Məşhur avtomobil brendi olan “Toyotanın” bir sıra ölkələrdəki “Highlander”, “Land Cruiser Prado”, “RAV4” modellərini geri çağırdığı haqda dünya mediasında məlumatlar yer alıb. Belə ki, həmin modellərin ön şüşə yuyucularının forsunkalarında problemlər aşkarlanıb. Əksər ölkələrdən xeyli avtomobil geri qaytarılsa da, naməlum səbəbdən Azərbaycandan heç bir maşın qaytarılmayıb.
“Bu markanın avtomobillərini sürən şəxslər saytda göstərilən linkə daxil olub fin kod və ya ban nömrəsi ilə yoxlanış edərək geri çağırılmanın öz maşınlarına da aid olub-olmadığını öyrənə bilər”.
Məsələ ilə bağlı Lent.az-a danışan “Toyota Baku” mərkəzinin ictimaiyyətlə əlaqələr bölməsinin müdiri, avtomobil eksperti Eldəniz Cəfərov hazırkı geri çağrılmanın Azərbaycana aid olmadığını bildirib:
“İstər “Toyota”, istərsə də digər avtomobil istehsalçıları qeydə alınan hər hansı problemlə əlaqədar maşınları geri çağırıb həll edirlər. Geri çağırma prosesini bütün şirkətlər, o cümlədən, “Toyota” mütəmadi olaraq yerinə yetirir. İllər keçsə də, istehsalçı aparılan təftiş zamanı problemli detallarla bağlı məlumat toplayır və həmin detalları öz hesabına dəyişdirir. Belə ki, istehsalçı şirkət, ayrı-ayrı ölkələrdə yerləşən rəsmi distrübüterlərə məlumat göndərərək müəyyən fin kod və ya ban nömrəsində olan avtomobilləri servisə dəvət etməyi tapşırır. Həmin maşınlarda qeyd olunan problem varsa, şirkət hesabına problem aradan qaldırılmalıdır. Hazırda “Toyota”nın geri çağırılma haqqında məlumatı Azərbaycana aid deyil. Buna baxmayaraq, Bakıdakı rəsmi distrübüter geri çağırılma məlumatını əldə edib və rəsmi saytda yerləşdirib. Bu markanın avtomobillərini sürən şəxslər saytda göstərilən linkə daxil olub fin kod və ya ban nömrəsi ilə yoxlanış edərək geri çağırılmanın öz maşınlarına da aid olub-olmadığını öyrənə bilər(https://www.toyota.az/vincheck/index.json)”.
Ekspert istehsalçının verdiyi qərarın bütün rəsmi distrübüterlər tərəfindən yerinə yetirildiyini qeyd edib. O, həmçinin şirkətin müəyyən ölkələr üçün xüsusi avtomobillər istehsal edilməsi ehtimalını da xatırladıb:
“Baş ofisdən göstəriş gəlibsə, ölkələrdə yerləşən rəsmi distrübüterlərin icra etməmək ixtiyarı yoxdur. Yəni, “Toyota”nın rəsmi distrübüterinin Azərbaycandakı avtomobilləri geri qaytarmadığı xəbəri yalandır. Sürücülər çox sadə üsulla sayta daxil olub avtomobillərinin geri çağrılıb-çağrılmadığını öyrənə bilərlər. Ola bilər ki, ümumiyyətlə şirkət Azərbaycan və ya başqa ölkələrdən avtomobilləri çağırmasın. Çünki bəzi avtomobillər ABŞ, Avropa, Asiya, ərəb ölkələri üçün və.s istehsal olunur. Bu fərqlilik də, iqlimə, infrastruktura görə dəyişir. Əgər problem təkcə ABŞ-a göndərilən maşınlardadırsa, nəyə görə Azərbaycandakı maşınlar da geri çağırılmalıdır ki? Şirkətin son çağırılma xəbərini Rusiya KİV-dən oxudum. Orada, yalnız ABŞ-dakı müəyyən partiya avtomobillərin geri çağırıldığı göstərilir”.