Fövqəladə Hallar Nazirliyi paytaxtın Nizami rayonunda beşmərtəbli binada baş verən yanğınla bağlı yeni məlumat yayıb.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 54 m² olan mənzilin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə yanıb və yüksək temperaturdan dəhlizin tavanı 5 m² sahədə qarsalanıb. Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
***
Saat: 09:14
Bakıda beşmərtəbəli binada yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə paytaxtın Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə baş verib. Yanğın hadisə yerinə gələn Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.