Azərbaycan sənayesi: köhnə ənənələr, yeni hədəflər, böyük perspektivlər
28 oktyabr 2014 12:42 (UTC +04:00)

Azərbaycan sənayesi: köhnə ənənələr, yeni hədəflər, böyük perspektivlər

Prezidenti İlham Əliyev 2014-cü ildə qarşıda duran vacib vəzifələrdən danışarkən demişdi: “Bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət yetiriləcək. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcək”.

 

Beləliklə bu ilin 12 mart tarixində ölkə başçısının sərəncamı ilə Azərbaycanda bu ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edildi. Həmin planda  sənaye potensialının artırılması, təşkilati tədbirlər, sənayenin kadr potensialının və elmi təminatının gücləndirilməsi, normativ hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi, təbliğat və təşviqat işlərilə bağlı tədbirlər öz əksini tapdı və 90-cu illərin sonlarından başlayan fəaliyyət yeni mərhələyə, necə deyərlər “gücləndirilmiş rejim”ə keçdi...

 

Böyük sənaye potensialının açdığı imkanlar bütün sahələrə təsir göstərəcək

 

Azərbaycan böyük sənaye ənənələrini geri qaytarır. Son  illərdə Azərbaycanda bir sıra iri sənaye müəssisələri istifadəyə verilib. Gəmiqayırma zavodu, Sumqayıt Texnologiyalar Parkı, Naxçıvan avtomobil zavodu, bərk məişət tullantılarının yandırılması zavodu, Qaradağ metal konstruksiyalar zavodu, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqlar zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, “Azbentonit” müəssisəsi, Qəbələ piano, “M-Line”, AZMDF, EMBAWOOD mebel fabrikləri və digər müəssisələr ölkədə sənaye quruculuğu işinin nə qədər çoxşaxəli və praqmatik aparıldığını göstərir. Gəmiqayırma zavodunun və Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ölkənin sənaye potensialının daha da artırılmasına böyük töhfə olmaqla yanaşı, müasir texnologiyaların cəlb edilməsinə, idxaldan asılılığın azalmasına, qeyri-neft sənayesi sahələrinin inkişafına da ciddi təkan verəcək. Əslində əsas məqsəd də elə budur. Ölkədə qeyri-neft sektorunun inkişafını təmin etmək və yeni sənaye müəssisələri formalaşdırmaqla həm işsizliyin, həm də idxaldan asılılığın qarşısını almaq...

Sənayenin inkişafında mühüm məqamlardan biri də ölkədə müasir nəqliyyat infrastrukturunun yaradılmasıdır. Ötən illər ərzində Azərbaycanda 7 aeroport tikilib və yenidən qurulub, 10 min kilometrə yaxın avtomobil yolu inşa olunub. Bu baxımdan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Xəzər sahilində ən iri dəniz limanının inşası layihələri xüsusi əhəmiyyət kəsb edir. Dünyanın nəhəng enerji layihələrindən olan “Şahdəniz-2", TANAP və TAP layihələrinin reallaşdırılması uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatının, xüsusilə, sənayenin inkişafına öz töhfəsini verəcək.

 

Azərbaycan üçün yeni sənaye istiqamətləri – kosmik sənaye, alternativ enerji...

 

Artıq Azərbaycan kosmik sənayeyə malik ölkələr sırasına daxil olmuşdur. İndi Azərbaycanın öz peyki vardır və bu, tarixi nailiyyətdir. Həmçinin ölkəmizdə ilk dəfə olaraq müdafiə, kosmik və alternativ enerji sənaye sahələri yaradılıb. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi müəssisələrinin elm tutumlu texnologiyalar əsasında inkişafı dövlətin yüksək prioritetlərindən biridir və müdafiə-sənayesi kompleksi qarşısında qoyulmuş məsələlərin reallaşdırılmasında səmərəli iştirak edə bilən yüksək ixtisaslı mütəxəssislərin yeni nəslinin hazırlanmasını tələb edir. Müdafiə sənayesi kompleksinin inkişaf səviyyəsi ölkənin milli təhlükəsizliyinin qarantı olmaqla bərabər iqtisadiyyatın maşınqayırma, cihazqayırma, nəqliyyat, rabitə, yanacaq-enerji kompleksi kimi vacib sahələrində də elmi-texniki tərəqqinin səviyyəsini müəyyənləşdirir.

