Bakıda qadın evə bazarlıq etməyən ərini öldürdü, həbs edilmədi  - TƏFƏRÜATLAR LENT.AZ-da
23 dekabr 2024 20:15 (UTC +04:00)

Bakıda qadın evə bazarlıq etməyən ərini öldürdü, həbs edilmədi - TƏFƏRÜATLAR LENT.AZ-da

CİNAYƏT İŞİ

Qısa arayış...

2021-ci il aprelin 21-də Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində qətl hadisəsi olur. Daxil olan məlumat əsasında, hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Məlum olub ki, hadisə massiv 1, ev 69-da baş verib. Qonaq otağındakı divanda 1994-cü il təvəllüdlü Elvin Əskərzadənin meyiti aşkar edilib.
 
Cinayəti törədən mərhumun arvadı 1995-ci il təvəllüdlü Sevda Babayeva saxlanılıb. 
 
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Elvin Əskərzadənin ölümünə — ürəyin zədələnməsi ilə müşayiət olunan kəskin qanitirmə səbəb olub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, aprelin 21-i saat 20 radələrində Sevda Babayeva aralarında yaranmış mübahisə zamanı məişət təyinatlı bıçaqla zərbə vuraraq əri Elvin Əskərzadəni qəsdən həyatdan məhrum edib.
 
İş üzrə dindirilmiş Sevda Babayeva bildirib ki, aprelin 21-i səhər saat 7 radələrində əri Elvin işə gedib. Yoldaşı Vaqif adlı şəxslə birlikdə Lökbatan qəsəbəsində fərdi yaşayış evlərində təmir-tikinti işləri aparıb:

“Saat 20 radələrində işdən birbaşa evə gəldi. Həmin gün qızım Nuray xəstələndiyi üçün uşaqla atamgildə idim. Elvin gəldikdən 5-10 dəqiqə sonra qızımı anamın yanında qoyub ərimlə birlikdə yaşadığımız evə keçdim. Yataq otağına keçəndə  Elvindən telefonda başqa qadınlarla danışmasının, lazım olan ərzaq və qida məhsullarını almamasının və qazandığı pullardan ailəmizə xərcləməməsinin səbəblərini soruşdum. Mübahisə zamanı Elvin əsəbi halda ailə üzvlərimin ünvanına ağır söyüşlər işlədərək, hər iki əli ilə boğazımdan tutub məni divara çırpdı. Ardınca yumruq və təpiklə mənə zərbələr vurmağa başladı. Birtəhər Elvinin əlindən çıxıb mətbəx otağına qaçdım. Arxamca gələn yoldaşım yenə məni boğdu, həmçinin bədənimin müxtəlif nahiyələrinə əlləri və və ayağı ilə zərbələr vuraraq, valideynlərimin ünvanına söyüş söydü. Qab yumaq üçün nəzərdə tutulan yerdən bıçağı götürüb özümdən kənarlaşdırmaqdan ötrü sinəsinin sol hissəsinə zərbə endirdim. Həmin an Elvin dərhal məni buraxıb heç nə söyləmədən evdən çölə qaçdı. Elvinin atamgilin dükanına getdiyini güman etdim.

Hamam otağına girib əl-üzümü yudum. Sonra mətbəxdən yoldaşımı vurduğum bıçağı götürüb evdən çıxdım. Kəsici aləti zərbə ilə evin arxa hissəsində olan boş sahəyə atdım və qızımı anamgildən gətirmək üçün onlara keçdim. Elvinin üzü üstə döşəmədə uzanıqlı vəziyyətdə xırıldadığını görüb kömək üçün valideynlərimi səslədim. Ata-anam nə baş verdiyini soruşanda, mübahisə zamanı Elvinı bıçaqladığımı dedim. Həmin an atam üzümə sillə vurdu. Atam təcili tibbi yardıma zəng edib hadisə barədə məlumat verdi. 20-25 dəqiqə sonra həkimlər evə gəldilər. Elvini tibbi müayinə etdikdən sonra onun öldüyünü dedilər”.


 
Məhkəmə iclasında Sevda Babayeva Elvin Əskərzadəni həyatdan mərhum etməkdə özünü təqsirli bilsə də, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamı qəbul etməyib. Babayeva bildirib ki, Lökbatan qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayarkən Aysel Rzayeva onlarla eyni məhəllədə qonşuluqda kirayədə qalıb:

“Onun vasitəsi ilə 2013-cü ildə qardaşı Elvin Əskərzadə ilə tanış olmuşuq. 2019-cu ilin avqust ayında evlənmişik. 2020-ci ildə övladımız dünyaya gəldi. Atam Rasim Babayevə məxsus həyətdə ayrı evdə yaşayırdıq. Həmin vaxtdan başlayaraq Elvinin ailəyə qarşı istəyi soyuq idi, özünü çox aqressiv aparırdı. Hər hansı mövzu ilə bağlı ondan söz soruşanda dərhal əsəbiləşib məni və ailə üzvlərimi söyürdü. Bir dəfə hamam otağının qapısı arxasından onun mobil telefonla başqa qadınla danışmasını eşitdim. İradımı bildirəndə, Elvin məni təhqir edərək döydü və əlləri ilə boğazımdan tutub boğdu. Yoldaşım Vaqif adlı şəxsin yanında usta köməkçisi kimi günü 20 manata fəhlə kimi çalışırdı. 2021-ci il aprelin 21-də Elvinə uşağın xəstələndiyini, onu həkimə aparmaq lazım olduğunu dedim. Lakin ərim heç bir reaksiya vermədi. Ərimə yenə də əliboş gəldiyini, evə və uşağa lazım olan ərzaq məhsulları və geyim əşyalarını almamasına, bizə qayğı göstərməməsinə görə iradımı bildirdim.

