“... AŞK deyince ötesini arama...”
03 yanvar 2013 19:01 (UTC +04:00)

“... AŞK deyince ötesini arama...”

 

 

Yol məzarda bitməyir...

 

        Təbiblərdə əlac yoxdur yarama,

        Aşq deyincə ötəsini arama,

        Hər nesnenin bir bitimi var, amma

        Aşqa hüdud cızılmayır, Mehriban!

 

        ...Ustad Abdurrahim Karakoçun vəfatı xəbərini aldığım gün Türkiyədəydim. Sağlığında onunla görüşmək şansım olmuşdu. Onu yaxından tanımış,  söhbət etmişdim  bu sadə, səmimi, saf, təmiz, kövrək, dərin və böyük insanla, şairlə, aydınla. Onun ölüm xəbəri mənə çox pis təsir etmişdi. Böyük Türk şairi Mehmet Akif  Ersoyun da uyuduğu  Taceddin  dərgahına gedib dəfn mərasiminə hazırlıq görən ailə üzvləri ilə görüşərək, “ bu  itki təkcə ailənizin,  yaxınlarınızın, dostlarınızın deyil Türk millətinin itkisidir və  biz Azərbaycan  insanı, Azərbaycan türkləri olaraq çox üzgünük və acınızı paylaşırıq” dedim. Sonra onun şeirlərini, yaradıcılığını nə qədər sevdiyimizdən, dillər əzbəri olan Mehribandan danışdım.. Sonra gəlib sosial şəbəkədəki səhifəmdə bunları yazdım...

 

   “Mehriban, Sənsiz, Yetim, Evsiz və Sevgisiz qalacaq... Əlvida böyük Ustad! Hər zaman könlümüzdəsən! Nur içində yat!

 

   Əziz dostlar! Bu gün Ankarada Taceddin dərgahında Türk Dünyasının böyük şairi Abdurrahim Karakoçun oğlu ilə görüşdüm və həm özümün həm də bütün Azərbaycanın və Azərbaycan türklərinin başsağlığını, üzüntüsünü, kədərini oğluna və ailəsinə söylədim və səbr diləklərini çatdırdım. Böyük ustadla görüşməyi Allah mənə nəsib etmişdi və onu yaxından görən və söhbət edən biri insan kimi deyə bilərəm ki, Türk dünyası çox dəyərli bir ustadı, bir şairi itirdi. Türk Millətinin başı sag olsun. Abdurrahim Karakoçun oğluna sizlərin, Azərbaycan türklərinin böyük ustadı nə qədər sevdiyini, Mihriban’ı çoxlarının əzbərdən birdiyini söylədiyimdə duyğulu anlar yaşadı və hər kəsə bu duyğuları paylaşdığı üçün təşəkkürlərini bildirdi. Sabah böyük ustadla vidalaşma mərasimi keçiriləcək. Kocatəpə camisində cənazə namasından sonra ustad Tacəddin dərgahinda dəfn ediləcək. Azərbaycan Türklərindən imkanı olan dostlarımız böyük ustadı son yolçuluğa uğurlamağa qatılsalar çox yaxşı olardı... Hər zaman könlümüzdəsən böyük Ustad! Amma Mehriban Sənsiz, Yetim, Evsiz və Sevgisiz qalacaq...”

                                               

Səni hər zaman sevgi və sayğı ilə xatırlayacaq Qənirə Paşayeva

                                                                              

Sonra dəfndə iştirak etdik, ailəsinə, doğmalarına başsağlığı verdik... Və birdən mənə elə gəldi ki, yalnız bəlli sayda qohum-əqrəbaya deyil, bütün Abdurrahim Karakoç oxucularına, sevdalılarına başsağlığı vermək lazımdı. Mənə elə gəldi, elə mənim özümə başsağlığı verilməlidir... Hesab edirəm, bir qələm adamı üçün bundan böyük xoşbəxtlik olmaz ki, sənin vəfatın ailəndən, köyündən, şəhərindən, ölkəndən qırağa çıxa, minləri, onminləri kədərə boğa... Yazar insanları kədər boğmaq üçün yazmırlar, amma kədərlə tanışdırırlar, sevincə ümidləndirirlər... Bəlkə son Abdurrahim Karakoç kədəri də o dünyadakı sevinc üçündür... Böyük kədərin özündən sonra doğuracağı sevinc də böyük ola bilsə...