Qaradağda istifadəyə verilən Gəmiqayırma zavodu ölkəmizin Xəzər regionundakı mövqelərinin güclənməsinə xidmət edir. Bu zavodda həm Azərbaycan, həm də bölgədəki digər ölkələr üçün gəmi və müvafiq avadanlıqların istehsalı nəzərdə tutulub. Yaxın illərdə inşa ediləcək neft-qaz və neft-kimya komplekslərində müasir texnologiyalar əsasında istehsal olunacaq məhsulların xarici bazarlara çıxarılması gözlənilir. Aparılan ilkin hesablamalara əsasən bu komplekslərə 14-15 milyard dollar həcmində sərmayə yatırılacaq. Yeni texnologiyalara əsaslanan bu strateji layihə Azərbaycana çox böyük dividentlər gətirəcək.

Aqrar sektorun inkişafına yönəlmiş Karbamid zavodunun tikintisinə başlanması da önəmli hadisədir. Ölkəmizin ərzaq təhlükəsizliyi proqramı çərçivəsində inşa olunan bu zavod kənd təsərrüfatının yüksək keyfiyyətli gübrəyə tələbatını tam ödəyəcəkdir.

 

Sənaye müəssisləri - minlərlə iş yeri

 

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsi olan Sumqayıt Texnologiyalar Parkının ümumi sahəsi 250 hektardır və texnoparkda 4500-dən artıq işçi çalışır. Buradakı müəssisələrin ən böyüyü 6500 çeşiddə məhsul istehsal edən kabel zavodudur. Zavodun məhsullarından məişət avadanlıqlarında, kontakt sistemində geniş istifadə olunur. Yüksək gərginliyə davam gətirən güc kabellərinin MDB məkanında, qonşu Türkiyə və İranda, hətta bir sıra Avropa ölkələrində analoqu yoxdur. STP-nin ikinci ən böyük müəssisəsi olan polimer məmulatlar zavodunda su və kanalizasiya polimer boruları, onların fitinqləri istehsal edilir. Gündə 500 ton polimer məhsulları istehsal etmək gücünə malik müəssisədə 50-dən çox istehsal xətti fəaliyyət göstərir.

Sumqayıt Texnologiyalar Parkının ağır maşınqayırma zavodunda tikinti-quraşdırma, elektroenergetika, maşınqayırma və digər sahələrdə istifadə olunan metal konstruksiyalar, ağır tonnajlı, körpülü kranlar, hidroturbinlər, külək generatorları, dəqiq mexanika zavodunda qeyri-standart avadanlıq və mürəkkəb konstruksiyalı maşın-mexanizm elementləri və digər məhsullar hazırlanır. Texnoparkda Günəş kollektoru qazanları, həmçinin bir çox sahələrdə tələbat duyulan yüksək keyfiyyətli, standartlara uyğun məhsullar istehsal edən digər zavodlar da fəaliyyət göstərir. Bu gün STP Azərbaycanın istənilən guşəsində tikilən elektrik stansiyalarını, yarımstansiyaları yüksək gərginlik kabelləri və digər zəruri məmulatlarla təmin edir.

Texnologiyalar parkında dəmir yolu vaqonları zavodunun tikintisi başa çatmışdır. Hazırda sınaq işləri yekunlaşmaq üzrədir. Yaxın gələcəkdə Rusiya, Ukrayna üçün vaqonlar istehsal etmək məqsədilə bu dövlətlərlə danışıqlar aparılır. Heç şübhəsiz, bu zavod da Azərbaycan büdcəsinə böyük gəlir gətirən bir müəssisə olacaqdır. Yaxın vaxtlarda alkapon və transformator istehsal edən zavodlar da işə salınacaqdır. 

