Əkrəm Əylisli: “Moskva məni bir vaxt görməsəydi, Bakı heç vaxt görməyəcəkdi”
02 oktyabr 2009 11:15 (UTC +04:00)

Əkrəm Əylisli: “Moskva məni bir vaxt görməsəydi, Bakı heç vaxt görməyəcəkdi”

Patriarxla ömrümüzün və yaşadığımız ilin payızında yağışla yuduğumuz dərdlər

Əkrəm Əylisli – mənim üçün dünya ədəbiyyatına məxsus imzadır! Yazıçı mənsubluğunun adlıq halı heç bir halda dəyişmir!

Zaman, dövr, titul, rütbə, mənsəb Onu patriarx ucalığındakı yiyəlik mənsəbindən tərpədə bilmir!
Konyunktura onun yönü deyil!
Volyuntarizm Onu yerliyindən dəbərdib uda bilmədi!
Postmodernizm Onda eymənmə, xof yaradaraq təsirləndirmədi!
İçindəki müstəqillik ondan sonra onun ölkəsinə və ədəbiyyatına gəldi!
Çıxışı ədəbiyyatadır - böyük sözə və dünya ədəbiyyatına!
Çünki Əkrəm Əylisli hər zaman dövrünün cazibədar və dəyərli əsərlərini yazıb!
Elə buna görə də Qələm və Söz iddialısı olduğu gündən dövrünün söz mülkündəkilərin hamısının isti aşına soyuq su, şirin ikiseriyalı yuxularına haram qatmış cəngavər kimi yadımızda qalıb, qalır və qalacaq!
Qeyri-standart düşüncələri, naqəfil çıxışları, eyni zamanda dövrünün və özünün sahibi olmaqla, yorulmadan yazan və mübarizə aparan söz patriarxı!
Yəqin ki, Əkrəm Əylislinin istər ədəbiyyata, istər publisistikaya, istərsə də ictimai birgəyaşayış və siyasi düşüncəyə hesablanan fikirlərinə heç kim etiraz eləməz! Eləyə bilməz!!!
Əkrəm Əylisli yaratdıqlarıyla yüksələn və etiraf olunan yazıçıdır - təəssüfləndirici məqam odur ki, onu bu yüksəklikdə öz xalqı yox, özgələr görüb!
Əylisdən təzəcə gəlmiş Əkrəm müəllimi evdən çıxaran zəngim oldu - babalı öz boynuna, özü belə başladı söhbətə.

