Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli kütləvi informasiya vasitələrinə, sosial şəbəkə istifadəçilərinə müraciət edib. Lent.az-ın məlumatına görə, müraciətdə deyilir:
“Əziz dostlar, qardaşlar, bacılar! Ordumuz düşmənlə üz-üzə ağır əməliyyatlar aparır. Hamımız böyük ruh yüksəkliyi ilə bunu izləyirik və sonda əlbəttə ki, mütləq qalib gələcəyik. Ordu bu müharibənin döyüş hissəsini aparır. Biz hamımız bir əsgər kimi onun ideoloji tərəfini aparmalıyıq. Sosial mediada, saytlarda, mətbuatda həssas olmağa çalışmalıyıq, rəsmi məlumatlara istinad etməliyik.
Bilirsiniz ki, düşmən çalışır ki, bu cür vəziyyətdə müxtəlif şayiələr yaymaqla orduya inamsızlıq yaratsın. Biz bunu 2014, 2016 və 2018-ci ildə də görmüşük, bu yaxınlarda da müşahidə etdik. Qarabağ müharibəsinin birinci mərhələsində də şayiə üsulundan necə istifadə etdiklərini unutmamışıq. İndi də bu üsullardan sosial şəbəkələr vasitəsilə yararlanmağa çalışırlar. Müxtəlif saxta səhifələr yaradırlar. Bu işi azərbaycanlı adları ilə müxtəlif səhifələr yaratmaqla aparırlar. Bu məsələdə hamı bir nəfər kimi davranmalı, çox həssas olmalı və ordumuzu müdafiə etməliyik, döyüşən əsgərlərimizə dəstək olmalıyıq. Sosial mediada aktiv olanlar, hərbi ekspertlər, mediada bu mövzuda yazan dostlarımız kifayət qədər həssasdırlar. Onlar kimi digər vətəndaşlarımız da son dərəcə həsas olmalıdırlar. Cəbhə bölgəsində yaşayan vətəndaşlarımız da bu məsələdə diqqətli olmalıdır. Xüsusilə hərbi əməliyyatların getdiyi Tovuz istiqamətində yaşayan vətəndaşlarımızı da bu məsələdə daha həssas, daha diqqətli olmağa səsləməliyik. Çünki bəzən bilməyərəkdən yayılan informasiyalar bizim ziyanımıza ola bilər.
Şükürlər olsun ki, cəbhə bölgəsində yaşayan əhali ilə illərdir aparılan işin müsbət nəticəsi var. Dövlətin aidiyyəti qurumları bu istiqamətdə maarifləndirmə işləri aparıblar. Qazaxdan tutmuş Naxçıvana qədər olan cəbhə bölgəsində yaşayan insanlarımız artıq məlumatlıdır. Biz çalışıb etibarlı mənbələrə istinad etməliyik.
Ordumuz çox güclüdür, müasir hərbi texnikamız, peşəkar zabit korpusumuz var. Mənəvi psixoloji, döyüş hazırlığı vəziyyəti yüksəkdir.
2016-cı ilin aprel döyüşləri, 2018-ci il Naxçıvan əməliyyatı bunu təsdiq etdi. Azərbaycan ordusu istənilən prosesə hazırdır. Bütün cəbhəboyu yüksəkliklərə, mövqelərə ordumuz nəzarət edir. Düşmənin bütün təxribatlarının qarşısı alınıb, bundan sonra da alınacaq. İrimiqyaslı əməliyyatlar da başlasa ordumuz düşmənə layiqli cavab verəcək. Biz hamımız bir nəfər kimi ordumuzun yanında yer almalı və əsgər olmalıyıq.
Allah ordumuzu müzəffər etsin, qələbə bizimlədir! “