“27 sentyabrdan - Azərbaycan Ordusu əks-hücuma keçdiyi gündən indiyə qədər ancaq irəliləyib. Bütün döyüş əməliyyatları və əldə olunan nailiyyətlər Azərbaycan Ordusunun bir daha dünyanın Ən müasir və güclü ordularından biri olduğunu sübuta yetirir. Döyüşlər mürəkkəb relyef şəraitində getməsinə, Ermənistan silahlı qüvvələrinin 1993-cü ildən başlayaraq Azərbaycan torpaqlarını işğal altında saxladıqları bu illər ərzində güclü istehkamlar qurmasına baxmayaraq Azərbaycan Ordusunun iradəsinin qarşısında davam gətirə bilmir. Məhz buna görə də demək olar ki, hər gün Azərbaycan torpaqları işğaldan azad olunur”.
Bunu APA-ya açıqlamasında Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli bildirib.
Onun sözlərinə görə, artıq düşmən içərisində ciddi panika var: “Onlar gördülər ki, bu, Azərbaycanın haqq işidir, ümid olduqları böyük dövlətlər, beynəlxalq təşkilatlar onları dəstəkləmirlər. Biz həmçinin Birinci Qarabağ Müharibəsindən fərqli olaraq beynəlxalq medianın əsas etibarilə hər iki tərəf haqqında məlumat verdiyini görürük. Bu gün bütün Azərbaycan xalqı bu müharibədə iştirak edir. Sosial şəbəkələrdə insanlar öz mövqelərini bildirir, Azərbaycanın haqq işini çatdırırlar. Bu gün heç zaman olmadığı kimi həm Azərbaycan ön cəbhədə, həm də arxa cəbhədə birlik nümayiş etdirir. Sözsüz ki, həm Ali Baş Komandanın iradəsi, qətiyyəti, həm Azərbaycan Ordusunun peşəkarlığı, həm bütövlükdə Azərbaycan xalqının iradəsi torpaqlarımızın işğaldan tam azad olunmasına gətirib çıxaracaq. Cəmiyyətimiz hər gün cəbhədən torpaqların işğaldan azad olunması ilə bağlı xəbərləri izləyir və həm də gözləyir.
Hazırda həm beynəlxalq şərait, həm daxili şərait qələbəni zəruri edən amillərdir. Birmənalı əminlik var ki, Azərbaycan Ordusu zəfər çalacaq”.
Ə Hüseynli qeyd edib ki, atəşkəsin baş verməsi üçün ən vacib amillərdən biri rəsmi şəkildə Ermənistanın işğal olunmuş torpaqlarının işğaldan azad edilməsi qrafikini təqdim etməsidir: “Əslində beynəlxalq hüququn və ATƏT-in Minsk Qrupunun edə bilmədiyini indi Azərbaycan Ordusu edir. Çünki müxtəlif vaxtlarda danışıqlar prosesində prinsiplər mövcud olub və hər zaman Azərbaycanın ərazi bütövlüyü fikri ortada olub. Bütün danışıqlarda Azərbaycanın mövqeyi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli olub. Burada yanaşma sadəcə, mərhələli prinsipə əsaslanıb. Yəni ilk olaraq 5 rayonun, daha sonra Kəlbəcər və Laçının işğaldan azad edilməsi, sonra məcburi köçkünlərin Dağlıq Qarabağa, Şuşa və digər yaşayış məskənlərinə qayıtması, yalnız bundan sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi nəzərdə tutulub. Çünki azərbaycanlıların Dağlıq Qarabağa qayıdışı olmadan hansı referendumdan söhbət gedə bilər? Mən çəkinmədən onu da söyləmək istəyirəm ki, son 28 il ərzində Dağlıq Qarabağda yaşamış azərbaycanlıların sayı kifayət qədər artıb. Ona görə bu məsələyə məhz bu kontekstdən yanaşmaq lazımdır ki, Dağlıq Qarabağın statusunu həll edəcək azərbaycanlıların iştirakı vacibdir. Məhz bu baxımdan atəşkəsin elan olunması məhz bu prinsiplərə söykənir. İndiki mərhələdə Ermənistan Azərbaycan rayonlarının azad olunmasının qrafikini təqdim etməlidirlər. Onlar bunu nə dərəcədə tez elan etsələr, bir o dərəcədə itkiləri az ola bilər. Əks təqdirdə Madrid prinsiplərini Azərbaycan Ordusu həyata keçirir”.
Ə. Hüseynli vurğulayıb ki, danışıqlar prosesində Azərbaycanın ərazi bütövlüyü prinsipi əsas götürülməlidir. Bu, bütün sənədlərdə öz əksini tapıb: “İndi həm də bizim həyata keçirdiyimiz Azadlıq Müharibəsinin, insanlar buna Vətən Müharibəsi deyirlər, şərtləndirən amillərdən biri də beynəlxalq hüququn bizim tərəfimizdə olmasıdır. Əvvəl biz ancaq BMT Təhlükəsizlik Şurasının qətnamələrinə söykənirdik. Ancaq 2000-ci ildən başlayaraq Avropa Şurası Parlament Assambleyası, Avropa İnsan Haqları Məhkəməsi, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların sənədlərində qeyd edilib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir, ətraf rayonlar və Dağlıq Qarabağ işğaldan azad edilməlidir. Oradakı qüvvələr tək erməni separatçıları deyil, Ermənistanın silahlı birləşmələridir. Faktiki bu gün beynəlxalq hüquq baxımından beynəlxalq sənədlər Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyini təsdiq edir. Heç bir sənəddə Dağlıq Qarabağla bağlı müstəqillik illüziyası öz əksini tapmayıb. Ancaq Azərbaycanın ərazi bütövlüyü, məcburi köçkünlərin torpaqlarına qayıtması, bundan sonra Dağlıq Qarabağın muxtariyyətinin müzakirə olunmasından söhbət gedir. Amma bir daha vurğulamaq istəyirəm, mütləq nəzərə almaq lazımdır ki, indi Azərbaycanın məhz Dağlıq Qarabağdan məcburi köçkünlərinin sayı da əvvəlki qədər deyil, kifayət qədər çoxdur. Əksinə, Dağlıq Qarabağda yaşayan ermənilərin sayı azdır. Çünki onlar ağır sosial-iqtisadi vəziyyətə görə həm Dağlıq Qarabağı, həm də Ermənistanı tərk ediblər”.