Teatrlar  yeni mövsümə   necə hazırlaşır? - Yarımçıq qalan tamaşalar, premyera...
28 sentyabr 2021 18:12 (UTC +04:00)

Teatrlar yeni mövsümə necə hazırlaşır? - Yarımçıq qalan tamaşalar, premyera...

İki ilə yaxındır ölkədə pandemiya səbəbi ilə mədəniyyət müəsissələrinin əksəriyyəti fəaliyyətini dayandırmışdı.

Sentyabrın 24-də  Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə oktyabrın 1-dən ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də kinoteatrların, teatrların, fəaliyyəti bərpa ediləcək.

Maraqlıdır, 17 aydan sonra teatrlar yeni mövsümə necə hazırlaşır, tamaşaçılar uzun zamandan sonra teatrda hansı yeniliklərə şahid olacaq, premyeralar gözlənilirmi?

Teatr rəsmiləri bütün bu suallarımızı cavablandırmağa çalışdılar.

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirib ki, pandemiya səbəbindən teatrın bir çox planı təxirə düşüb. 

“Akademik Milli Dram Teatrının çoxlu layihələri var idi. Məhz karantin rejimi ilə bağlı onlar təxirə salındı. Məsələn, yerli və beynəlxalq qastrol səfərlərimiz, premyeralarımızın hamısını ertələməyə məcbur olduq.

Oktyabrın 1-də teatrların fəaliyyəti bərpa olunduqdan sonra cari repertuarda olan tamaşalar yenidən məşq olunmalıdır. Artıq 17 aydır ki, bu tamaşalar oynanılmır. İlk növbədə repertuarda olan tamaşalar bərpa olunacaq. Daha sonra yeni tamaşaların məşqi ilə bağlı düşünəcəyik. Oktyabrın 1-dən etibarən əvvəlcə “Ölülər”, “Almaz”, “Cəhənnəm sakinləri”, “Qətibə İnanc”, “Xanuma” və başqa tamaşalar nümayiş olunacaq.

2020-ci ilin mart ayından bir yarımçıq tamaşamız qalmışdı. Ölkədə karantin rejimi elan olunduğundan məşq prosesini saxladıq. Bu məşhur italyan yazar, dramaturq Eduardo De Filipponun əsəri idi. Teatr fəaliyyəti bərpa ediləndən sonra ilk işlərimizdən biri həmin tamaşanın məşqlərini bərpa etmək və premyerasını keçirməkdir.

Vətən müharibəsində qazandığımız Böyük Zəfərlə bağlı yeni tamaşanın təqdim olunması da nəzərdə tutulub. Bununla bağlı müəyyən addımlar atılıb. Yəqin ki, noyabr ayından yeni tamaşalarla bağlı işlər görüləcək”.

Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Pərvin fasilədən sonra yenidən doğma məkana qayıtmağın məsuliyyətinin ikiqat olduğunu qeyd edib:

“Hər zaman tamaşaçılarımızın öyrəşdiyi o səviyyə, keyfiyyət və peşəkarlıq fasilədən sonra daha üstün təqdim olunmalıdır. Teatrımız hər mövsümü tamaşaçılar yeniliklərlə qarşılayır. Bu dəfə də ənənəmizə sadiq qalacağıq. Yeni mövsümdə gənc rejissorumuz Ayla Osmanova yazıçı Pərviz Seyidlinin pandemiya mövzusunda olan “Mələk” adlı pyesinə quruluş verir.

Pyes teatrın koronavirusla bağlı élan etdiyi müsabiqədə qalib olmuşdu. Artıq tamaşanın məşqləri başlayıb. Sərt karantin zamanı məşqlər onlayn şəkildə aparılırdı. Yaxın gələcəkdə tamaşanın premyerası gözlənilir.

Pandemiyadan öncə məşqləri yarımçıq qalmış bir neçə tamaşamız var idi. Hazırda onların tamamlanması istiqamətində işlər aparırıq. Bunlardan biri İsmayıl İmanın “Balaca yaramaz məxluq” əsəri əsasında respublikanın Əməkdar incəsənət xadimi, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhrəm Osmanovun quruluş verdiyi tamaşadır. Pandemiyadan öncə məşqlər başlamışdı. Ölkədə elan olunan sərt karantin rejimi ilə əlaqədar məşqlər onlayn davam etdirildi. İndi isə normal məşqlər davam edəcək və yaxın gələcəkdə həmin tamaşanın premyerası olacaq. Rejissor Elşad Rəhimzadə Redyard Kiplinqin “Mauqli” əsəri əsasında uşaqlar üçün son dərəcə əyləncəli səhnə əsəri də hazırlayır.

