Abşeron rayonunda iki qəsəbələrarası avtomobil yolunu birləşdirən Mehdiabad qəsəbəsinin Qara Qarayev küçəsindək iyol yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən xəbərə görə, 2 km uzunluğa malik Qara Qarayev küçəsi Mehdiabad-Fatmayi-Goradil və Binəqədi-Novxanı avtomobil yollarını birləşdirərək rahat və təhlükəsiz gediş-gəlişi təmin edəcək.
Qara Qarayev küçəsi Mehdiabad qəsəbəsinin əsas mərkəzi yollarından biri hesab olunur. Uzun müddət əsaslı şəkildə təmir edilmədən istifadə olunan küçənin yol yatağı və örtüyü deformasiyaya uğramış, çalalar və çökmələr əmələ gəlib. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirməklə ərazidə nəqliyyat axınına mənfi təsir göstərirdi. Bundan başqa küçənin səki hissələrinin də sıradan çıxması piyadaların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətinə maneə yaradırdı. Hazırda sadalanan problemlərin aradan qaldırılması istiqamətində agentlik təxirəsalınmaz tədbirlər həyata keçirir.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yolun qazılmış hissələrinə tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Ardınca isə əks-dolğu işləri görülmüş hissələrdə yol əsasının inşası həyata keçirilib. Bunun üçün optimal qum-çınqıl qarışığından istifadə olunub.
Küçənin səki hissələri də yenidən qurulub, kənarlarına 4 min paqon-metr yeni səki daşları düzülüb və hərəkət hissəsi yeni asfalt-beton örtüklə örtülüb.
Növbəti mərhələ üzrə artıq küçənin 16 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Bunun üçün əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb edilib.
Yaxın günlərdə küçədə təmir-tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır. Bundan sonra küçə zəruri yol nişanları və üfiqi nişanlanma xətləri ilə təmin ediləcək.
Qeyd edək ki, Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29,2 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə 19,7 milyon manat ayrılıb.
Sərəncama uyğun olaraq, Abşeron rayonunun Masazır kəndində ümumi uzunluqları 6260 metr olan 6 küçə, Qobu qəsəbəsində 7840 metr uzunluğunda 5 küçə, Ceyranbatan və Saray qəsəbələrində 5950 metr uzunluğu olan 3 küçə və Mehdiabad qəsəbəsində isə ümumi uzunluğu 6450 metr olan 4 küçə təmiri nəzərdə tutulurdu. Artıq bu çərçivədə sözügedən qəsəbələr üzrə işlərə start verilib.