 

Abdurrahim Karakoç yaradıcılığını mən bu gözəlim şeirin - "Mehriban"ın qıpır-qıpır könlümə axışıyla sevdim.

 

İlk tanışlığımız "Mehriban"dan başladı. Sadəcə, oxumadım ki! Ruhum, duyğum olaraq bağrıma basdım, yaddaşıma köçürdüm.

 

Ayrı-ayrı misrasını yox, bütöv ruhunu, hənirini, sevgi qoxusunu ciyərlərimə çəkdim.

 

Bir daha əmin oldum ki, Türk insanının poetik ruhu bitmir, tükənmir, dağ silsiləsi kimi gəlimli ərdəmliyini hifz edir, qoruyur. Bir bulaq susqunluğundan, batışından daha coşqun bir nəhr axışı başlayır.

 

***

 

Nəyə təəssüflənəcək, nəyin qəhrini çəkəcəkdi?! Əvvəldən, ilkdən bilirdi ki:

 

        İstər yürü, istər bəklə,

        İstər çıkar, istər əklə...

        "Gec kaldım" - deyə qəm çəkmə,

        Hər varış əcələ doğru...

 

        Həyat qapısından tək-tək girişin əcələ doğru olduğunun fərqindəydi.

 

        Əvvəldən, ilkindən bilirdi ki, önü qundaq, sonu məzar hər yarışın əcələ yetməsi, son nöqtəyə, finişə çatması, durub-dayanması var.

 

        Amma yazıb-yaratdığı iman qaynağı olanların dünyası bitmir ki!..

 

        Haqq-kəlamı Quran olub, duyduğunu Qurandan duyanların sonu, axırı olurmu heç!

 

        Bütün yazdıqları, şeir-sənət dünyasının özəlliklərilə bir arada Abdurrahim Karakoç həzrəti Peyğəmbərimizin hədislərindən keçən həqiqətlərə yaxınlaşmaq çabası göstərdi.

 

        Bilirdi ki, ölməzliyin, əbədiyyətin yolçuluğu bu həqiqətlərin yolçuluğundan keçir.

 

        Sözünün, ləfzinin bir pünhan durumunda Koroğlu babamızın "Mənmi qocalmışam, ya zəmanəmi" təəssüfü yaşadı Abdurrahim Karakoç. O Abdurrahim Karakoçun ki, bizim çağdaşımız, əsrdaşımız idi. Ancaq düşüncələrində qutsal bir qədim-qayımlıq, görüb-götürmüşlük vardı. Sözünün ləngəri Dədəmiz Qorquddan, Koroğludan, Dadaloğlundan gəlirdi:

 

        Dad pozuldu, kül kokutur turşular,

        Haydutlara yataq oldu çarşılar.

        Şişkin cüzdan bir bəlayi qarşılar;

        Buynuzlar gürz oldu, qalxan dəyişdi...

 

        Abdurrahim Karakoç bu ağrılı, təəssüflü misraları yazırdı. Ancaq heç də ümid çırağının piltəsini aşağı salmırdı, ruhi dirənişi, qalxınışıyla hər cür qəzavü-qədərə dov gəlirdi. Ürəyin, düşüncənin alt qatından ürpərib keçən bir duyğusallıqla səslənirdi ki:

 

        Məzlumlar haqqını almayıb ələ,

        Günü gün edirsən zalımlar ilə.

        Evdeşim, öz qızım, öz oğlum belə

        Susarsam haqqımı halal etməsin!

 

        Gözəlimiz yer üzündə əzəl istəyi, son umacağı bu oldu Abdurrahim Karakoçun. Ruhunda, iç dünyasında cövlan edən aydınlığı ömrü boyu işığa, könül dünyamıza daşıdı, daşıdı.

       

Belə olmasaydı sözünün-söhbətinin lap əzəl başından oxumazdıq ki:

 

        Yetər ki, haqqı tut, batildən əl çək,

        Gəbərəcək yalan, öləcək gerçək.

        Törədən qopmuşlar gedəcək tək-tək,

        Görəcək bu millət biz geleceyik!

