“Ağ qızıl” dövrü
28 mart 2018 12:11 (UTC +04:00)

“Ağ qızıl” dövrü

 

 

Bu gün Respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə mühüm islahatlar həyata keçirilir və bu istiqamətdə işlər davam etməkdədir. Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2015-ci il ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilmişdir. Ölkəmizdə aqrar sahəyə qoyulan investisiyaların həcmi hər il mütəmadi olaraq artmaqdadır. Dövlət tərəfindən kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara xüsusi kreditlər, subsidiyalar verilməkdə, eyni zamanda güzəştli şərtlərlə texnika ilə təmin edilməkdədirlər. Məhz bunun nəticəsidir ki, torpaqlardan səmərəli istifadə edilməklə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, yeni iş yerlərinin yaradılması, ən başlıcası isə insanların həyat şəraitinin yaxşılaşdırılması sahəsində qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir.

Hazırda kənd təsərrüfatının ənənəvi sahələrindən biri olan pambıqçılığın dirçəldilməsinə xüsusi qayğı göstərilməsi də həmin məqsəddən irəli gəlir. Qeyd edək ki, pambıqçılıq Azərbaycanda ənənəvi bir sahədir və onun inkişafı üçün ölkəmizdə coğrafi baxımdan təbii və münbit şərait mövcuddur. Pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1970-80-ci illərdə Azərbaycanda pambıqçılıq sürətlə inkişaf edib. 1981-ci ildə Azərbaycanda bir milyon ton pambıq yığılmışdır. Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırılmasından sonra hər bir sahədə olduğu kimi, pambıqçılıqda da tənəzzül yaşanmış və 1990-cı ildə Azərbaycanda pambığın tədarükü bir milyondan 500 min tona düşmüşdür.

Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar və qarşıya qoyduğu vəzifələr hazırda pambıqçılığın inkişafına təkan verib və onun tarixi şöhrəti qaytarılmağa başlanıb.  2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığa çox ciddi dövlət dəstəyi göstərilir və qısa müddət ərzində pambıqçılığın sürətli inkişafına nail olunmuşdur. Dövlət başçısının “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 13 iyul 2017-ci il tarixli sərəncam imzalaması da sözügedən sahənin prioritetliyini bir daha təsdiqləyir. 2016-cı ildə Sabirabad şəhərində, 2017-ci ildə Saatlı şəhərində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirələri keçirilmişdir. Bu il isə 26 mart tarixində Bərdə şəhərində III respublika müşavirəsi baş tutmuşdur. Dövlət başçısı giriş nitqində vurğulamışdır ki, Azərbaycan bu gün pambıqçılıqla bağlı inkişaf templərinə görə dünyada lider ölkədir. Respublikamız iki il ərzində pambıq tədarükünü altı dəfədən çox artıra bilmişdir. Bu isə ilk növbədə, məşğulluğun artması, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin inkişafı, yerli istehsala deməkdir. Bütövlükdə son illərdə pambıqçılığın inkişafı ilə bağlı on minlərlə yeni iş yeri yaradılmış, pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşmışdır. 2016-cı ildə təqribən 90 min tona yaxın pambıq yığılmışdır, ötən il isə 207 min ton.

2016-cı ildə etibarən həyata keçirilən məqsədyönlü islahatlara əsasən deyə bilərik ki, sonradan pambıqçılığın sürətli inkişafı ilə xarakterizə olunan bu illər “ağ qızıl” dövrü kimi tariximizə düşəcəkdir. Pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. İrəli qoyulan məqsədlər göstərir ki, Azərbaycanda pambıqçılıq ənənələri bərpa olunacaqdır. Bu isə kənd yerlərində əhalinin məşğulluğuna, aqrar sənaye potensialının artırılmasına, ixrac imkanlarının genişləndirilməsinə şərait yaradacaqdır.

Nailə Məmmədova

“Azerbaijan Realities”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375
avatar

Oxşar yazılar