Azərbaycan Beynəlxalq Bankı kiçik və orta biznes sahəsində ən böyük beynəlxalq icmalardan olan SME Banking Club tərəfindən müəyyən edilmiş - MDB və Qafqaz ölkələri arasında kiçik və orta biznesə innovativ imkanlar yaradan 20 ən yaxşı bankın reytinqində öz yerini tutub.
Ən innovativ banklar sırasında həmçinin Sberbank, AlfaBank, Rayffayzenbank (Rusiya), Priorbank (Belarus), Bank of Georgia (Gürcüstan), Halyk Bank (Qazaxıstan) və digər banklar təmsil olunur. Klubun ekspertləri bu seçimləri il ərzində bank sektorunda baş verən yeniliklərin təhlili, bankların tətbiq etdiyi innovativ texnologiyaların qiymətləndirilməsi əsasında aparıblar. Regionun ən innovativ bankları, əsasən, iki meyar üzrə müəyyənləşib. Bunlar Sahibkarlar üçün rəqəmsal həllər və biznesə fəal maliyyə dəstəyidir. Ötən il bank sektorunda özünü göstərən innovativ yeniliklər, əsas trendlər, ayrı-ayrı bankların effektiv təcrübələri ilə bağlı aprelin 23-də keçiriləcək “Digital Forum 2021” tədbirində ətraflı təqdimatlar olacaq. Hesabat barədə daha ətraflı buradan məlumat əldə etmək olar.
Qeyd edək ki, innovativlik, müştərilər üçün ən yaxşı rəqəmsal təcrübələrin yaradılması, eləcə də kiçik və orta biznesin maliyyələşdirilməsi Azərbaycan Beynəlxalq Bankının strateji hədəflərində əsas yer tutur. Bank ötən il sahibkarlar üçün bir sıra innovativ imkanlar yaradıb. Eyni zamanda, onların işinə fayda verəcək FinTech texnologiyalarının inkişafı üçün IBA Innovasiya Mərkəzini təşkil edib. Bu mərkəzdə startap layihələrinin akselerasiya və inkubasiyası həyata keçirilir. Azərbaycan Beynəlxalq Bankı sahibkarların işgüzar platforması olan Sahibkarlar Klubunu da yaradıb.