Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
APA-nın məlumatına görə, fərmanda qeyd edilib ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi” təsdiq edilsin.
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının (bundan sonra – “Aqrarkredit” QSC) “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – “ASK” ASC) mülkiyyətinə (balansına) verilir.
3. “ASK” ASC-nin nizamnamə kapitalına aşağıdakılar yönəldilsin:
3.1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.13.2.7-ci yarımbəndində nəzərdə tutulmuş 5 (beş) milyon manat məbləğində vəsait;
3.2. bu Fərmanın 2-ci hissəsi ilə “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilən əmlak da daxil olmaqla, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin kreditorlarının həmin Banka qarşı tələblərinin dövlət öhdəlikləri ilə əvəz edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ötürülməsini nəzərdə tutduğu 3854,3 milyon (üç milyard səkkiz yüz əlli dörd milyon üç yüz min) manat (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansına verilmiş problemli aktivlər də nəzərə alınmaqla) həddinədək problemli aktivlər.
4. Bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsini təmin etmək məqsədilə “ASK” ASC-nin və “Aqrarkredit” QSC-nin nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyası (bundan sonra – Komissiya) yaradılsın.
5. Komissiyaya tapşırılsın ki:
5.1. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “ASK” ASC-nin mülkiyyətinə (balansına) verilməsi ilə bağlı inventarizasiya və təhvil-təslim işlərini altı ay müddətində başa çatdırsın;
5.2. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının bazar qiymətinin müəyyənləşdirilməsi üçün həmin əmlakın qiymətləndirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsün;
5.3. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan işlərin nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
6. Müəyyən edilsin ki:
6.1. bu Fərmanın 2-ci hissəsində və 7.5-ci bəndində nəzərdə tutulan dövlət əmlakı, “ASK” ASC-nin mülkiyyətinə (balansına) bazar qiymətləri əsas götürülməklə verilir;
6.2. bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının qiymətləndirilməsi üçün Komissiya müstəqil qiymətləndiricilər cəlb edə bilər;
6.3. “ASK” ASC-nin Nizamnaməsində nəzərdə tutulan nizamnamə kapitalı bu Fərmanın 2-ci hissəsinə əsasən onun mülkiyyətinə (balansına) verilmiş dövlət əmlakı və bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş vəsait hesabına formalaşır.
Fərmanla əlaqədar Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, “Aqrarkredit” QSC və “ASK” ASC-yə müvafiq tapşırıqlar verilib.