 

        Bu inam yolunda ustad şairin qayəsi ən doğruya varmaq oldu. Ən doğru olanın yolu onun üçün ilk növbədə İslam əxlaqı, İslam düşüncəsiydi. O, İslama Məcnunanə bir duyğuyla bağlıydı. Ona görə ki, ruhu pak idi, İslamı paklığın simvolu olaraq mənəviyyatının paytaxtına çevirmişdi və Məcnunanə bir dirənişlə "Mən dönmərəm bu yoldan, ölüm olsa nəsibim" duyğusuyla yaşayır, yazıb-yaradırdı:

 

        Nə deyirsə İslam dini,

        Uyacağız suç olsa da...

        Gerçəyi örtən kəfəni,

        Soyacağız suç olsa da.

 

        Alnımız ağ, üzümüz ağ,

        İslam olan olmaz qorxaq.

        Batilə batil, haqqa haqq,

        Deyəcəyiz suç olsa da!

 

        Abdurrahim Karakoç üçün düşüncə uğrunda can verilməli olan İslam dini Türk topluluğunu bir araya gətirən İlahi bir bağ, əlaqə, ünsiyyət vasitəsidir. Onun anlamında Türklük ulu Tanrısına qol açmış, əl götürmüş bir çinar kimidir. "Kökü türklük olan bu çinarın biganəlik, laqeydlik ucbatından üşüyə bilməsi əndişəsi zəruri bir təlaş, həyəcan hissiylə həmişə onu təqib etmişdi:

 

        Əzanlar buz tutmuş minarələrdə,

        Yaylalar dermiş ki, Törəmiz nerde!

        Yolların həsrətlə bitdiyi yerdə

        Hər dağ yamacında bir məzar üşür...

 

        Öz sıxıntılı, cüssəsiz cismi, eyni zamanda da sal qaya, yenilməz dağ, əzəmətli çinar durumuyla Abdurrahim Karakoç bütün üşüyən, üşüdülən könüllərin, duyğuların yanındadır. O, şair ömründən daha çox haqq mücadiləçisi, ümid, toxtaqlıq, təskinlik obrazı kimi ömr etdi, "dörd mövsüm ötede bir bahar üşür" ağrısıyla baş-başa yazıb-yaratdı.

 

        Məcnunanə eşq mövzulu şeirlərində Abdurrahim Karakoç Yunis Əmrə, Qaracaoğlan qədər həzin, kövrək, gül ləçəyi qədər zərif, incədi. Bu xüsusda "Rüzgarda uçan tük belə onun qədər xəfif deyil". Hürriyyət, mücadilə mövzulu şeirlərində isə Abdurrəhim Karakoç artıq bir qasırğa, tufan səslənişlidir. Eynilə Nihal Atsız, Cahid Sidqi Turançı, Arif Nihad Asya, Mehmet Akif ruhuyla səsləşir bu səpkili şeirləri. Ən azından Abdurrahim Karakoç Aruf Nihad Asyanın:

 

        Tarixim, şərəfim,

        Şerim, hər şeyim.

        Yer üzündə yer bəyən

        Nereyə tikilmək istərsən

        Söylə, səni oraya tikəyim -

 

        dirənişinə, yenilməzliyinə ruhu birlik edə bilir mücadilə ruhlu şeirlərində. Təpədən-dırnağa Türkçü olan Abdurrahim Karakoç irqçi olmadığı səbəbiylə bütün millətlərin, xalqların könül sirdaşı ola biləcək bir şairdi. Öz şair taleyinin zamansızlığa qovuşduğunun fərqindəydi. Heç unudulmayacaq bir xatirəsi sözümüzə şahid dururmuş kimidi...

 

        Deməli, bu olub 1970-ci ildə. Belə xatırlayır ustad: "Mən Maraşdaydım. Şevket Bulut vardı. Allah rəhmət eləsin. Söhbət edərkən qapıdan bir-iki nəfər girdi, bir yer sordular, döndülər, çıxdılar. Birisi "Ya bu Veysəl idi, - dedi, - Aşıq Veysəl". Koşdular, gətirdilər şeri. Konuşduq. "Burada da bir şair var" dedilər. "İyi bakalım, oxusun bir şerini" dedi. Mən də oxudum. Şeir bitdiyi zaman kor halıyla qalxdı, məni buldu, öpməyə başladı. "Allaha min şükür olsun, - dedi, - bu sahə boş qalıb deyirdim, boş qalmayıbmış, dolmuş, dammış". Belə dedi və nədənsə ağladı...

