Son günlərdə Türkiyədə “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan müxtəlif fərziyyələrdə SOCAR-ın adı hallandırılıb.
Lent.az-ın xəbərinə görə, bu barədə SOCAR-ın yaydığı məlumatda qeyd edilir.
“Bildiririk ki, Mübariz Mənsimovun Türkiyədə hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının SOCAR qrupuna qarşı London və Dubayda keçiriləcək arbitraj prosesləri ilə heç bir əlaqəsi yoxdur. Mübariz Mənsimovun Türkiyədə saxlanılması, əksinə, onun London və Dubaydakı arbitraj proseslərində iştirakını əngəlləyərək, onun maliyyə öhdəliklərinin yerinə yetirilməsini gecikdirə bilər. 2018-ci ildən bəri SOCAR tərəfindən “Palmali” qrupuna qarşı başladığı arbitraj prosedurlarının uzanması SOCAR-ın maliyyə balansına, əmlak hüquqlarına və qeyri-əmlak maraqlarına mənfi təsir göstərə bilər və buna görə SOCAR-ın kommersiya marağında ola bilməz”, - məlumatda deyilir.
SOCAR Türkiyənin ədliyyə sisteminin effektivliyinə inanır və məhkəmə proseslərinə müdaxilə ehtimallarını birmənalı şəkildə təkzib edir.
Qeyd edək ki, SOCAR və “Palmali” arasında daha əvvəl əməkdaşlıq münasibətləri mövcud olub. Bununla belə tərəfdaşlar heç vaxt birgə müəssisə qurmayıb. “Palmali” şirkətinin öz öhdəliklərini yerinə yetirmədiyindən SOCAR qrupuna daxil olan şirkətlər 2018-ci ildən “Palmali”yə daxil olan şirkətlərə və Mübariz Mənsimova qarşı arbitraj prosedurlarına başlayıb. Ümumilikdə, üç arbitraj prosesinin keçirilməsi London və Dubay şəhərlərində nəzərdə tutulur. İki ilə yaxın davam edən arbitraj prosedurları indiyədək məhz “Palmali” tərəfindən müxtəlif əsaslarla təxirə salınıb.