- Öncə icazə ver özümün ağsaqqallıq hüququmdan bir balaca istifadə eləyim. Sənin məndən əvvəl söhbətə çəkdiyin Pərvizin və Elnur Astanbəylinin ədəbiyyat barədə dediklərinə münasibət bildirim. Pərvizlə söhbətin mənə isti təsir bağışladı. Hər halda məni üşütmədi. Pərvizi çoxdan tanıyıram. Ruhi dünyası, mənəvi ağrısı olan adamdır. Səmimiliyinə də şübhəm yoxdur. Ancaq məndən danışdığı yerdə bir azca anlaşılmazlıq var. Dostumuz deyir ki, Əkrəmin hansısa yazısını oxuyub, ağladım, amma dünya miqyasına çıxmaq üçün burası həlledici deyil. Axı mənim dünyanın 20-dən çox ölkəsində ayrıca kitablarım nəşr olunub: Daşkənddən Tallinə, Tallindən Budapeştəcən. Moskvada çıxan kitablarımın tirajı küll halında bəlkə milyona çatar. Polşada 3 kitabım nəşr edilib. Özü də Sovet hökumətinin sifarişi ilə çıxmayıb. Bu kitabları polyak dilinə çevirən Henrika Broniatovska Soljenitsının, Buninin, Bulqakovun tərcüməçisidir. Benqal dilindən tutmuş alman, fransız, ingilis, ispan dillərinəcən bəlkə 40 dildə müxtəlif povest və hekayələrim çap olunub. 5-10 il bundan qabaq Gürcüstanda çıxan bir antologiyada Dostoyevskinin, Şoloxovun, Hovanes Tumanyanın və Çingiz Aytmatovun əsərlərilə bir sırada mənim əsərim də yer alıb. 1987-ci ildə Mehmet Özgülün tərcüməsində İstanbulda çıxan başqa bir kitabda Lermontov, Korolenko, Platonov kimi nəhəng ədiblərin əsərləri arasında mənim də bir əsərim özünə yer tapa bilib. Belə isə Pərviz qardaşımız üçün “dünyaya çıxmaq” bu deyilsə, bəs nədir görəsən? Burası başqa məsələdir ki, özümün yeni yazılarımı mən hələ ki, tərcümə etdirməmişəm. Bu işdə bir müddətliyə deyək ki, “taym-aut” götürmüşəm. Bu boşluq, vaxtı gələndə, mütləq dolacaq. Elnur Astanbəyliyə isə təkcə bunu demək istərdim ki, Əkrəm Əylislinin Şukşin və Belovu “kopyalamağına” yalnız ədəbiyyatdan bixəbər adamları inandırmaq olar. Heç olmasa ona görə ki, mənim bütün yazılarım məhz Şukşinin və Belovun vətənində 100 min tirajla çap olunub və bu kitabların barəsində məhz rus tənqidçi və yazıçıları, özü də ən vicdanlı və sanballıları yüksək fikir söyləyib: Kamyanov, Anninski, Şklovski, Starikova, Pomeransova, Kassil, Zalıgin, Baruzdin... 1994 ya 95-ci ildə yeni iqtidarın sadiq nökərlərindən biri “Azərbaycan” qəzetindəki məqaləsində yazmışdı ki, Əkrəm Əylisli “Nəğməkar bibim”i Çingiz Aytmatovun “Ağ gəmi”sindən çırpışdırıb. Halbuki “Nəğməkar bibim” 1968-ci ildə, “Ağ gəmi” isə 1970-ci ildə nəşr edilmişdir. İndi görürsənmi, müxtəlif siyasi qütblərdə dayanan adamlar da kiməsə şər atmaq lazım gələndə tamamilə eyni metodlardan bəhrələnməyi lazım bilirlər. Çünki buradakı məqsəd dolaşıq məsələləri aydınlaşdırmaq deyil, aydın məsələləri dolaşdırmaqdır. Ucalığa əli çatmayanların ora zibil tullamağı köhnənin əskikliyidir. Ancaq istərdim hər kəs biləydi ki, ucalığa atılan zibil o zibili ora atanın gec-tez öz başına tökülür.

“ Tutduğum bütün ədəbi postlarda yenilikçi cavanlar həmişə yanımda olub”

