Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Ramiz Məlikaslanov
01 aprel 2021 13:37 (UTC +04:00)

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Ramiz Məlikaslanov

Qarabağ simfonik orkestri yaradılsın - Xalq artistindən TƏKLİF

Dirijor, Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Ramiz Məlikaslanov Qarabağ Simfonik Orkestrinin yaradılması təşəbbüsünü irəli sürüb.

Lent.az Kinematoqrafçılar İttifaqının saytına istinadən bildirir ki, R.Məlikaslanov çoxdan belə bir arzusu olduğunu deyib. Onun fikrincə,Qarabağ Simfonik Orkestri yaratmağın vaxtı çatıb:

“Orkestri sıfırdan yaratmaq çox çətindir, ancaq mənim belə bir fikrim var. Vaxtilə, 1970-ci illərdə Azərbaycan hökumətinin qərarı ilə Radio və Televiziyanın Simfonik Orkestri yaradıldı və onun ilk rəhbəri və yaradıcısı mən oldum. 1970-ci ildə biz birinci dəfə bir yerə yığışdıq, 1971-ci ildə isə ilk konsertimizi verdik. Bu il bu orkestrin 50 yaşı tamam olur. 80-ci illərdə orkestr Böyük Niyazi ilə birlikdə ölkənin bütün əhəmiyyətli musiqi tədbirlərində bərabər çıxış etmişdir. Yaxşı kollektiv formalaşmışdı, hazırda isə orkestr acınacaqlı şəkildədir. Mən gedəndən sonra orada bir neçə dirijor dəyişildi. Bu baxımdan düşünürəm ki, bu orkestrin bazasında Qarabağ Simfonik Orkestri yaratmaq olar. Bu Orkestri yeniləyərək Qarabağımızı təcəssüm etdirən, müxtəlif festivallarda, tədbirlərdə iştirak edəcək, qədim torpağımızı və musiqi irsimizi layiqincə təmsil edən Qarabağ Simfonik Orkestrinə çevirmək lazımdır”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Ramiz Məlikaslanovun Qarabağ Simfonik Orkestri yaratmaq təşəbbüsünü bəyənib və hamını onu dəstəkləməyə çağırıb:

“Azərbaycanın ən nəcib nəsillərdən birinin nümayəndəsi olan Ramiz Məlikaslanovun müsahibəsini böyük məmnuniyyətlə oxudum. Türkiyədə və ondan kənarda  tanınmış simfonik orkestrin yaradıcısı və rəhbəri, mənim dostum, görkəmli dirijor, ən məhşur musiqiçilərin vətəni olan Qarabağda, Azərbaycan simfonik musiqisinin ən yüksək nailiyyətlərinə layiq orkestrin yaradılması təşəbbüsü göstərib.

Ümidvaram ki, Ramizin təşəbbüsü dəstəklənəcəkdir. Bilirəm ki, mədəniyyətimizin rəhbərləri, həm keçmiş, həm də hazırda olanlar yuxarıdan göstəriş almadan hərəkət etmirlər. Bəlkə də, dəfələrlə olduğu kimi, Ramiz Məlikaslanovun təklifi barədə məlumat “qərarların qəbul edildiyi səviyyə”yə çatacaq  və ordan qazandığımız qələbənin təsdiqi kimi Qarabağ Simfonik Orkestrinin yaradılmasına göstəriş veriləcək.

Mədəniyyət xadimlərini, xüsusilə musiqiçiləri, Ramiz Məlikaslanovun təşəbbüsünə qoşulmağa çağırıram!"

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2448
avatar

Nigar Adil

Oxşar yazılar