Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bugünki mövzusu sığorta şirkətlərinin üz döndərdiyi avtomobillərlə bağlıdır.
Son zamanlar sosial şəbəkədə paylaşılan və sürücülərin etiraz etdiyi məsələ bəzi avtomobillərin sığorta şirkətləri tərəfindən qəbul olunmamasıdır. Yayılan şikayətlərə görə, şirkətlər taksi və avtobus fəaliyyəti ilə məşğul olan bir sıra nəqliyyat vasitələrini sığorta öhdəliyinə götürmürlər.
Görəsən, Azərbaycan qanunvericiliyində nəqliyyat vasitələrinin istisna hallarda sığorta edilməməsi barədə qayda var?
Rubrikamızın sualına sığorta eksperti İlkin İbrahimov cavab verib. O bildirib ki, bu məsələ son zamanlar cəmiyyətdə ciddi ajoitaj yaradıb?
“Son zamanlar cəmiyyətdə ajiotaj doğuran bu məsələ İcbari Sığortalar Bürosu ilə bağlıdır. Qeyd etmək istəyirəm ki, avtomobillərin sığortası ölkə ərazisində məcburidir. Qanunla nəzərdə tutulan mühərrik gücündən yuxarı bütün maşınlar sığorta olunmalıdır. Sığorta şirkətləri icbari sığortalar üçün bürodan müəyyən məbləğ qarşılığında lisenziya alırlar. Orada göstərilmir ki, hansı avtomobilləri sığortalamaq olar, hansıları yox. Qeyd olunur ki, bütün avtomobillər sığorta edilməlidir. Əks təqdirdə, əvvəlcə həmin şirkətə xəbərdarlıq edilir, daha sonra lisenziyanın ləğvinə qədər cəza verilir. Lakin son zamanlar sığorta agentləri bununla bağlı həm Mərkəzi Banka, həm də İcbari Sığortalar Bürosuna şikayətlər edirlər.
Onların sözlərinə görə, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan 31 adda avtomobil modellərini sığortalaya bilmirlər. Agentliklər bildirir ki, həmin 31 modeli sığortalayacaqları təqdirdə, sığorta şirkətləri onlara komissiya ödəmir. Bu istiqamətdə bir az problemlər var. Ancaq qanunda qeyd olunur ki, sığorta şirkətləri belə xidmət göstərməli deyil”
Ekspert İ.İbrahimov agentliklər tərəfindən qəbul edilməyən avtomobillərin siyahısını da təqdim edib. Burada “AzSamand”, “Khazar”, “Ravon”, “London Taksi”, “MG”, “Saipa”nın bütün modelləri, qoşqu və yarımqoşqular, “Daewo”, “Hyundai”, “KİA”, “Renault”, “Lada”, “Opel” və s. markaların bir sıra modelləri 2016-dək olan “Toyota Prius”, “Baic” və digər avtomobillər qeyd olunub.