 

        "Cənabi Haqq bu mənəvi halları təqdim üçün onu, Abdurrahim Karakoçu seçmişdi. Boşuna ona şair deməzlərmiş ki!" - onunla sonuncu müsahibəsində belə deyir, belə yazır Doç.Dr.Mehmet Ökal!

 

        Yüzdə-yüz haqlıdı, doğru, dürüst deyir.

        İlk sevdalı anlarını ötən əsrin 70-ci illərində yaşayan Türk insanları "Gəncliyimizin marşını Abdurrahim Karakoç yazdı", - deyə xatırlayırlar. Sonra da həmin o gözəlim marşı qıpır-qıpır gümüldənirlər:

 

        Kor dünyanın göbəyinə,

        Haqq yol İslam yazacağız.

        Quşların göz bəbəyinə

        Haqq yol İslam yazacağız...

 

        Bu həmin Abdurrahim Karakoçdu ki, bütün dəyərli həyatını "bir doğrunun imanı min əyrini düzəldir" anlamıyla yaşadı, "müqəddəs divarlarda ölüm belə gözəldir" səslənişiylə türk ruhunu sardı, ona sarıldı. "Beşinci mövsüm"ün "Yasaq edilmiş röyalar"ına "Barmaq izi"ni basıb da keçdi.

 

        Haqqında daha gözəlini, doğru olanı Abdullah Gülcamal əfəndimiz bəyan edib. Olduğu kimi diqqətə çatdırmaq boynumun borcudu: "Abdurrahim Karakoç hansı mövsümdə olursa olsun həmişə, hər yerdə yalnız və yalnız dosta doğru yürüdü..."

 

        Şeirlərinin bir qismini də bu ad altında nəşr etdirmişdi. Oxuyanlar, yazdıqlarının dəyərini anlayanlar "o bizim səsimizdi, biz onun!" - deyə sözlərini meydanlarda dil-dil ötdülər:

 

        Nə sağdayız, nə solda,

        Haqq yoldayıq, haqq yolda!

 

        O gözəlim şairin dərvişlik duyumuyla alpərənlik durumu bir-birini tamamlayırdı.

 

        Dünyaya qərib gəkmişəm,

        İçim qürbət, dışım qürbət -

 

        misralarının dərvişanə ruhu 

 

        Bu hüdudu kimlər cızmış könlümə;

        Dar gəliyor, dar gəliyor, qardaşım! -

 

        üsyankarlığının ərdəmliyinə tuş idi. Birini o birini tamamlayırdı.

        Onun üçün eşq təkcə kağıza yazılası, varaqda qalası nəsnə deyildi, əzəl başdan yaşam tərzi əxlaq ölçüsü, əyarı idi. Bunu əzizdən-əziz, unudulmaz Mehribanı üçün də yazırdı:

 

        Hər nəsnənin bir bütünü var, amma,

        Eşqə hüdud cızılmayır, Mehriban!

 

        Sağ ikən bir gündə min yol ölüb-dirilməyin qəmini çəkən Abdurrahim Karakoç ölümüylə ölümsüzlük haqqını ortaya qoya bildi. Qəbir evinə aparan qafilənin yolundan-yalağasından, nəmindən-nişanından soraq verə-verə, dost-aşinanı yoxluğuna tab gətirməyə hazırlaya-hazırlaya, sanki onlara "başınız sağ olsun!" təskinliyi verə-verə əbədiyyət yolçuluğuna çıxdı:

 

        Açılmış cığırdan dosta gedəməm,

        Ayaklarım izə sığmaz, ölürüm.

        Bir dərdim var - yer götürməz düşüncə,

        Bir dərdim var, yüze sığmaz ölürüm.

 

        Abdurrahim Karakoç heç bir halda öz iş dünyasının azadlığını, hürriyyətini ruzigarın, olacaqların qəzavü-qədərin ayağına vermədi, vətəndaş susqunluğu üçün bəraət səbəbi axtarmaq qayğısına qalmadı. O, dünyaya hürr gəldi, hürr yaşadı, dünyadan da gedəndə hürr getdi. Öz misraları özünə başdaşı kimi dikəldi:

 

        Məzlumlar haqqını almayıb ələ,

        Günü gün edərsən zalımlar ilə.

        Evdeşim, öz qızım, öz oğlum belə,

        Susarsam haqqımı halal etməsin!

