“Biznesin davamlılğını təmin edəcək “Azərspace-2” peykinin orbitə çıxarılması məqsədilə peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir”.
“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, “Azərspace-2” peykinin aprel ayında orbitə çıxarılması nəzərdə tutulur.
“Azərspace-2” hazırkı əhatə dairəsini genişləndirəcək, bu da bizə müştərilərimizə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Qeyd edim ki, “Azərspace-2” peyki orbitə buraxılmamış tutumların 46%-i artıq satılıb”, -deyə R.Nəbiyev vurğulayıb.
O bildirib ki, “Azərsky”peyki üzrə əldə olunan gəlirlərin 98%-i xarici bazarlarda formalaşır. Bu baxımdan peykin imkanlarının ölkəmizdə daha geniş tətbiq olunması məqsədilə İqtisadiyyat Nazirliyi ilə birlikdə “Azərbaycan Respublikasında 2018-2020-ci illərdə yerin peyk vasitəsi ilə məsafədən müşahidəsi xidmətinin inkişafına dair Dövlət Proqramı”nın layihəsi hazırlanıb: “Dövlət qurumlarında bu xidmətdən faydalanmaq üçün müasir maddi-texniki təminat səviyyəsinin və sahə üzrə ixtisaslı kadrların kifayət etməməsi sözügedən proqramın hazırlanmasını zəruri edib. Hesab edirik ki, dövlət proqramının qəbul olunması növbəti 5 ildə məsafədən idarə olunma xidmətinin inkişafına təkan verər, müşahidə xidmətləri vasitəsi ilə dövlət idarəetməsinin effektliyini artırar və bu sahə üzrə elmi-tədiqat və ixrac potensialını yüksəltmiş olar”.