Ölkədə ilk dəfə “Bəbə səhnəsi” Gənc Tamaşaçılar Teatrının səhnəsində qurulur. “Bəbə səhnəsi”ndə 10 aylıqdan 2 yaşa qədər olan uşaqlar üçün tamaşalar nəzərdə tutulur. Yəqin ki, yaxın zamanlarda “Bəbə səhnəsi”ndə qurulan tamaşalar körpələrimizə təqdim olunacaq”.  

YUĞ Dövlət Teatrının ədəbi hissə müdiri Elçin Cəfərov iki illik qapanma müddətindən sonra teatr yenidən tamaşaçıları ilə görüşmək imkanı qazandığını və bu imkandan maksimum effektiv şəkildə yararlanaraq, fasilənin yaratdığı fəsadları qısa zaman ərzində aradan qaldırmaq üçün kollektivin intensiv məşq proseslərinə başlayacağını bildirib:

“Təəssüf ki, bu gün YUĞ Dövlət Teatrının inzibati binası yoxdur və teatr müvəqqəti olaraq, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında məskunlaşıb. Öz binasının, əlverişli səhnəsinin və yetərli texniki imkanlarının olmaması teatrın tam gücü ilə fəaliyyət göstərməsinə mane olur. Ümid edirik ki, qısa müddətdə teatrın bina problemi aradan qalxar və bütün layihələrimizi uğurla həyata keçirə bilərik. Ancaq bütün məhdudiyyətlərə baxmayaraq, YUĞ Teatrı yaradıcı fəaliyyətini davam etdirir və maraqlı işlərlə tamaşaçılarını sevindirir. Oktyabrın 1-dən pandemiya şərtlərinə, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, sosial məsafənin qorunması kimi qaydalara əməl etməklə teatrın fəaliyyəti bərpa olunacaq. Təbii ki, əvvəlcə repertuarda olan istehlak müddəti başa çatmayan tamaşaların bərpasından başlamaq lazım gələcək.

Rəhbərliyin qərarına əsasən, repertuardakı 8 tamaşanın yenidən bərpası nəzərdə tutulub. İlk növbədə, pandemiyadan öncə hazırlanan, amma qapanma səbəbindən premyerası baş tutmayan “Kloun Biz” tamaşasının bərpası və tamaşaçılara təqdim olunması planlaşdırılır. Matey Vişnekin “Qoca kloun tələb olunur” pyesi əsasında Mikayıl Mikayılovun hazırladığı tamaşada teatrın sənətçiləri Natəvan Qeybani, Zümrüd Qasımova və Təranə Ocaqverdiyeva çıxış edir. Mövsümün sonuna qədər yeni tamaşanın hazırlanması da planlaşdırılır”.

Akademik Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova 112-ci mövsümə hazırlaşdıqlarını qeyd edib:

“Azərbaycan Dövlət Akademik Musiqili Teatrı pandemiya səbəbindən yaranan uzun fasilədən sonra yeni mövsümə böyük həvəs və məsuliyyətlə hazırlaşır.

İlyarım onlayn rejimdə çalışan teatr təbii ki, birdən-birə kütləvi tamaşaların nümayişinə başlaya bilməz. Bunun üçün yaradıcı və texniki heyət, ümumiyyətlə, bütün teatr kollektivi müəyyən hazırlıq mərhələsindən keçməlidir. Oktyabr ayının 1-dən sonra  tamaşalar üzərində məşqlərə və bərpa işlərinə başlanılacaq. Bütün bu proseslərdən sonra numayişini nəzərdə tutduğumuz tamaşalar haqqında sosial şəbəkə hesablarımızda  teatrsevərlərə ətraflı məlumatlar veriləcək. 

Tamaşaçılarımızın teatra girişinə "Covid" pasportla icazə veriləcək, onlardan pandemiya qaydalarına, sanitar-gigeyenik normalara ciddi əməl etmələri, maska taxmaları,  tamaşa zalında oturacaqlararası məsafəni gözləmələri tələb olunacaq.

Ümid edirik ki, bütün çətinlik və maneələrə baxmayaraq, tezliklə təxirə salınmış  bir çox layihələrini yenidən reallaşdıracaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4077
avatar

Nigar Adil

Oxşar yazılar