Əbülfəs Qarayev Sami Yusiflə görüşdü – FOTO
20 iyul 2012 16:12 (UTC +04:00)

Əbülfəs Qarayev Sami Yusiflə görüşdü – FOTO

İyul ayının 20-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünya şöhrətli, Azərbaycan əsilli müğənni və bəstəkar Sami Yusiflə görüb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sami Yusif Azərbaycana səfərinin əsas məqsədini açıqlayaraq bildirib ki, məşhur "Küçələrə su səpmişəm" xalq mahnımızı ifa etmək və klip çəkdirmək niyyətindədir. Ölkəmizin mədəniyyət, təbiət və tarixi abidələrinə heyran olduğunu deyən qonaq, müasirlik və tarixiliyi bir arada birləşdirən Azərbaycanın dünyada, Avropada, Amerikada daha geniş tanıdılmasına töhfə vermək istədiyini vurğulayıb.


Müğənninin layihəsini bəyəndiyini bildirən nazir Əbülfəs Qarayev Sami Yusifin dünya miqyasında aktiv musiqi fəaliyyətini xüsusi qeyd edərək, onun Azərbaycanla bağlı əməkdaşlığının gələcəkdə davamlı olacağına ümid etdiyini deyib. Qeyd edilib ki, çəkiləcək klip Azərbaycanın görməli yerlərini əks etdirməklə ölkəmizin turizm imkanlarının təbliğinə də xidmət etmiş olacaq.


"Küçələrə su səpmişəm" mahnısını artıq ingilis dilinə tərcümə etdiyini və ilkin versiyanı hazırladığını nəzərə çatdıran müğənni, mahnını ingilis dilində ifa edəcəyini, eyni zamanda, bir bəndi doğma Azərbaycan dilində oxuyacağını bildirib.


Mahnıya çəkiləcək klipdə Azərbaycanın təbiəti, tarixi məkanları əksini tapacaq. Klipin müştərək çəkilməsi nəzərdə tutulur. Görüşdə mahnının yazılması və klipin çəkilməsi ilə bağlı texniki məqamlar da müzakirə olunub.

Nazir ad günü münasibəti ilə Sami Yusifi təbrik edərək, ona gələcək işlərində uğurlar arzulamış və Azərbaycanla bağlı maraqlı layihələrə imza atacağına ümid etdiyini bildirib.

Jalə
# 1761

Oxşar yazılar