Bu ilin əvvəlindən "Bloomberg Billionaires Index"də yer alan Rusiya milyarderlərinin xalis sərvəti ümumilikdə 13,6 mlrd. ABŞ dolları azalıb.
"APA-Economics"in "Bloomberg Billionaires Index"nə istinadən verdiyi məlumata görə, 2020-ci ildə Rusiya milyarderlərinin arasında ən çox maliyyə itkiləri ilə üzləşən ölkənin ən böyük özəl neft şirkəti sayılan "Lukoil"in Azərbaycan əsilli rəhbəri Vahid Ələkbərov olub. Bu ilin dekabrın 1-nə xalis sərvəti 16,6 mlrd. dollar təşkil edən V. Ələkbərov cari ilin 11 ayında 5,67 mlrd. dollar (25,5%) itirib.
Güclü maliyyə sarsıntıları yaşayanlar sırasında həmçinin, hazırda xalis sərvəti 15,2 mlrd. dollar olan "Volga Group"un rəhbəri Gennadi Timçenko, "Lukoil"in vitse-prezidenti Leonid Fedun (6,4 mlrd. dollar) və "Novatek" şirkətinin İdarə Heyətinin sədri Leonid Mixelson (23 mlrd. dollar) yer alıb. Sözügedən iş adamlarının sərvətləri bu il müvafiq olaraq 2,97 mlrd. dollar, 2,71 mlrd dollar və 1,53 mlrd. dollar azalıb. Bu milyarder gəlirlərinin əsas hissəsini energetika sahəsində əldə edib.
Qeyd edək ki, "Bloomberg Billionaires Index"də Rusiya milyarderləri arasında birinci pillədə Vladimir Potanin qərarlaşıb. "Interros" və "Nornikel" şirkətlərinin rəhbərinin xalis sərvəti 2020-ci ilin dekabrın 1-nə 27,6 mlrd. dollar təşkil edir. Bu məbləğ il ərzində 409 mln. dollar azalıb. İkinci yerdə 23 mlrd. dollar sərvəti olan Leonid Mixelsondur. V. Ələkbərov isə sərvətin həcmi üzrə Rusiya milyarderləri arasında 7-ci olub.