- Özümlə məndən cavanlar arasındakı yaş fərqini heç vaxt hiss etməmişəm. Əksinə, hərdən mənə elə gəlib ki, onlardan daha çevik hissiyyata, biliyə, təfəkkürə malikəm. İlk sanballı vəzifəm “Gənclik” nəşriyyatının baş redaktoru vəzifəsiydi. Öz nəslimdən olanlar öz yerində, o vaxt mənim ən yaxın adamlarım o dövrün ən işıqlı və ən istedadlı gənc qələm sahibləriydi: Ramiz Rövşən, Mövlud Süleymanlı, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Vidadi Paşayev, Vidadi Məmmədov... Məsələn, Ramiz Rövşən məndən 8-9 yaş kiçik idi. Ancaq mən bu fərqi heç vaxt hiss eləmirdim. Sonra “Azərbaycan” jurnalına baş redaktor təyin olundum. Bu zaman əvvəlki dairə bir az da genişləndi. Aydın Məmmədov, Natiq Səfərov, Seyran Səxavət, Vaqif Yusifli, Vaqif Cəbrayılzadə, Afaq Məsud, Dilsuz, Eldar Baxış və üstə gəl Ramiz, İsa, Mövlud- bu adamlar “Azərbaycan” jurnalının ən fəal müəllifləriydilər və onların hər birinin bütün redaksiyada bəlkə mənim qədər hörməti, avtoriteti vardı. İndi mən vəzifədə deyiləm. Ancaq bu günün gənc ədəbi simalarının böyük əksəriyyətilə ünsiyyətdə, indinin özündə də, mənim heç bir problemim yoxdur. Məsələn, Aqşinlə, Günellə, Pərvizlə, Ağayar Şəriflə söhbət eləyəndə onlardan yaşlı olmağım heç ağlıma da gəlmir. Nərmin Kamalın, Samir Sarının, Sevinc Pərvanənin yazılarını, az qala uşaq kimi, sevinə-sevinə oxuyuram. Ədəbiyyatımızın köhnə komasına yeni hava gətirən, nisbətən yaşlı yazarlarımızdan, məsələn, Həmid Herisçinin, Rafiq Tağının, Salamın, Etimad Beşkeçidin, Səməd Qaraçöpün və neçə-neçə digər yazarlarımızın yaradıcılığını izləyirəm, onalrın hər bir uğuruna qəlbən sevinirəm. Səmimiyyətinə inandığım populyar qəzet yazarlarımızın yaradıcılığında da nəzəri cəlb eləyən irəliləyiş görürəm. Məsələn, Hacı Zaminin yazılarındakı istehzalı yumor dərinləşir, zənginləşir. Şahvələd Çobanoğlu özünün sağlam müxalifətçilik platformasını forma və məzmun cəhətdən gücləndirir, kamilləşdirir. Ancaq mətbuatda tez-tez rastlaşdığımız imzaların arasında qaşınmayan yerdən qan çıxarmağın həvəskarları da bəs deyincə boldur. Əylisdə belə bir deyim var: “Qoturum qoymur oturum: qaşıyıram-qanım çıxır, qaşımıram-canım çıxır. Mətbuatda öz qoturunu qaşımaqla məşğul olanlara bu sözlər yaman yaraşır.

- Pərvizin “onlar bizə ölü ədəbiyyat miras qoyublar” deməyində, sizcə, həqiqət yoxdur?

- Var! Amma yaxşı olardı ki, Pərviz o “ölü ədəbiyyatın” ünvanını da göstərəydi. Bir var Sovet Ədəbiyyatı, bir də var sovet dövründə yaranan ədəbiyyat. Üstəlik, Sovet dövründə yazıb-yaradan yazıçıların da hamısı sovet yazıçısı olmayıb. O dövrdə yaranan ədəbiyyatı bütövlüklə ölü ədəbiyyat hesab edənlər rusların Qorki, Platonov, Bulqakov, Svetayeva, Axmatova kimi yazarlarının dünya ədəbiyyatının qızıl fonduna daxil olan əsərlərini görəsən hansı qəbiristanlıqda basdırmaq istəyirlər?.. Bu baxımdan sovet dövründə yazıb-yaradan Azərbaycan yazıçılarının da hamısı sovet yazıçısı olmayıb. Cəfər Cabbarlı ən yaxşı əsərlərini sovet dövründə yazıb, Mirzə Cəlilin dahiyanə “Dəli yığıncağı” da Azərbaycanın sovet dövrü ədəbiyyatının məhsuludur. Ancaq ədəbiyyatımızı köhnə qəliblərdən çıxarmağı arzulayanların bu fikri ilə mən də tam şərikəm ki, bu işdə biz həddən ziyadə ləng tərpənirik. Sovet dövründə yazıb-yaradan yazıçılardan kimin kim olduğunu hələ də ayırd edə bilməmişik. Hətta ədəbiyyatın latın qrafikasında nəşr edilməsi üçün Prezident tərəfindən ayrılan vəsaiti də təyinincə xərcləməyi bacarmadıq. Bu vəsaitin böyük bir məbləği Pərvizin dediyi o “ölü ədəbiyyatın” yenidən nəşrinə sərf olundu. Nəticədə həmin ölü ədəbiyyatın köhnə qəbiristanlığının sahəsi bir az da böyüdü, genişləndi. Bax, belə məsələlərdə mənim gənclərlə bir olmağa hədsiz ehtiyacım var. Ancaq alınmır, mümkün olmur. Qoturunu mətbuatda - hamının gözü qabağında qaşımaqdan həzz alanlar özlərinin məndən düşmən obrazı yaratmaq niyyətlərindən hələ ki, heç cür əl çəkmək istəmirlər.

