“Dövlət başçısı tərəfindən ixracın genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ixracının 2 dəfə artırılması vəzifə olaraq müəyyənləşdirilib. Tapşırığın icrası məqsədilə ixrac imkanlarının genişləndirilməsi üçün qısa müddətdə araşdırmaların aparılması və operativ tədbirlərin görülməsi barədə Nazirliyin struktur bölmələrinə göstərişlər verilib”. Lent.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyində keçirilmiş kollegiya iclasında bildirilib. Qeyd olunub ki, artıq 54 məhsul (emal məhsulları, o cümlədən ət və süd məhsulları, meyvə-tərəvəz, bal, şərabçılıq məhsulları) üzrə təhlillər aparılıb və ixracının artırılması üçün tədbirlər görülür.
İxracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmi artıq tətbiq olunur. İndiyədək bu mexanizm çərçivəsində şərab, pambıq ipliyindən məmulatlar, konservlər, sular, şirələr, fındıq və digər məhsullar üzrə Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və s. ölkələrə ixrac müqabilində 270 min manata yaxın vəsait sahibkarlara geri ödənilib.
İclasda idxaldan asılılığın azaldılması və qeyri-neft məhsullarının ixracının genişləndirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən olduğu bir daha vurğulanıb. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq Fərman və Sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər davam etdirilir. Ölkədə istehsal olunan yerli mənşəli məhsulların ixracının, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Prezident İlham Əliyevin "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq olunması haqqında" 5 oktyabr 2016-cı il tarixli Fərmanı ixracqabiliyyətli məhsul istehsalının genişlənməsinə, məhsulların keyfiyyətinin daha da yaxşılaşmasına, eləcə də yerli və xarici bazarlarda rəqabətədavamlı məhsulların çeşidlərinin artırılmasına mühüm töhfə verir. Bu sənəddə əks olunan dəstək mexanizmləri ilkin istehsal prosesindən başlayaraq məhsulun ixracının reallaşdırılmasına qədər bütün fazaları əhatə edir. Fərmanın icrası istiqamətində artıq Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Ərazisi və Quancou şəhərinə, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə ixrac missiyaları təşkil edilib. Çinə təşkil edilmiş ixrac missiyası zamanı 500 min şüşə Azərbaycan şərabının Çinə ixracına dair müqavilə imzalanıb və artıq məhsul ixracına başlanılıb. Dubaya təşkil olunmuş ixrac missiyası zamanı əldə olunmuş razılığa əsasən, artıq 18 ton nar şirəsi və 200 tona yaxın alma ixrac edilib.
Bu ilin ilk ixrac missiyası isə artıq Almaniyaya yola düşüb. İqtisadiyyat Nazirliyi tərəfindən "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə-tərəvəz, təbii mineral suları, meyvə şirələri, şərab, bal və çay istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edir. Səfər çərçivəsində missiya iştirakçıları Almaniyanın Berlin şəhərində təşkil olunan ərzaq sənayesi, kənd təsərrüfatı və bağçılıq üzrə "Beynəlxalq Yaşıl Həftə 2017" sərgisini ziyarət edəcək, yerli distribütorlarla, potensial müştərilərlə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcəklər. Növbəti ixrac missiyaları isə fevralda Pakistan, Əfqanıstan və Qətərə təşkil ediləcək. 2017-ci ildə AZROMO-nun təşkilatçığı ilə Azərbaycan şirkətləri Birləşmiş Ərəb Əmirliklərində, Almaniyada, Rusiyada və Çində keçiriləcək sərgilərdə vahid ölkə stendi ilə iştirak edəcəklər. Bu barədə artıq KİV-də elanlar verilib.