Elvin Əskərzadənin meyiti

Aramızda yaranan mübahisə zamanı Elvin əli ilə üzümdən tutub məni geri itələdi. Qulağımdan tutaraq, divara çırpdı sonra əlləri və ayaqları ilə mənə zərbələr vurmağa başladı. Birtəhər Elvinin əlindən çıxıb mətbəx otağına qaçdım. Qapını arxadan bağlamağa vaxtım çatmadı. Yoldaşım ayağı ilə qapıya zərbə vurub içəri daxil oldu. Saçımdan tutub başımı divara çırpdı. Elvinin əllərini boğazımdan çəkməyə çalışsam da, gücüm çatmadı. Sağ əlimi qab yumaq üçün nəzərdə tutulan yerə tərəf  uzadıb bıçağı götürdüm və dərhal yoldaşımın sinəsinə zərbə vurdum. Boğulmaqdan gözlərim qaraldığından, Elvin məni buraxıb qaçan kimi ayaq üstə dayana bilməyib yerə oturdum. Hadisənin təsirindən ağlamağa başladım, təxminən 15 dəqiqə sonra özümə gələndə qalxıb əl-üzümü yudum. Atamgilə keçəndə Elvinin dəhlizdə yıxılıb hərəkətsiz vəziyyətdə qaldığını gördüm. Ona kömək etməyə çalışdım. Elvini qan içində görən atama baş verənləri danışdım. Bundan sonra qardaşım, böyük bacımla əri bizə gəldi. Atamla köməkləşib Elvini qonaq otağına apararaq, divana uzatdıq. Qorxduğumdan bıçağı var gücümlə həyətdən boş sahəyə atdım”.

İstintaq eksperimenti zamanı, Sevda Babayeva bıçağı atdığı yeri müstəntiqə göstərib. Sevda Babayeva ifadələri arasındakı ziddiyyətlərlə bağlı göstərib ki, istintaqın ilkin mərhələsində baş vermiş hadisəyə görə xeyli müddət özündə olmayıb. Müstəntiq suallara tez cavab verməsini tələb edib. İfadələrini oxumaq həvəsində olmayıb və baxmadan imzalayıb. Elvini çox sevib, onu öldürmək niyyətində olmayıb. Yoldaşının onu boğub öldürəcəyindən qorxaraq, özünü müdafiə etmək məqsədilə təsadüfən əlinə keçən bıçaqla onu vurub. Hadisəni məhkəmədə göstərdiyi kimi tam təfsilatı ilə sərbəst danışa bilməyib. Məhkəmə baxışı zamanı verdiyi ifadələri tam həqiqətdir.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Pənah Əsgərov ifadəsində göstərib ki, aprelin 22-də səhər Elvinin meyiti yaxın qohumları tərəfindən yaşadığı Lənkəran rayonuna gətirilib. Oğlu ailə həyatı qurduqdan sonra onunla arvadı arasında münaqişə olması barədə məlumatı olmayıb. O, gəlini Sevdadan şikayətçi olduğunu bildirib.

Hadisə olan ev
 
Şahid Rasim Babayev bildirib ki, aprelin 21-də axşam iftarını açdıqdan sonra namaz qılmaq üçün yataq otağına keçib:

“1-2 dəqiqə sonra evin giriş qapısından qızım Sevdanın “ata, mənə kömək elə” deyərək, qışqırdığını eşitdim. Dəhlizdə kürəkənimin yerdə uzanaraq xırıldadığını, gödəkçəsində qan ləkələri gördüm. Səs-küyə arvadım da yanımıza gəldi. Sevda Elvini vurduğunu hələ ilk anda etiraf etsə də, hadisənin hansı səbəbdən baş verməsini ətraflı danışmadı. Faciənin təfsilatını polis əməkdaşları gəldikdən sonra öyrəndim”.
 
Şahid Vaqif Rzayev bildirib ki, usta köməkçisi kimi yanında çalışan Elvin Əskərzadə ilə aprelin 21-də işlərini qurtarandan sonra evlərinə qayıdıblar:

“Saat 21 radələrində qonşuluqdan qışqırıq səsləri gəldiyini eşidib küçəyə çıxdım. Rasim Babayevə məxsus dükanın qarşısına çatanda, çoxlu sayda insanın toplaşdığını, həmçinin polis və təcili tibbi yardım maşınlarının dayandığını gördüm. Nə baş verdiyini soruşanda, Sevdanın Elvini qətlə yetirdiyini öyrəndim”.


 
Məhkəmə-psixoloji ekspertizasının rəyinə görə, Sevda Babayevanın hərəkətləri Cinayət Məcəlləsinin 21-ci (anlaqsızlıq) maddəsinin təsiri altına düşməyib.
 
Prokuror təqsirləndirilən şəxsə 11 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini istəyib.
 
Məhkəmə nəticəyə gəlib ki, ibtidai istintaq orqanı tərəfindən Sevda Babayevanın əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilməyib. Çünki təqsirləndirilən şəxs cinayət əməlini həyatını ictimai təhlükəli qəsddən qorumaq məqsədi ilə törədib. Qeyd olunan bu hərəkəti ilə o, məcəllənin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədib. Onun barəsində məhz həmin maddə ilə ittiham hökmü çıxarılmalıdır. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sevda Babayeva 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Amnistiya qərarına əsasən qadın təyin edilmiş cəzadan azad edilib və məhkəmə iclas zalından azadlığa buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6618
avatar

Oxşar yazılar