 

        Sağlığında üfüqlər düşüncəsinə dar gəlirdi. Hər dürlü hüdudlar yad idi ona. Aşiqliyi ilə aşıqlığı xəncərə gümüş kimi yaraşırdı bir-birinə. Birinin çəkdiyini birinin söylədiyi gözəldən-gözəl ifadə edirdi:

 

        Yar deyincə qələm əldən düşüyor,

        Gözlərim görmüyor, aklım şaşıyor.

        Lambada titreyen alev üşüyor,

        Aşq kağıza yazılmıyor, Mehriban...

 

        Qələmdaşı Doğan Ürgürün doğru-dürüst müşahidəsi kimidi: “Sözünün üstünə söz gətirir, sayə salır: "Bütün həyatı boyunca təvazökarlığın Abdurrahim Karakoç üçün geyilmiş bir libas deyil, haqq edilmiş bir xarakter olduğuna şahid olduq".

 

        Doğan Ürgür doğru olanı söyləyir, düzünü deyir. Özü də darılmadan, həsədsiz-filansız. Yüzdə-yüz haqlıdı ki, Abdurrahim Karakoçun vəsf etdiyi gözəl Mehribanın özü belə artıq onun üçün sadəcə bir sevgili deyil, əslində Türk insanının, Türk millətinin simvolu, mücəssiməsidir.

 

        Abdurrahim Karakoç kimi könül adamları bilmərrə gömülmür qəbir evinə, daha çox "gedirlər məqama ərzi-hal üçün...". Qələm dostu Erdal Noyan demiş, könül adamıydı başdan, binədən. Bir az da sinirli, əsəbi idi.

 

        Bunu Hakkı Oznur da yazır. Ancaq şərhinə də gecikmir: onun övkəsi möminlərə qarşı deyil, zalımlara və küfrə meydan oxuyurdu!"

 

        Abdurrahim Karakoç haqq dünyasına torpağa gömülürmüş kimi yox, sevdiklərinin, mübarizə arkadaşlarının və "Həzrəti Peyğəmbərimizin ziyarətinə getdi" deyənlərin könül ortağıyıq.

 

        Məmləkətinin əhvalı Abdurrahim Karakoçun "Həsənə məktub"undan keçdi. Ürəyi lampada yanan alov kimi titrtəyən aşiqlərin dili "Mehriban"a açıldı.

 

        Abdurrahim Karakoç "Eşq təmiz, kin rəzil, iman böyükdür; Ölüm haqq, cihad fərd, qorxu bir yükdür" səslənişiylə qos-qoca Dədəmiz Qorquddu ki, çağdaşlığımızın göz önündə adına-sanına ehtiramla baş endirib, bağır basırıq. Onun "Həsənə məktub"unun könül ürpərtisi Yunus Əmrədən, Dadaloğlundan qopub gəlməkdədi:

 

        Soysuzlar daş atar müqəddəlata

        Qarşı durammasaq bizdədir xata.

        Təhammül teşvikdir böylə həyata

        Öl!.. İnsan kiçilməz ölümə, Həsən!

 

        Abdurrahim Karakoç sonu əvvəldən bilirdi. Və bildiyi üçün də bir üz saxlayırdı əvvəldən sona. Başdan, binədən qos-qoca bir dünyagörmüşlüklə sona meydan açmağı vardı. Söylədiklərimizə özünün dost-doğma misraları şərik:

 

        Bir əl yapar, bir əl pozar,

        Gün alçalır, kölgə uzar...

        Önü qundaq, sonu məzar

        Hər yarış əcələ doöru!

 

        Ömrü boyu gözə yox, könülə girməyin, qəlbə köçməyin fəlsəfəsiylə yazıb-yaratdı Abdurrahim Karakoç. Böyük ustadları Mövlanə Cəlaləddin Ruminin, Məhəmməd Füzulinin, Dadaloğlunun da ömür yolunun könüldən-qəlbdən keçib-gəldiyinin fərqindəydi. Əzəldən könül yolçusuna xətər olmadığnı bilirdi. Səsini, səslənişini böyük ustadlarının məramına, məqsədinə kökləmişdi. İnamla bəyan edirdi ki, "Sana geliyorum, sana, ya Hakk!"

 

        Bu diləyin Abdurrahman Karakoç aqibətindən kənarda başa gəlmək, hasilə yetmək yollu varmı heç?  

