Qiymət nə qədər qalxsa da, ümid qeyri-neft sektorunadır
15 sentyabr 2017 17:16 (UTC +04:00)

Qiymət nə qədər qalxsa da, ümid qeyri-neft sektorunadır

 

Brent markalı Şimal dənizi üzrə neft qatışığının noyabr fyuçerslərinin qiyməti 55 ABŞ dollarını keçib. Bu, cari ilin aprel ayından sonra ilk hadisədir. Bu xəbər xüsusən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilərək yenidən tərtib olunan sazişinin (PSA) imzalanması məqamında çox sevindirici hadisədir.

 

Çünki bəllidir ki, ölkəmizin gəlirləri neftdən asılıdır. Və bu asılıq hələ bir müddət davam edəcək. 2014-cü ilin yayından sonra qiymətlərin düşməsinin nəticəsi göz qarşısındadır. Belə ki, manat 1 ilin ərzində – 2015-ci ildə 2 dəfə devalvasiyaya uğradı. İqtisadi artım dayandı, tənəzzülə uğradı. Yaxşı ki, qiymətlərin enişi bu ildən dayandı və stabillik müşahidə olunmağa başlandı. Yoxsa 2015-2016-cı illər ərzində əməlli-başlı sarsılan makroiqtisadi vəziyyət bu il daha daha pis olacaqdı.

 

Odur ki, iqtisadiyyatda geriləmə dayandı.

 

İndi bizə qiymətlərdə bir müddət stabillik lazımdı ki, neftdən asılılığı azaltmaq istiqamətində həyata keçirilən tədbirlər effektini qısa müddətə versin. Heç olmasa, 2018-ci ilin sonunadək... Ona görə də, arada bahalaşmanın müşahidə edilməsi Azərbaycan üçün əslində, hər mənada yaxşı hadisədir.

 

Sözüm bunda deyil.    

 

Ümumiyyətlə, son günlər neftin dünya bazar qiymətlərində bahalaşmaya meyl müşahidə edilir. Düzdür, bu, zaman-zaman özünü göstərib. Lakin üzü soyuqlu havalara getdiyindən, neftin bu arada bahalaşmaya meyl göstərməyi diqqəti cəlb edir.

 

Bəs, əslində vəziyyət necədir? Dünya bazarlarında neftin qiyməti doğrudanmı bahalaşmaqda davam edəcək?

 

Neftin bahalaşması üçün təəssüf ki, heç bir ciddi əsas yoxdur. Eyni zamanda, ucuzlaşma üçün də eyni fikri demək olar. Yəni məlum olduğu kimi, artıq xeyli müddətdir, vəziyyət stabil xarakter daşıyır.

 

Ümumiyyətlə, kiçik bir analiz aparsaq, belə demək mümkündür ki, neftin hazırki dünya bazar qiymətləri bütün hasilatçı ölkələr üçün məqsədəuyğun xarakter daşıyır. Əlbəttə, bir çox ölkələr istəyərlər qiymətlər 70 ABŞ dollarının üstündə olsun. Ancaq bu, yaxın perespektivdə real deyil.

 

Heç orta perespektivdə də güman edilmir...

 

Sözün qısası, neftin dünya bazar qiymətləri üçün elə ən optimal rəqəm 50 dolların üstüdür.... O ki qaldı arabir 60 rəqəminə yaxınlaşmaya, bu, ABŞ dollarının kursu kimi amillərə bağlıdır...

 

Belə ki, bəlli olduğu kimi ABŞ valyutası möhkəmləndikdə neft ucuzlaşır, dəyərdən düşdükdə isə bahalaşır. Məsələ isə bundan ibarətdir ki, Amerika valyutası bu il möhkəmlənməyi dayandırdı. Baxmayaraq ki, ABŞ mərkəzi bankı cari il ərzində üst-üstə 2 dəfə faiz artımına getdi, dollar möhkəmlənmədi.

 

Əksinə, Amerika milli valyutası bu gün də dəyərsizləşməkdədir...

 

Neft də ona görə bahalaşmağa meyl göstərir.... Bunu neftin gələn il üçün proqnozlaşdırılan qiyməti də deməyə əsas verir. Belə ki, orada 60 rəqəmi yoxdur. Odur ki, çox da optimist olmağa dəyməz.

 

Ümumiyyətlə, ölkədə neft hasilatı azalır. Cari ilin ötən 7 ayı ərzində hasilat 22 milyon 500,6 min ton təşkil edib. Bu keçən ilin eyni dövrü ilə müqayisədə 8,9 % və ya 2,2 milyon ton azdır. Belə ki, 2016-cı ilin yanvar-iyul ayları ərzində 24 milyon 700 min ton neft hasil edilmişdi.

 

Yəni demək istədiyim budur ki, dünya bazarlarında qiymətlər bizim üçün hazırda o qədər də sərfəli səviyyədə olmamaqla yanaşı, hasilatımız özü də azalmaqdadır. Və bu, artıq, neçə illərdir ki, davam edir.

 

Azərbaycanda neft ən çox 2010-cu ildə hasil edilib. Həmin ildən sonra isə hasilat düşür. Bu il üçün isə 40 milyon ton planlaşdırılmışdı. Amma belə davam etsə, 2-3 milyon ton bundan az olacaq...

 

Səbəb bəllidir: ehtiyatlar tükənir, quyular köhnəlir, xərclər artır və sair... Beləliklə də, istər-istəməz neftdən "əlimizi üzməliyik". Ümumiyyətlə, energetika sektorunda gələcəyimiz mavi yanacağa-qaza bağlıdır... 2020-ci ildən etibarən, Azərbaycan qaz satmağa başlayacaq.

 

Ancaq qaz da heç vaxt neft olmayıb və olmayacaq da...

 

Odur ki, ümid qeyri-enerji sektorunadır...

 

Pərviz Heydərov

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 301

Oxşar yazılar