Azərbaycanın əməkdar artisti, Dövlət Musiqili Komediya Teatrının aktrisası Xanım Qafarovanın Lent.az-a müsahibəsi
- Xanım Qafarova hazırda nə işlə məşğuldur?
- Bildiyiniz kimi, mən “Qaynana” serialında, qaynananın qaynanasını oynayıram. İnanırsınız, heç o serialda məni tanımadılar ki, bu rolu ifa edən kişidir, yoxsa qadın. Bir çox seriallar dəvətlər var. Lakin imzaladığım müqaviləyə əsasən, 1 il müddətində başqa seriala çıxış edə bilmərəm.
- Bildiyim qədəri ilə səhhətinizdə ciddi problemlər vardı. İndi özünüzü necə hiss edirsiniz?
- Allahımın və həkimlərin köməyi ilə indi özümü yaxşı hiss edirəm. Canımı böyük problemdən qurtarmışam. Müalicələrimi indi də davam etdirirəm. Hər gün səhhətimdə yaxşılığa doğru irəliləyiş getdiyini hiss edirəm. Sadəcə özümə bir az diqqət etməliyəm.
- Serialda rol alırsınız. Azərbaycan seriallarını necə dəyərləndirirsiniz? Düşünürsünüzmü ki, bizim seriallarda rol alan aktyorlarda təbilik çatışmır?
- Bəli, sözlərinizlə tam razıyam. Bizim seriallarda rol alan aktyorların əksəriyyətində təbilik çatışmır. Süniliklə yanaşı, təcrübə də yoxdur. Burada texnika amili də var. Bizə yaxın olan Türkiyədə çəkilən seriallarda istifadə olunan texnika, sərmayə bizdə olsa, yaxşı bir iş ərsəyə gələr. Düşünürəm ki, bu da yavaş-yavaş düzələcək.
- Biz indi görürük ki, müğənnilərimiz də müxtəlif seriallarda filmlərdə rol alırlar. Müğənnilərin aktrisalığı normal qarşılanır. Lakin aktrisanın müğənniliyini qəbul etməyənlər var. Buna münasibətiniz...
- Doğru qeyd etdiniz. Mən dəfələrlə söyləmişəm ki, müğənniyəm, səsim də var. Səsimə şübhəsi olan varsa, gəlsin, mənimlə canlı mahnı ifa etsin. Bu fikir mənə çatmır. Başa düşə bilmirəm, guya müğənnilərin hamısının səsi var? Elə müğənnilər var ki, onların ifasına baxanda, adam deyir ki, o, heç oxumasa, yaxşıdır. Aktrisalar arasında mahnı ifa edən Məleykə Əsədova, Firəngiz Mütəllimova, Sənubər İsgəndərli və mənəm. Onlar özlərinə “müğənniyəm” deməyiblər. Sadəcə oxumaq onların hobbisi olduğuna üçün mahnı ifa edirlər. Amma mən özümə hər zaman müğənni deyirəm. Çünki, mənim səsim var.
- Sizin də mahnı oxumağınız bir mənalı qarşılanmadı...
- Mənim oxumağım birmənalı qarşılanmasa da, çox müzakirəyə səbəb olmadı. “Qızıl fond”da mahnılarım var. Mən səsim olduğuna görə oxuyuram. İllərdir, bu sənətdəyəm. Səsim olmasa, oxuyub özümü biabır etmərəm.
- Bəs müğənni kimi özünüzü təsdiq etməyə nə mane oldu sizə?
- Mənim pulum yoxdur ki, hansısa bəstəkardan pul verib mahnı alım. Maddi problemlərimə görə xalq mahnılarını yeni aranjemanda yazdırıram. Budur səbəb.