 

        Könül, duyğu babası Abbas Tufarqanlı XVII əsrin əvvəllərində ömürlə-günlə, baxtla-vaxtla, zamanla-taxtla olan qovğasını ala gözlü, qələm qaşlı Pərisiylə bir arada, xəyali həsbü-halıyla yönbəyön edirdi. Yazırdı ki:

       

        Abbas gətirildi dar ayağına,

        Xına tək yaxılan yar ayağına.

        Yoxsulu çəkərlər var ayağına,

        İndi mənim kimi mərdə gül, Pəri...

 

        Təkcə ala gözlü, qələm qaşlı bir xəyali, pünhan, gözəlim, sevgili yarın obrazı deyildi ki, bu nazənin Pəri; onda qalmış Abbas Tufarqanlı "dərdindən ölürəm halım fənadı", "Gəl görüş yerinə səhər olunca" yazardı. Yoxsa ağayla, yoxsulla, dar ağacıyla nə işi, sözü-söhbəti ola bilərdi? Belədə Pəri həm də dönük zəmanənin, bivəfa taleyin, bəxtin obrazı idi. Eyni dərəcədə ismi-pünhan idi, eyni dərəcədə əhatəsində yaşadığı cəmiyyətin, ömrü hər addımbaşı təhdid edən ölüm-itimin, dünyanın gəldi-gedərliyinin obrazı, şəkli idi:

 

        Sarı saçlarına dəli könlümü,

        Bağlamışam, çözülmüyor, Mehriban.

        Ayrılıqdan zor beleme ölümü,

        Görmeyince sezilmiyor, Mehriban.

 

        Yazı-pozusunda, şeir-sənət dünyasında bu qədər duyğulu, eyni dərəcədə də övkəli, sinirli, hirsli-hikkəli olan Abdurrahim Karakoçun gerçək həyatından dostlara bəlli, diqqətlə nəzər yetirməyincə hiss olunmayacaq durumu, davranışı olması çox maraq çəkir. Sanki çölüylə içi heç uyuşmur. Xəyal edirəm. Sevinc Çokumun kövrək bir xatirəsiylə baş-başayam: "Bir şeir şölənidi... Xalq ozanı Kadırlili Xəlil Qarabulut çox maraq etdiyi Abdurrahim Karakoçun kimliyini sorur.

        - Yahu, bu Abdurrahim Karakoç kim? Adını çox duydum, üzünü heç görmədim!

        - Aha, - demişlər, görmürsənmi yanında oturub.

        Qarabulut bu kirimiş, səssiz-səmirsiz adama aşağıdan yuxarı baxmış da:

        - Allah, Allah! - demiş. Ocağın batmaya, dünyaya meydan oxuyan məşhur Abdurrahim Karakoç  bumu? Breh, babam, mən də səni şam ağacı kimi biri sanırdım...

 

        Bu qəribə heyrət önündə Abdurrahim Karakoç  heç də qızmamış, sınırlanmamışdı, gülümsər könlüylə, təbəssümüylə qucaq açmışdı.

 

        Xarakterinin bu bənzərsiz məqamlarıyla Abdurrahim Karakoç gözəlimiz Türkiyədə dindardan, milliyyətçiyə qədər bütün tərəflərin eyni dərəcədə ehtiramla qiyaslandıra bildikləri böyük bir şair, fikir adamıdır.

 

        Ötən əsrin 70-ci illərində Türkiyə gəncliyinin marşını Abdurrahim Karakoç yazmışdı. Eyni zamanda o, AKTİ qəzetçisi-yazarı kimi sevilirdi.

 

        Elə həmin o ötən əsrin 80-ci illərində artıq Abdurrahim Karakoç tam bir milliyyətçi mühafizəkar idi. Yaşar Okuyan MHP mitinqlərini Abdurrahim Karakoçun şeirlərilə coşdurur, dalğalandırırdı.

 

        Türk Dünyasının böyük aydınlarından, gözəl insan, siyasətçi Muhsin Yazıçıoğlu Abdurrahim Karakoçun hər zaman yüksək qiymətləndirir, çıxışlarında onun yaradıcılığından örnəklərə yer verirdi.

 

    Türkiyənin Başbakanı Receb Tayyip Erdoğan bu böyük şairin itkisindən "Üfüqümüzü zənginləşdirən bir abimizi itirdik" deyə bəhs edir, çıxışlarında onun şeirlərindən nümunələr gətirir..

