Millət vəkili: “Manatın məzənnəsinin qorunması üçün bütün imkanlar var”
12 mart 2020 17:49 (UTC +04:00)

Millət vəkili: “Manatın məzənnəsinin qorunması üçün bütün imkanlar var”


"Valyuta bazarında manatın məzənnəsinin və sabitliyin qorunması üçün bütün imkanlar var".

Bunu APA-ya açıqlamasında millət vəkili, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə bildirib.

M. Abbaszadə deyib ki, son günlər beynəlxalq aləmdə cərəyan edən proseslər ölkə ictimaiyyətinin diqqət mərkəzində olduğu üçün müvafiq təhlillərin aparılmasını labüd edir: “Gündəmi zəbt edən əsas məsələlərdən biri OPEK+ ölkələri arasında neft istehsalının həcminin azaldılması ilə bağlı fikir ayrılığının olmasıdır ki, bu da dünya bazarında neftin qiymətinin kəskin surətdə aşağı düşməsinə gətirib çıxarıb.

Nazirlər Kabinetində keçirilmiş müşavirədə qlobal enerji bazarındakı cari vəziyyət təhlil edilib, onun ölkə iqtisadiyyatına olan təsirləri müzakirə edilib. Müzakirələr zamanı məlum olub ki, Azərbaycan hökuməti dünya iqtisadiyyatında gedən prosesləri daim diqqət mərkəzində saxlayaraq baş verə biləcək neqativ iqtisadi tendensiyaların ölkə iqtisadiyyatına mənfi təsirlərinin neytrallaşdırılması üçün preventiv tədbirlər planına malikdir. Belə ki, neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyyə balansına təsirinin proqnoz ssenariləri hazırlanmış və zərurət yarandığı halda bu ssenarilərə adekvat olaraq, sabitləşdirici tədbirlər paketinin həyata keçirilməsi nəzərdə tutulub.

Azərbaycanda neft qiymətlərinin dövlət büdcəsinə təsirinin minimum səviyyəyə salınması ilə əlaqədar ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə  büdcə qaydalarına müvafiq düzəlişlər edilib. Nəticədə, dövlət büdcəsi gəlirlərinin 56,6 faizi qeyri-neft sektorunun hesabına təmin olunub və cari ilin ilk iki ayında qeyri-neft sektorunun həcmi 6,7 faiz artıb. Bu artım tempi onu göstərir ki, dövlət büdcəsinin cari ildə də qeyri-neft sektorundan əldə edəcəyi gəlirlərin azalması ilə bağlı heç bir problemi yoxdur. Belə ki, 2020-ci ilin yanvar-fevral aylarında Vergilər  Nazirliyi tərəfindən nəzərdə tutulan proqnozdan 180 milyon manat çox, Dövlət Gömrük Komitəsinin xətti ilə 70 milyon manatdan çox, yəni ümumilikdə, 250 milyon manatdan çox vəsait dövlət büdcəsinə daxil olub.

Dövlət Neft Fondundan 2020-ci ildə büdcəyə 11 milyard 350 milyon manat pul köçürüləcəyi planlaşdırılır ki, bununla da bağlı heç bir problem yoxdur. Ona  görə ki, bu vəsait Dövlət Neft Fondu ehtiyatlarının cəmi 15 faizini təşkil edir. Bu hal isə  Dövlət Neft Fondunun gəlirləri olmasa belə 7 il ərzində ona bu qədər vəsaiti büdcəyə transfert etməyə imkan verir. Bu bir daha sübut edir ki, neft qiymətlərinin hansı həddə olmasından asılı olmayaraq, büdcəyə transfertlər ola bilər”.

Millət vəkili qeyd edib ki, dünyada baş verən neqativ iqtisadi meyllər fonunda ölkə iqtisadiyyatı dayanıqlıq nümayiş etdirməklə yanaşı, həm də inkişaf edir və nəticədə onun maliyyə imkanları genişlənir: “Bu gün ölkə iqtisadiyyatı 2014-cü ildən başlayan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır və əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də müsbət inkişaf dinamikası davam edir. Buna əyani sübut kimi, yanvar-fevral aylarında qeyri-neft ÜDM-in 6,7%, ÜDM-in isə 2,8% artmasını misal göstərmək olar. 2020-ci ilin yanvarında dövlət büdcəsinin gəlirləri 1,8 milyard manat, xərcləri isə 1,4 milyard manat təşkil etdiyi üçün 400 milyon manat profisit yaranıb. Yanvar-fevral aylarında Mərkəzi Bankın ehtiyatları 243 milyon manat artıb, bu isə öz növbəsində neftin qiymətinin proqnozdan aşağı olacağı bir neçə ay ərzində itkiləri kompensasiya edə bilər. Strateji valyuta ehtiyatlarımızın 52 milyard dollar olması ÜDM-in həcmini 8 faizdən çox üstələyir və fiskal dayanıqlılığı təmin edir”.

Millət vəkilini sözlərinə görə, 2020-ci il üçün qəbul edilmiş dövlət büdcəsinin xərcləri, o cümlədən bütün sosial layihə və öhdəliklər nəzərdə tutulan qrafik üzrə tam həcmdə və vaxtında icra olunur, yəni heç bir sosial layihənin təxirə salınması nəzərdə tutulmur: “Valyuta bazarında manatın məzənnəsinin və sabitliyin qorunması üçün bütün imkanlar var. Həm monetar, həm də iqtisadi siyasətin digər istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər planı inflyasiyanın hədəf götürülmüş səviyyədə saxlanılması, dövlət büdcəsinin maliyyə dayanıqlığı, xərclərin optimallaşdırılması, səmərəli istifadəsi üzərində ciddi nəzarəti təmin edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1584
avatar

Oxşar yazılar