Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Türkiyənin Konya şəhərində keçiriləcək 9-cu “Min nəfəs, bir səs” Beynəlxalq Teatr Festivalına dəvət alıb. Teatrdan Lent.az-a verilən məlumata görə, aprelin 20-dən 30-dək davam edəcək festival Konya Dövlət Teatrının təşkilatçılığı ilə həyata keçirilir.
Hər il festivala Türkiyədən və dünyanın müxtəlif ölkələrindən türkdilli teatr kollektivləri qatılır. Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi iştirak üçün festivalın münsiflər heyətinə iki tamaşa – Ə. Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” və L. Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”) haqqında məlumat göndərib. Münsiflər heyəti tərəfindən qəbul olunacaq tamaşa festivalda nümayiş etdiriləcək.
Məlumat üçün bildirək ki, festivalın keçirilməsinin əsas məqsədi müasir türk teatrına yeni səhnə əsərləri, eləcə də gənc və fərqli baxışa malik insanlar qazandırmaqdır.