“Azəriqaz” İstehsalat Birliyi ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında imzalanan memoranduma əsasən, yaxın günlərdə Azərbaycanda yerli istehsallı mexaniki qaz sayğaclarının (sonradan ödənişli – red.) quraşdırılmasına başlanılacaq.
Lent.az xəbər verir ki, bunu "Azəriqaz" İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
“Məişət tipli qaz sayğaclarının yerli istehsalı ilə bağlı müvafiq tədbirlər görülür. İdxaldan asılılığı azaltma, xarici valyutanın ölkədən axınının qaşısını almaq və yerli sahibkarlara stimul vermək, eyni zamanda inkişaf etdirmək üçün bu tədbirlər görülür”, - Rövşən Məhyəddinov qeyd edib.
Xatırladaq ki, ötən ilin noyabrında “Azəriqaz” İB ilə “Gəncə Cihazqayırma Zavodu” ASC arasında memorandum imzalanıb. Memorandum G-4T və G-2,5T məişət tipli mexaniki qaz sayğaclarına olan tələbatın yerli istehsalçı tərəfindən ödənilməsi, istehsal edilməsinin hüquqi bazasını təmin edəcək.