Qida məhsullarının təhlükəsizliyinə dair vəziyyət araşdırılacaq
Azərbaycanda 2 il ərzində qida məhsullarının təhlükəsizliyi ilə bağlı mövcud vəziyyət araşdırılacaq.
ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Sənədə əsasən, Qida Təhlükəsizliyi Agentliyi Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2019-2020-ci illərdə qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti obyektləri ilə bağlı mövcud vəziyyətin araşdırılması və bu sahədə problemlərin müəyyənləşdirilməsini təmin etməlidir.
Eyni zamanda Agentlik bu müddət ərzində Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birlikdə qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti obyektlərində müəyyən edilmiş problemlərin obyektiv qiymətləndirilməsi üçün risk profillərini hazırlamalıdır. Eyni zamanda qida təhlükəsizliyini böhran vəziyyətlərində çevik qiymətləndirmə, idarəetmə, xəbərdarlıq prosedurlarının və fövqəladə halların, böhran vəziyyətinin idarə edilməsi planının hazırlanması təmin olunmalıdır.
1098