“Naxçıvana cəmi 1,3 milyon manat vəsait ayrılıb. Naxçıvan Muxtar Respublikadır. Burada Əlahiddə qoşun, ordu və digər strukturlar fəaliyyət göstərir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, Naxçıvana ayrılan vəsait çox azdır və artırılmalıdır: “Naxçıvan bu gün Ermənistanla sərhəddədir. Bu gün Ermənistanın ən çox qorxduğu Naxçıvanın Əlahiddə qoşunudur. Bir çox döyüşdə də bu, sübut olunub. Digər tərəfdən, Naxçıvan blokadadır. Naxçıvana təyyarə reyslərin artırılmasına ehtiyac var. Naxçıvan ayrılan az vəsaitlə sərhədlərini qorusun, pandemiya ilə mübarizə aparsın, yoxsa Ermənistanla döyüşsün. Biz bu gün Naxçıvanı qorumalıyıq. Bu gün ordumuz Naxçıvanda Türkiyə ilə birlikdə təlimlər aparır. Üçüncü oxunuşa qədər bu məsələyə yenidən baxılsın, Naxçıvana kifayət qədər vəsait ayrılsın. Bu gün blokada şəraitində olan Naxçıvanın qorunması çox vacibdir. Oradakı insanlar məhsulu heç yerə çıxara bilmir. İranla, Türkiyə ilə də yol bağlıdır”.