“Holcim-Azərbaycan” şirkəti dünyanın aparıcı sement təchizatçılarından olan “Holcim qrupu”nun bir hissəsidir. 1912-ci ildə İsveçrədə təsis edilmiş qrup 70-dən çox ölkədə böyük və kiçik sərmayə paylarına malik aparıcı qlobal şirkətə çevrilmişdir. Bu şirkətin yerli və beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ölkədaxili tələbatın əksər hissəsini ödəyir. Hazırda “Holcim-Azərbaycan”nın istehsal etdiyi sementdən irimiqyaslı tikinti işlərində və qlobal enerji layihələrinin həyata keçirilməsində geniş istifadə olunur.

“Holcim-Azərbaycan” şirkəti respublikada həm də yeganə klinker istehsalçısıdır.

 

Təbii qaynaqlar bizdə, işçi qüvvəsi bizdə, bazar bizdə...

 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov hesab edir ki, Azərbaycanda həm ənənəvi, həm ixrac imkanları baxımından sənayenin, xüsusi ilə yüngül sənayenin ixrac imkanları genişdir: “Yüngül sənaye nəinki daxili bazar, hətta qonşu ölkələri emal olunmuş hazır məhsullarla təmin etmək imkanına malikdir. Qida sənayesinin də imkanları genişdir. Nəzərə alınmalıdır ki, Azərbaycanda aqroparkların yaradılması nəzərdə tutulur. Aqroparklar praktik olaraq aqrar sektorun emaledici sferasının sənayeləşməsi deməkdir. Bu o deməkdir ki, artıq istehsal olunan aqrar məhsullar xammal formasında deyil, emal edilərək qonşu ölkələrin bazarlarına çıxış imkanları əldə edə bilər. Xüsusən Rusiya bazarı yeyinti sənayesi üçün olduqca əhəmiyyətli bazarlardan biridir. Azərbaycan Rusiya bazarına yeyinti məhsulları ilə çıxmaq imkanına malikdir. Kimya sənayesinin ixrac potensialı yüksək qiymətləndirilir. Kimya sənayesinin məhsulları daha çox Rusiya və Qazaxıstan bazarlarına çıxmaq imkanlarına malikdir. Kimya sənayesi ilə bağlı apardığımız tədqiqatlar göstərir ki, ixrac imkanlarının artırılması üçün kimya sənayesində kommunal xidmətlərdə müəyyən güzəştlərin edilməsinə ehtiyac var. Bu, kimya sənayesində istehsal edilən məhsulların maya dəyərinin azalmasına gətirib çıxarar”.

 

Azərbaycan hökumətinin informasiya texnologiyalarını prioritet sektor kimi elan etdiyini xatırladan V. Bayramov informasiya texnologiyasının qonşu ölkələrin bazarlarına, o cümlədən Moldova, Ukrayna, hətta Rumıniya bazarlarına çıxış imkanları olduğunu vurğulayır: “Qeyd etdiyimiz sektorlar Azərbaycan sənayesində prioritet sektorlar kimi qiymətləndirilə bilər. Əlbəttə ki, bu sektorların dövlət tərəfindən dəstəklənməsinə ehtiyac var”. 

 

Bütün təhlillər göstərir ki, Azərbaycanda sənayenin inkişafı üçün hələ çox böyük perspektivlər qalmaqdadır və ölkə başçısının qəbul etdiyi müvafiq proqram və qərarlarla bu perspektivlər gerçəkləşəcək, Azərbaycanın iqtisadi gücünün, beynəlxalq nüfuzunun yüksəlməsində pay sahibi olacaq.

 

Nizam RZA

 

Qeyd: Yazı İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilmək üçün hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2152
avatar

Nizam Rza

Oxşar yazılar