 

        Həyat qapısından tək-tək,

        Hər giriş əcələ doğru.

        Torpaqda sürünür bəbək,

        Hər qarış əcələ doğru.

 

        Cümhurbaşqanı Abdullah Gül Abdurrahim Karakoçu ölkəsinə, millətinə və ideallarına sadiq bir şair-vətəndaş olaraq yad edir.

 

        TBMM başqanı Cəmil Çiçək Karaqoçdan Türk ədəbiyyatının seçilmiş isimlərindən biri kimi söz açır.

 

        Professor - doktor İsgəndər Pala üçün Abdurrahim Karakoç böyük şeir yolçuluğunun xəyalla-gerçəklik arası dünyasına incə bir zövqlə min bir naxış, süsləmə vura bilən Türk-İslam kimliyində idsam evaddı.

 

        Bu da Kılıçdaroğlunun "Zaman" qəzetinin "Cənaze törəninin sürprizi" deyə başlığa çıxartdığı daha ərdəmli münasibət haqqı: "Karakoç Andoludur!"

 

        Çağdaş Türk poeziyasının bənzərsiz şəxsiyyətlərindən biri olan Yavuz Bülent Bakiler bu münasibətlə əslində bütün Türk dünyasının Abdurrahim Karakoç sənətinə bəslədiyi sayğını ifadə etmiş olur: "O sadəcə günümüzün deyil, son yüzilliyimizin ən qüvvətli, ən igid, ən milli xalq şairlərimizdən biri olaraq içimizdədir..."

 

        Abdurrahim Karakoç həmkarı Nurullah Gəncin təbirilə desək, öz şair ömrünü qəhrəmancasına bir mücadilə çevrəsində əbədiyyətə qovuşdura bildi, heç vaxt adiləşmədi. Bu baxımdan da gələcək yüzilliklərdən heç bir unutqanlıq yarası ala biləcəyi qorxusu yaşamadı. O, belə bir yaranın acısını yaşamayacaq böyük söz ustalarından biridir.

 

        Abdurrahim Karakoç müdhiş bir təvazökarlıq və səmimiyyət abidəsi idi - bunu qələm qardaşı Mustafa Özçelik də yazmaqdadı.

 

        Abdurrahim Karakoç eşq və təbiət haqqında yazdığı şeirlərilə Qaracaoğlandan heç də geri qalmayan bir şair taleyi yaşadı. Həmkarı Arif Ay da fərqindədi ki, Qaracaoğlandan, Dadaloğlundan, Ərzurumlu Əmrahdan, Bayburtlu Zihnidən sonra heca vəznində şeir yazmağa nə ehtiyac qalır deyənlərin ən yaxşı cavabını Abdurrahim Karakoç verdi. Nedidən, Seyranidən, Dərdlidən geri qalmadı. Əhməd Taşgətirən demiş, sevdasıyla, acısıyla, hüznüylə, sistemə öfkəsiylə, yolsuzluqlara, əxlaqsızlıqlara üsyanıyla bir Anadolu ürəyi qoydu ortaya. Onun sənət, həyat, ömür mücadiləsi "bir iman hərəkətidir və təməlində haram-halal ölçüsü dayanır" (Əli Akbaş).

 

        ***

 

        Abdurrahim Karakoç eşqdə Məcnun ağlı yaşadı... Sevdi, unutmadı...

 

        Onun Məcnunanə aşiqliyi siyasi çevrələrin köynəyinə dar gəldi, tablamadı, heç vəchlə qalıb qalanlara tay ola bilmədi.

 

        Məcnunanə aşiqliyi Dədə Qorqud ərdəmliyinə yetdi, qovuşdu. Bütün dönəmlərin, öncəgörməsini zikr edib vardı axirət evinə. Yolu məzarda bitənlərdən olmadı. Dünyanı bizə əmanətləyib getdi. Özü dediyi kimi:

               

        Heç biriniz təlaş etməsin boşa,

        Doyacaq gözünüz torpağa, daşa...

        Məni inancımla qoyun baş-başa,

        Topyekun dünyanı sizə burakdım...

 

        Abdurrahim Karakoç öylə təmizlənib köçdü məzara, torpaq incimədi ondan, bilirəm.

