“Bizim enerji potensialımız artan iqtisadi inkişafımıza uyğun olmalıdır. Eyni zamanda, “Azərenerji” son iki il ərzində mövcud stansiyaların generasiya güclərinin bərpası barədə yeni layihə təqdim edib. Çünki bu stansiyaların əksəriyyəti çoxdan tikilib. Bu stansiyalarda mövcud vəziyyət bizi heç cür qane edə bilməzdi”.
APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 20-də Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışında deyib.
Dövlət başçısı Mingəçevir Elektrik Stansiyasında baş vermiş qəzanın hansı fəsadlara gətirib çıxardığının hamının yadında olduğunu bildirib: “Hamımızın yadındadır ki, Mingəçevir Elektrik Stansiyasında baş vermiş qəza hansı fəsadlara gətirib çıxardı. Ölkəmizi qaranlıq bürüdü. Metronun bütün stansiyalarında böhran yarandı və ölkəmiz qaranlığa qərq olmuşdu. Bu, ilk növbədə, səhlənkarlıq, məsuliyyətsizlik ucbatından baş vermiş qəza idi. Ona görə “Azərenerji”nin rəhbərliyi dəyişdirildi, cəzalandırıldı. Yeni rəhbərlik gətirildi. Yeni rəhbərlik qarşısında çox konkret vəzifələr qoyuldu və bu vəzifələr bu gün icra edilir. Çünki enerji təminatı hər bir ölkənin döyünən ürəyidir. Bu olmasa, heç nə olmayacaq. Bu olmasa, sənaye, kənd təsərrüfatı inkişaf etməyəcək, suvarma işləri təmin edilə bilməyəcək, ictimai nəqliyyat işləməyəcək. Ümumiyyətlə, həyat iflic vəziyyətə düşəcək. Ona görə bizim əsas məqsədimiz müstəqil enerji sistemi yaratmaq, xaricdən asılılığı aradan götürmək idi. Enerji potensialımızı elə həcmdə yaratmalı idik ki, bizim ehtiyatda da kifayət qədər generasiya güclərimiz olsun və bu gün bu var”.