Bu gün Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı «Azəri-Çıraq-Günəşli» yataqlar blokundakı «Qərbi Çıraq» platformasından ilk neftin əldə olunması və hasilatına başlanması ilə bağlı tədbir keçirilib.
«APA-Economics»in məlumatına görə, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrel bildirib ki, yeni açılan «D-05» platforması Xəzər dənizində ən iri platformadır: «Qərbi Çırağ»da hasilatın başlanması AÇG blokunun işlənilməsində əlamətdar hadisədir».
Onun sözlərinə görə, dünən quyunun ağzı açılıb və oradan neftin boru kəmərlərinə ötürülməsinə başlanılıb: «Biz görülən işdən çox razıyıq. İşlər tam təhlükəsizlik şərtləri nəzərə alınaraq aparılıb».
Q.Birrel deyib ki, platformada işləri aparan yerli, azərbaycanlı əməkdaşlardır: «Bu platforma dünya standartlarına uyğun olaraq əvvəldən axıra qədər Azərbaycanda istehsal edilib».
Q.Birrel deyib ki, ötən müddətdə AÇG-də 14 quyu qazılıb və bunun 6-sı bu il istismara veriləcək, qalanı isə 2015-2016-cı illərdə açılaraq hasilata buraxılacaq: «Lakin buna baxmayaraq, bizim imkanımız var ki, bu 14 quyudan əlavə daha bir neçə quyu qazaq».
BP rəsmisi əlavə edib ki, dünən açılan yataq da daxil olmaqla, ümummlikdə platforma 3 min barel hasilatla fəaliyyətə başlayıb: «Təbii ki, getdikcə bu həcm artacaq. Burada nə qədər neftin olması ancaq aparılacaq sınaqlardan və hesablamalardan sonra tam məlum olacaq. İlkin hesablamalarımıza görə, bu il üçün ümumilikdə bu platformadan gündəlik hasilat 60 min barel, illik 3 mln. ton olacaq. Biz hasilatımızı stabilləşdirməyə çalışırıq».
AGC-nin yüksək hasilatı olan yataqlar olduğunu deyən Birrel qeyd edib ki, 2019-2021 illərə qədər BP-yə bu tip yeni platformalar və ya yataqlar lazım gələcək. Bu, növbəti illər üçün neftin hasilatını stabil saxlamaq və hasilatın azalmasının qarşısını almaq üçün lazımdır: «Lakin bunun üçün olduqca böyük və stabil maliyyə vəsaiti lazımıdır».