Azərbaycanda bu maşınların ehtiyat hissələri ucuzlaşıb - AÇIQLAMA
06 yanvar 2021 17:26 (UTC +04:00)

Azərbaycanda bu maşınların ehtiyat hissələri ucuzlaşıb - AÇIQLAMA

Ötən il Azərbaycana gətirilən ehtiyat hissələrinin miqdarı xeyli artıb. Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, 2020-ci ildə Azərbaycana 2019-cu ilə nisbətən 29.5 faiz və ya 324.7 milyon dollar artıq nəqliyyat vasitəsi və onların ehtiyat hissələri gətirilib.

Mövzumuzun da əsas tərəfi ehtiyat hissələrin idxalındakı artımın ümumi bazara təsiri ilə bağlıdır. Avtomobil bazarı üzrə araşdırmaçı Sərxan Qədirov Lent.az-a bildirib ki, ötən il ən çox gətirilən ehtiyat hissələri əsasən, Amerikadan gətirilən maşınlara məxsusdur:

“Ötən il daha çox gətirilən ehtiyat hissələri də məhz Amerikadan idxal olunan maşınlara məxsusdur. Ancaq bu ümumilikdə avtomobil ehtiyat hissələri bazarına ciddi təsir etməyib. Sadəcə olaraq, Amerikadan gətirilən “Ford fusion”, “Toyota prius” kimi maşınların ehtiyat hissələri ucuzlaşıb. Məsələn, bu maşınların ehtiyat hissələrində 200-300 manat enmə müşahidə olunur. Səbəb isə detallar çox gətirilib və demək olar, hər “ölüxana”da tapmaq mümkündür”.

Həmsöhbətimiz bundan əlavə qeyd edib ki, ehtiyat hissələrini idxal edən şəxs özünə rəqib çıxanadək ürəyi istəyən qiyməti qoyur və yalnız ondan almağa məcbur oluruq:

“Məsələn, Bakıya hansısa markanın ekonom, dizel, qiyməti münasib, rahatlığı da yaxşı olan bir modeli çoxlu sayda gətirilir. Alandan sonra görürlər ki, detallar dəhşət bahadır. Ehtiyat hissələrinin gətirilməsi ilə az adam məşğuldur və gömrük qiymətləri də bahadır. Bu səbəbdən həmin məhsulları idxal edən şəxs ona rəqib çıxana qədər hansı qiymət təyin etsə, o qiymətə də almağa məcbur oluruq. Hansısa maşının ehtiyat hissələrinin bahalaşması həmin avtomobilin ucuzlaşmasına gətirib çıxarır. Ancaq Amerikadan idxal olunan maşınların detalları servislərdə olmur. Buna görə də həmin maşınların ehtiyat hissələrinin qiymətləri servisdəkilərdən baha çıxır. Bununla bağlı olaraq, həm də okeanın o tayından gələn maşınlarla digərləri arasında qiymət fərqi çox olur”.

# 3366
avatar

Mehman Nəbiyev

Oxşar yazılar