“Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyinə olan borcun qalan hissəsi dövlət hesabına ödəniləcək.
Lent.az xəbər verir ki, bunu İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev deyib.
Onun sözlərinə görə, hazırda bu vəsaitin “Azəriqaz”a ödənilməsi ilə bağlı sənədləşmə işləri aparılır.
“Bildiyiniz kimi, noyabrın 14-də “Azəristiliktəchizat”ın rəhbərliyi ilə danışıqlar aparılıb. Belə ki, bir gün sonra qış rejiminə keçid olacaqdı. Bu baxımdan vətəndaşlara istiliyin verilməsi zərurəti yaranmışdı. Danışıqların nəticəsi olaraq, “Azəriqaz” tərəfindən bu quruma yaranan 34 mln. manat dəyərində borcun ödənilməsi məqsədilə bir həftə möhlət verildi. Lakin “Azəristiliktəchizat” bunun 14 mln. manatını mübahisəli predmet kimi qiymətləndirdiyinə görə bu rəqəm 20 mln. manatın üzərində olan bir məbləğdən bəhs edirdi. Bununla bağlı “Azəriqaz” İB-yə qarşı tərəfə bir həftə möhlət verdi. İşin gedişində növbəti görüşlər keçirildi və qarşı tərəfin xahişini nəzərə alaraq qərara alındı ki, bu möhlət dekabrın 15-dək uzadılsın. Bu gün artıq bu möhlət başa çatır. Hökumət məsələnin ciddiliyini nəzərə alaraq “Azəristiliktəchizat” ASC-yə borcun ödənilməsi ilə bağlı 12 mln. manat vəsait ayırdı”, - deyə E. Vəliyev qeyd edib.