Azərbaycan ilk onluqda - Ərzaq təhlükəsizliyi üzrə
17 mart 2020 10:40 (UTC +04:00)

Azərbaycan ilk onluqda - Ərzaq təhlükəsizliyi üzrə


Azərbaycanda dənli (çəltik daxil edilmir) bitkilər üzrə özünü təmin etmə səviyyəsi 70%-ə çatır və bu sahədə ölkə ehtiyatları son illər 1-1,2 mln. ton olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Econommics”ə verilən məlumata görə, bunu Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ölkənin ərzaq bazarı sahəsində mövcud vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, bir qayda olaraq dənlilər üzrə ilin əvvəlinə qalıq, ərzaq məhsullarının istehsalı üçün istifadə edilən məhsulun 40%-dən çox olur: “2019-cu ildə kartofla özünü təminetmə səviyyəsi 87,8% olub. Azərbaycanda bir qayda olaraq kartof üzrə də ilin əvvəlinə qalıq, həmişə ərzaq kimi istehlak olunan məhsulun 70%-dən çox olur. Ölkəmizdə özünü təminetmə səviyyəsi tərəvəz üzrə 112%, bostan məhsulları üzrə 100,8%, meyvə və giləmeyvə üzrə 123,1%, ət və ət məhsulları üzrə 82,5%, yumurta üzrə 101,8%, süd və süd məhsulları üzrə 86,2%, duz üzrə 111,4% və çörək və çörək məmulatları üzrə 100%-dir”.

O həmçinin əlavə edib ki, nüfuzlu beynəlxalq qurumların hesabatlarına əsasən son illər ərzində Azərbaycanın ərzaq təhlükəsizliyi göstəricisi əsaslı şəkildə yüksəlib.

“Bu baxımdan “The Economist Group” tərəfindən hazırlanan Qlobal Ərzaq Təhlükəsizliyi İndeksinə (“The Global Food Security Index”) baxmaq kifayətdir. Bu hesabata əsasən son 7 il ərzində Azərbaycanın ümumi ərzaq təhlükəsizliyi indeksində ardıcıl olaraq yüksəlmə müşahidə edilib. Hesabata görə bu yüksəliş 7 il ərzində 12,7% bəndi təşkil edib, ölkəmiz bu göstərici üzrə siyahıya liderlik edir”, - deyə V. Qasımlı əlavə edib.

Mərkəzinin icraçı direktoru qeyd edib ki, digər ölkələr üzrə bu göstərici ən yaxşı halda 6-7% olub. 2019-cu ildə Azərbaycan bu hesabatda daha 3 pillə irəliləyərək 53-cü yerdə qərarlaşıb. Hazırda Azərbaycan ərzaq təhlükəsizliyinin təmininə görə Asiya və Sakit okean ölkələri arasında ilk onluqda təmsil olunur.

“Həmçinin ölkəmiz bu reytinqdə keçmiş SSRİ-yə daxil olan bir çox respublikanı qabaqlayıb. Qeyd edək ki, sözügedən hesabata əsasən son 7 il ərzində qlobal ərzaq təhlükəsizliyi indeksi üzrə Azərbaycanda müşahidə olunan artım dünya üzrə ən yüksək nəticədir. Hətta son 7 ildə hesabatın əhatə olunduğu 113 ölkənin bir hissəsində bu göstərici mənfi olub. Azərbaycan isə ardıcıl olaraq qlobal ərzaq təhlükəsizliyi indeksində mövqeyini yaxşılaşdırıb”, - deyə V. Qasımlı bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1338
avatar

Oxşar yazılar