“Əks-hücum əməliyyatı nəticəsində Tərtər, Cəbrayıl və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib”.
APA-nın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.
A. Eyvazov deyib ki, müxtəlif istiqamətlərdə düşmənin aktivliyinin qarşısı alınır: “Düşmən döyüşə qadınlardan sonra qocaları göndərir. Görünür ki, bu, düşmənin sonuncu ehtiyat qüvvələri olacaq”.
Şəhər və kəndlərin Ermənistan silahlı qüvvələri tərəfindən raket və artilleriya atəşinə tutulduğunu bildirən Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, adekvat tədbirlər görülür: “Düşmənin guya Gəncədəki hərbi obyektləri vurduğu barədə xəbər tamamilə yalandır. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov qeyd edib ki, Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir”.