünü hər gün dövlət başçısına yazılan təşəkkür məktublarında açıq-aydın əks etdirir. Lent.az Qubanın 75 yaşlı sakini olan Ağalar Bayramovun prezidentə yazdığı təşəkkür məktubunu təqdim edir:
“Hörmətli cənab Prezident!
Sizin rəhbərliyinizlə müstəqil Azərbaycan Respublikası indiki inkişaf səviyyəsinə çataraq, dünya birliyində layiqli yer tutub. Ölkəmizdə aparılan quruculuq və abadlıq işləri bütün sahələrdə hiss olunur. Son illərdə kadr islahatı sahəsində yürütdüyünüz siyasət də vətəndaşlarımız tərəfindən böyük sevinclə qarşılanır. İdarəetmənin etibarlı əllərdə olması xalqın dövlətə inamını daha da möhkəmləndirir və cəmiyyətin inkişafını sürətləndirir.
Hörmətli cənab Prezident, son iki ildə Qubada aparılan genişmiqyaslı tikinti, quruculuq-abadlıq işləri, sosial sahədə yaranan canlanma məhz Sizin adınızla bağlıdır. Kənd məktəbimizin tam orta məktəbə çevrilməsi, sel sularının kəndarası körpülərə vurduğu ziyanın aradan qaldırılması sakinlərimizin böyük sevincinə səbəb oldu. Mənim 75 yaşım var. Qubanın inkişafını, kəndimizin çiçəklənməsini gördükcə ürəyim fərəhlənir. Bu işlərə böyük əmək sərf etdiyinizə görə Sizə "Çox sağ olun!", "Var olun!" deyirəm, cənab Prezident!”.