""Euronews” bu addımı ilə öz nüfuzuna güclü zərbə vurdu" - <span style="color:red;">SORĞU
13 iyun 2015 16:14 (UTC +04:00)

""Euronews” bu addımı ilə öz nüfuzuna güclü zərbə vurdu" - SORĞU

 

““Euronews” bu addımı ilə öz nüfuzuna güclü zərbə vurdu və xeyli sayda tamaşaçısını itirdi. Bu kanal həm də qeyri-obyektiv və qərəzli kampaniya aparmaqla tək Azərbaycanda yox, bütün Avropada tanındı”.


 

Bunu APA-ya “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Euronews” telekanalının I Avropa Oyunlarının rəsmi açılış mərasimindən reportaj verməməsinə münasibət bildirərkən deyib. B. Sadıqov telekanalın bu addımını I Avropa Oyunlarını siyasiləşdirmək cəhdi kimi qiymətləndirib: “Qərbin tanınmış media qurumları, informasiya agentlikləri hər zaman deyirlər ki, media obyektiv, operativ olmalı, öz prinsiplərinə sadiq qalmalıdır. Amma biz “Euronews”da bunu görmədik. Azərbaycan öz hesabına çox möhtəşəm bir tədbir təşkil edib. Çox böyük iqtisadi, təşkilati yükün, əziyyətin altına girib ki, idman inkişaf etsin. İdman sülhün elçisidir. Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki bir neçə dəfə qeyd etdi ki, idmanı siyasiləşdirmək olmaz. Ancaq “Euronews" kimi telekanallar bu yanaşmadan əl çəkmək istəmir”.

 

 

"APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı deyib ki, "Euronews"un bu yanaşması hər şeydən əvvəl xəbərçilik prinsipinə ziddir: “Mən bu hadisəyə sırf xəbərçi kimi yanaşıram. Dünənki açılış təkcə Azərbaycanın deyil, Avropanın gündəmi idi. Xəbərçilər də gündəmlə işləyir. Bir xəbər kanalının dünyanın 50 ölkəsinin qatıldığı, bir neçə tanınmış liderin iştirak etdiyi tədbiri işıqlandırmaması hər şeydən əvvəl peşəkar etikaya ziddir”.
 


V. Mahirqızı qeyd edib ki, “Euronews” dünya xəbərçilərinin əsas istinad nöqtələrindən, təcrübəsini öyrəndikləri media quruluşlarından biridir: “Çox təəssüf ki, bu şirkət xəbər siyasətini bu cür cılız siyasi konyuktura ilə qurur. Bunun ən təhlükəli tərəfi dünya xəbər sistemində yeni və qərəzli presedentlər yaratmaqdı. Hər bir xəbər şirkətinin “özünə və havadarlarına sərf etməyən xəbəri yaymaması" prinsipi ilə hərəkət etməsi ümumilikdə informasiya siyasətində xaosa gətirib çıxarar. Necə ki transmilli media quruluşlarının belə yanaşması artıq dünyanın informasiya düzənini əhəmiyyətli dərəcədə pozub”. 

 

 

APA Holdinq”in rəhbəri onu da əlavə edib ki, bu gün dünyada xəbər virtuallaşıb və sərhədsizləşib: "İndi hansısa xəbər şirkətinin bir hadisəni yaymaması, göstərməməsi ilə blokada yaratması, həmin hadisəni “olmamış kimi göstərmək cəhdi” uğursuzdur. Dünyanın yüzlərlə xəbər şirkəti Avropa Oyunlarını göstərdi, yazdı. Milyonlarla insan internet resurslarından bu möhtəşəm açılışı izlədi. “Euronews” kanalı isə günün hadisəsini yaymamaqla xəbər siyasətinə və tamaşaçısına hörmətsizlik etdi. Eyni zamanda xəbərə ikili standartlarla, qərəzli və qeyri-obyektiv yanaşdığını ortaya qoydu”. 

 

 

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Euronews”un yanaşmasının qərəzdən xəbər verdiyini vurğulayıb: “Hesab edirəm ki, “Euronews” kimi bir telekanal açılış mərasimindən reportaj hazırlamamaqla ikili standartlara yol verib. Kanal özünü obyektiv televiziya kimi təqdim etməyə çalışırsa, belə bir möhtəşəm tədbiri də birmənalı şəkildə işıqlandırmalı idi. Yenə də bu fikirdəyəm ki, “Euronews”un yanaşması düzgün deyildi”.

 

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə bildirib ki, Avropa üçün önəmli bir hadisənin açılış mərasiminin “Euronews” telekanalında yayımlanmaması ilk növbədə jurnalistikanın prinsiplərinə ziddir: “I Avropa Oyunlarının açılış mərasimi zamanı dünyanın bir çox lideri Azərbaycanda idilər. Bu, tək idman hadisəsi deyildi. I Avropa Oyunlarının açılış mərasimi eyni zamanda, çox mühüm siyasi və mədəni hadisə idi. Açılış mərasiminin yüksək səviyyədə təşkil olunması, tərtibat baxımından bu günə qədər dünyada mövcud olmayan yeni texnologiyaların tətbiq olunması bu hadisənin özünü dünya miqyaslı bir hadisəyə çevirdi. Ona görə də “Euronews”un yanaşmasını anlamaq mümkün deyil”.

 

 

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də “Euronews”un I Avropa Oyunlarının açılış mərasimindən reportaj verməməyinin siyasi məqamlarla bağlı olduğunu qeyd edib: “Hər halda bu qədər böyük bir hadisəni, böyük bir bayramı kimlərinsə maraqlarına qurban vermək düzgün deyil. Mən bunu jurnalistikanın dəyərlərinə birbaşa zidd bir addım kimi dəyərləndirirəm və qınayıram

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447

Oxşar yazılar