"Qarabağ" neft yatağının kəşf olunduğu təsdiqləndi
19 mart 2020 11:13 (UTC +04:00)

"Qarabağ" neft yatağının kəşf olunduğu təsdiqləndi


SOCAR və Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 km şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, “Qarabağ” yatağında ilk qiymətləndirmə quyusunun qazılmasına 2019-cu il dekabrın 23-də başlanılıb. SOCAR-ın CDC qazma şirkəti bu quyunu suyun 180 metr dərinliyində “Dədə Qorqud” üzən qazma qurğusu ilə qazılıb. Yatağın məhsuldar layları 3,4 km dərinlikdə yerləşir. İlkin qənaətə görə, yataqda kəşf edilmiş neft və qaz həcmləri onun iqtisadi cəhətdən səmərəli işlənməsi üçün yetərlidir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: ““Qarabağ” yatağı müstəqilliyimiz dövründə kəşf edilmiş ilk neft yatağıdır. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır. Qiymətləndirici quyunun layihə dərinliyinə müvəffəqiyyətlə, təhlükəsiz şəkildə və vaxtında çatdırılması SOCAR və “Equinor” şirkətlərinin birgə səmərəli səylərinin nəticəsidir. “Qarabağ” yatağının işlənməsi Azərbaycanın neft gəlirlərinə əhəmiyyətli bir töhfə olacaq. Yatağın adında Vətənimizin ürəyi olan Qarabağın əks olunması xüsusilə qürurvericidir”, - deyə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Xatırladaq ki, “Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənib. Yataq Bakıdan şərq istiqamətində 120 km aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir.

“Caspian International Petroleum Company” (CIPCO) tərəfindən idarə edilən konsorsium 1995-ci ildə imzalanmış “Qarabağ hasilatın pay bölgüsü sazişi”nə əsasən 3 kəşfiyyat quyusu qazmışdır. Quyuların ikisi strukturun cənub-şərq hissəsində layların qazla doyumlu olduğunu təsdiqləmiş, bir quyu isə strukturun qərb hissəsində layların neft və qazla doyumlu olduğunu aşkar etmişdir. Saziş 1999-cu ildə iqtisadi baxımdan səmərəli olmayan layihə kimi ləğv edilib.

2018-ci ilin may ayında “SOCAR Karabakh” və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalayıblar. Sazişə əsasən şirkətlər bərabər paya malikdirlər.

SOCAR və “Statoil” (“Equinor”) 1994-cü ildən bir sıra mühüm layihələrdə, o cümlədən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) neft yatağının işlənilməsi layihəsində əməkdaşlıq edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1978
avatar

Oxşar yazılar