- Bəlkə günah onlarda deyil. Onları bu vəziyyətə salan cəmiyyətdə, ictimai mühitdədir.

- Elədir. Bir çox istedadlı qələm sahibləri ağır şəraitdə yaşayır. Evləri, daimi iş yerləri yoxdur. Özlərini oda-közə vurub, bir tikə çörək qazanırlar. Ancaq insanlarda siyasi mühitlə, ictimai ədalətsizliklə heç bir əlaqəsi olmayan sırf insani-psixoloji naqisliklər də olur. Böyük iddiası kiçik imkanları ilə heç cür uzlaşmayan insanlar özlərilə cəmiyyət arasında süni münaqişələr yaratmağı xoşlayırlar. Özü də belələri əksər hallarda öz sözünü öz adından demir, mücərrəd çoxluğun, yəni xalqın adından deyir. Guya xalq yalnız və yalnız əhalinin narazı təbəqəsindən ibarətmiş. Əgər həqiqətən belə olsaydı, onda hakimiyyəti yıxmağa nə vardı ki?... Deyirəm, nə yaxşı ki, cəmiyyətimizdəki eybəcərliklərə, hakim dairələrdəki naqis əməllərə görə səmimi narahatlıq keçirən qələm sahiblərinin kökü hələ tamam kəsilməyib və bu adamların bir qismi, bizim dostumuzdur. Onların mətbuatda səsləndirdikləri ən kəskin fikirlər də əhalinin təkcə narazı təbəqəsinin deyil, hər bir namuslu azərbaycanlının qəlbində-şüurunda özünə yer tapır, yuva salır. Hər kəsin yazdığı söz onun özünə bənzəyir. Sözün də, insan kimi, həm quruculuq qabiliyyəti, həm də dağıdıcılıq xisləti var. Və mənim bu kəlamım bugünkü söhbətimizdən sənə yadigar qalsın!..

SÖHBƏTƏ SÖZARDI: “Ustad” deyə müraciət etdiyim Patriarxın ömrünün və yaşadığımız ilin payızında söhbətimiz belə davam edə-edə... bitmək bilmirdi. Mən bu şansı əldən vermək istəmirdim. Azərbaycana və Azərbaycan xalqına minnətdarlığımı ən böyük söz nəhəngləri içində söz sahibi olan yazıçısına çatdırdım: sağ olun ki, vaxt ayırdınız, danışdınız.

Bu təşəkkür ən azdan ona görəydi ki, Qulu Xəlilli həmişə deyirdi: Əkrəm Əylisli həyatdan ədəbiyyata gəlib...

Həqiqi ədəbiyyat elə həyatın özüdür!!!

Mən Əkrəm Əylislini niyə dünya ədəbiyyatına mənsub sayıram, onu da deyim: O, dünya ədəbiyyatına onun çoxsaylı paytaxtlarından birinə “posadka” etməklə gəlib - idman təyyarəsində Moskvanı fəth etmiş alman Rust kimi: 300 metr aşağıdan! Bu alçaqlıqda radarlar tutmur!

Əkrəm Əylisli də müstəmləkə bir ölkəni təmsil etdiyindən “posadka” “aşağıdan” alınıb!

Ona görə də biz onun yazıçı cəngavərliyinin böyüklüyünü bilmirik!
O bunu qəhrəmanlıq saymır. Özü demişkən: “İngilislər özünə qəhrəman axtaran xalqı bədbəxt sayırlar!”


Aydın Canıyev
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1487

Oxşar yazılar