Prezident İlham Əliyev Goranboy rayonunun Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
APA xəbər verir ki, sərəncamla otuz bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmalıdır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.