Oksana Məmmədova
12 yanvar 2021 11:20 (UTC +04:00)

Oksana Məmmədova

Qan xəstəlikləri, şəkər, stenokardiya ...- “Haran ağrıyır”

Başınız ağrıyır? Ürəyiniz sancır? Gözünüzdən yaş gəlir? Bəlkə qızdırmanız da var? Fərqi yoxdu, uşaq, cavan və ya qoca, insan övladı zaman-zaman səhhətində yaranan fəsadlardan əziyyət çəkir. Xəstələnir, ağrıyır və bu ağrıya qalib gəlir. Hə, məhz ağrıya.

Bəs görəsən ağrıyan nədir? Lent.az çoxlarınızın marağına səbəb olan "Haran ağrıyır?" rubrikasında növbəti məqaləni təqdim edir:

“Haran ağrıyır?” da bu dəfə boğaz ağrısından həkim-otorinolarinqoloq Oksana Məmmədova danışacaq. Boğaz niyə ağrıyır? Hansı ağrıları bozğaz ağrısı kimi tanıyırıq və bu ağrılardan necə azad ola bilərik? 

Həkimin dediyinə görə, boğaz ağrısının əmələ gəlmə səbəbləri bakterial və ya virus mənşəli infeksion iltihabi prosesslər, udlağın, qırtlağın və ətraf orqanların iltihabi xəstəlikləri, müxtəlif  törəmələrin və bu sahənin qeyri infeksion faktorlardı. "Bundan başqa burun tənəffüsünün pozulması nəticəsində ağızın daim açıq qalması və burunətrafı ciblərin iltihabi zamanı da (udlağa daim irinli ifrazatın axması) boğazda iltihab və ağrı ola bilər. Mədənin turş möhtəviyyatının mədədən boğaza qayıtması da boğaz ağrısına səbəb olur. Bundan başqa ağız boşluğunun selikli qişasının, dişlərin, damağın iltihabı xəstəlikləri, yad cismin boğaza düşməsi də (yemək zamanı) udqunma zamanı əmələ gələn deşici və kəsici xarakterli kəskin ağrı insanı narahat edir".

Həkim deyir ki, bunlardan başqa boğaz ağrısına səbəb olan xəstəliklər də az deyil. Məsələn böyrək, qalxanabənzər vəz, qan xəstəlikləri, şəkərli diabet. Boyunda və döş qəfəsində yerləşən orqanların xəstəlikləri, stenokardiya, miokard infarktı udlaqda və döşsümüyü arxasında intensiv ağrı ilə özünü boğaz ağrısı kimi “təqdim” edə bilər.

"Uzun müddətli aclıq, dietalar, həzm pozulmaları, çox həcmli mensturasiya halları orqanizmdə vitamin və mineral azlığına gətirib çıxarır ki, bu da boğazda diskomfort hissi və ağrıya səbəb olur. Orqanizmdə A, C, B12 vitamin çatışmamazlığı da boğazda və ağız boşluğunda selikli qişanın quruluq və eroziyalarına səbəb olur. Onurğa xəstəlikləri (boyun osteoxondrozu, vərəm spondiliti, radikulit) boğazda ağrı hissi əmələ gətirə bilir. Boyun nahiyəsində olan bəzi sinir nevralgiyaları əsasən də, stress faktoru olan xəstələrin boğazında ağrı yarana bilər. Konsertdə uzun müddətli ifa, tribunadan nitq söyləmək boğaz əzələlərində həddən artıq gərginliyə və ağrıya səbəb olur".

Boğaz ağrıyan zaman ilk növbədə bunun səbəbini aşkar edib aradan qaldırmaq lazımdı. Ev şəraitində isə ağrıkəsici qəbul edib, boğaza sakitlik vermək məsləhət görülür. Sonra isə ağrının səbəbinin tapılması və müalicə olunması üçün otolorinqoloqa müraciət etmək lazımdır. Əgər narahatçılığa bir başqa səbəb varsa, o zaman müvafiq ixtisaslı mütəxəssisə müraciət etmək vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3378
avatar

Nigar Adil

Oxşar yazılar