“Qarabağ” – “Dnepr” matçından öncə stadionun qapısının aşması çox şişirdildi. Düzdür, mən həmin uşağa görə pis oldum. Gün ərzində müavinlərim dəfərlərlə onunla maraqlanıblar. Ayağı əzilib, sabah əməliyyat olunacaq. Sağlıq olsun, sabah özüm də xəstəxanaya gedib, uşağa baş çəkəcəm”. Bu sözləri Lent.az-a açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.
Qeyd edək ki, Avroliqanın qrup mərhələsi çərçivəsində keçirilən dünənki qarşılaşmadan öncə 25-ci sektorun qapısı aşaraq, “Qarabağ”ın azyaşlı azarkeşini zədələyib. Həmin hadisədən sonra stadionun qapılarının nasaz olduğu haqda fikirlər ortaya çıxıb. İsmayılov bunu təkzib edərək, qapılarda problemin olmadığını bildirib: “Qapılarda problem yoxdur. Düzdür, onlar təzə deyillər. Koreyalılar stadionda təmir işi apardıqda qapıların yaxşı vəziyyətdə olduğunu bildirdilər. Buna görə də, qapılarda restavrasiya işi aparıldı, onlar dəyişdirilmədi. İndi belə möhkəm qapı tapmaq çətindir. O ki qaldı hadisəyə, bu gün təhqiqatçılar da gəlib qapılara baxış keçirdilər. Şəklini çəkdilər, araşdırma apardılar. Yenə deyirəm, qapıların vəziyyəti normaldır. Sadəcə, azarkeşlər sıxlıq yaradıblar, nəticədə qapını geriyə doğru sıxışdırıblar. Buna görə də, qapı petlədən çıxaraq, yazıq uşağın ayağını zədələyib”.
İsmayılovun sözlərinə görə, stadionun sektorlarının qapıları dəyişdirilməyəcək: “Belə bir fikrimiz yoxdur. Qapıları dəyişməyə ehtiyac görmürük. Sadəcə, azarkeşlər sektorlara daxil olanda bir qədər diqqətli olmalı, çox sıxlıq yaratmamalıdırlar”.