***

        1932-ci ilin nisan ayında Kahramanmaraşın Ekinözü ilçəsində dünyaya başlayan yolçuluğu 2012-ci ilin haziran ayının 7-də Ankarada Qazi Universitetinin Tibb fakültəsi xəstəxanasında yoğun baxımda ikən başa çatdı. Bir böyük sənətkar ömrünün fiziki hissəsi bitdi. Yoğun dünyadan yorğun getdi ustad. Amma bu yoğunluq fiziki anlam deyil, bəlkə daha artıq dərəcədə mənəvi anlam daşıyırdı - dünyanın, insan(lığ)ın, sənətin (sənətin) halına biganə olmayan, biganə ola bilməyən yanar ürək sahibi dünyanın bu günündən necə razı gedə bilərdi, necə razı olardı?! Sanki dünyanın düzələcəyinə bəslədiyi böyük inam, ümid onu 80 yaşınadək gətirib çıxarmışdı. İnanırdı, inanırdı və inandırırdı... Amma yenə olmadı, bu dəfə də olmadı və daha bir yanar ürək, daha bir qələm adamı həyata gözlərini yumdu... Arzuladığı dünyanı görməməyə təhəmmülü qalmamışdı, elə bil... arzuladığı dünyada yaşamaq istəyirdi və bu əgər əbədi yuxu ilə mümkün idisə, o, bunu etməliydi. Etdi də!..

       

***

        Necə deyərlər, dədədən, babadan şair idi Abdurrahim Karakoç. 1964-cü ildə 10.000 nüsxə ilə nəşr olunan (özü də, nə təsadüf ki, "Fədai" adı daşıyan yayın evində), qısa zamanda tükəndiyindən yenə 10.000 ədəd çıxarılan "Həsənə məktublar"la başlayan kitablı yolçuluq söz-söz, misra-misra, vərəq-vərəq, kitab-kutab yaddaşlara çökdü, ömürlərə köçdü...

 

        Onun haqqında deyirlər ki, ömrü boyu heç bir iqtidarla barışıq içində olmadı... Onun mübariz şeirlərinin çoxluğu şərtlərdən, dövrdən, zamandan qaynaqlanmışdı. Həcvlər yazardı, məhkəmələrə verilərdi, hamısından da bəraət alardı, özü də vəkil tutmadan... Mən onu Türkiyə oxucusuna tanıtmaq istəmirəm, təbii - buna ehtiyac yoxdur, mən sadəcə olaraq, ustad həyatının, özkeçmişinin bizlərdə də bilinən hadisə olduğunu ifadə etmək istərdim.

 

        Onun şeirlərində əsas varlıq İNSANdır... Bu İNSANı onun ilginc adlar daşıyan yayın evlərində - "Sərdənkeçdi", "Törə-Dövlət", "Ocaq", "Yeni Düşüncə", "Yenisey", "Alpərən"də... çıxmış 12 kitabında görmək olar: necə idi, nə düşünürdü, nə düşündürürdü?!

 

        Abdurrahim Karakoç yazdığı və ünlü ozan Musa Əroğlunun möhtəşəm ifasında dillər əzbəri olan "Mihriban" ("Mehriban") şeirini - o gözəlim şeiri dinləmisinizmi?

 

        "...Lambada titreyen alev üşüyor

        Aşk kağıda yazılmıyor, Mihriban".

        "...Seneler asırlar değişse bile

        Eski töre bozulmuyor, Mihriban".

        "...Aşk deyince ötesini arama..."

        "...Kar koysan köz olur aşkın külüne..."

        "...Tarife sığmıyor aşkın anlamı..." misraları ilə süslənmiş şeiri...

 

        Onun İNSANı eşqli insandı, ruhu insandı, inanclı insandı... Onun əbədi qəhrəmanı. Yaratdığı obrazlar toplumun vicdanı olan, xarakteri olan İNSANdı. Allah sənə rəhmət etsin böyük Ustad!

 

   P.S  Fevral ayının əvvəlində rəhbərlik etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-i Abdurrahim Karakoçun Bakıda böyük gecəsini keçirəcək. Tədbir bütün Abdurrahim Karakoç sevərlər üçün açıq olacaq. Ustadın yaradıcılığı ilə daha yaxından tanış olmaq istəyən hər kəs iştirak edə biləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2642
avatar

Qənirə Paşayeva

Oxşar yazılar