“Qarabağ”dan vüqarlı nəticə və ya növbəti mərhələyə yol Bakıdan keçir - TƏHLİL
28 noyabr 2014 13:20 (UTC +04:00)

“Qarabağ”dan vüqarlı nəticə və ya növbəti mərhələyə yol Bakıdan keçir - TƏHLİL

Azərbaycanı Avroliqada təmsil edən “Qarabağ” dünən “Sent-Etyen”lə qarşılaşdı və heç-heçə edərək, Fransadan sərfəli nəticə ilə qayıtdı. Sözsüz ki, qazanılan 1 xal bizim üçün çox dəyərlidir. Məhz bu heç-heçədən sonra “Qarabağ” ikinci pilləyə yüksələrək, qrupdan çıxmaq şansını bir qədər artırdı. Göstərilən oyuna gəldikdə isə...

 

İlk 4 qarşılaşmada yaxşı təsir bağışlayan, rəqibinin meydanda dominantlıq etməsinə imkan verməyən “Qarabağ” dünən ən zəif oyununu keçirdi. Təsadüfi deyil ki, 90 dəqiqə ərzində təkqapı oyunun şahidi olduq. Gah qapıçı, gah müdafiəçilər, gah hakim, gah da bəxt köməyimizə çatdı. Nə olursa-olsun, “Qarabağ”ın qazandığı 1 xala kölgə salmaq fikrim yoxdur. Və Qurban Qurbanovun dünən müdafiə taktikası seçməsi də səbəbsiz deyildi. Bu yazıda məhz həmin məqamlara toxunub, ümumi təhlil aparacağıq.

 

“Qarabağ” fransızların önünə ideal heyətlə çıxmamışdı. Emeqaranı Avroliqada oynada bilməyən “köhlən atlar” uzun müddətdir zədədən əziyyət çəkən Çumbinyo və komandanın əsas “silah”ı Reynaldonun xidmətindən məhrum idi. Reynaldonu son oyunlardakı çıxışına görə tənqid edənlər, yəqin anladılar ki, “sönmüş” halda belə, o, “Qarabağ”a nəfəs verir. Dünən “Sent-Etyen”in müdafiə xətti gərginlik, təzyiq gördümü? Xeyr, çünki Reynaldo oynamırdı. Dərd orasındadır ki, “Qarabağ”ın heyətində onu layiqincə əvəzləyə biləcək futbolçu yoxdur. Ehtiyatda yerli oyunçular ola bilər, amma onlar bu cür komandalara qarşı əlahiddə nəsə edəcək gücdə deyillər. Məhz bunu anladığı üçün Qurbanov “Sent-Etyen”lə matçda açıq oyuna getmədi və düz də etdi.

 

“Sent-Etyen” – “Qarabağ” 1:1

Qapıya zərbə: 9-2

Çərçivəyə zərbə: 8-1

Ötürmə sayı: 505-332

Seyv: 0-6

Ofsayd: 3-2

Qayda pozuntusu: 10-11

Künc zərbəsi: 10-2

Sarı vərəqə: 1-2

Qırmızı vərəqə: 0-0

Topa sahib olma: 56%-44%

 

Oyuna baxmayanlar matçın statistikasına nəzər salmaqla anlayarlar ki, dünənki “Qarabağ” görməyə alışdığımız “Qarabağ” deyildi. Çərçivəyə düşən cəmi 1 zərbə vurmuşuq ki, xoşbəxtlikdən o da qolla nəticələnib. Fransızlar həm zərbə, həm ötürmə sayında, həm də topa sahib olma nisbətində bizi üstələyiblər.

 

Heç şübhəsiz ki, Fransada “Qarabağ”ın xilaskarı Şehiç oldu. Mükəmməl çıxış edən bosniyalı qapıçı bir neçə qol epizodunda komandasının köməyinə çatdı. Buraxdığı qolda da səhvi olmadı. Keçək müdafiə xəttinə. İlk hissədə 1-2 dəfə mövqe səhvinə yol verən kapitan Rəşad Sadıqov fasilədən sonra ideal oynadı. Bədavi Hüseynov da ilk hissə ilə müqayisədə ikinci hissəni daha yaxşı keçirdi. Aqolli cinahda əvvəlki fəallığını göstərə bilmədi. Onun kimi Maksim də özünə bənzəmədi. Düzdür, vurduğumuz qola əla ötürmə ilə töhfəsini verdi, ancaq müdafiədə inamlı deyildi. Fransızların sayılmayan təmiz qolunda məhz Maksimin səhvi var idi. Öz mövqeyini boş buraxan Medvedev hakimin qeydə aldığı oyundankənar vəziyyətdə ofsaydı pozurdu. Yaxşı ki, həmin epizod hakimlərin gözündən yayındı. Namiq Yusifovdan adət etdiyimiz oyunu gördük. Son vaxtlar inamsız görünən Qara Qarayev isə dünən ən yaxşı oyunlarından birini keçirdi. Çumbinyo və Reynaldonun yoxluğunda Almeyda meydanda sanki tək qalmışdı. Muarem və Corc cinahlarda əlahiddə bir şeylə yadda qalmadılar. Qolun müəllifi Vüqar Nadirov isə müdafiə xəttini təzyiqdə saxlamağı bacarmadı.

 

“Qarabağ” pis və ya yaxşı oynadı, fərqi yoxdur. Əsas odur ki, lazım olan nəticəni əldə edə bildi. Yeri gəlmişkən, “Qarabağ” ev oyunları ilə müqayisədə səfər matçlarını daha rahat və həyəcansız keçirir. İndi bizi qrupun son sınağı gözləyir, həm də necə sınaq. “İnter”lə Bakıdakı qarşılaşma bir tərəfdən asan, digər tərəfdən isə çətin keçəcək. Məlum məsələdir ki, italyanlar qrup birinciliyini təmin ediblər və onlar üçün son qarşılaşma formal xarakter daşıyacaq. Bu mənada, “İnter”in “Qarabağ” önünə 2-ci, hətta 3-cü heyətlə də çıxması istisna deyil. Ancaq ortada Roberto Mançini faktoru var. Komandanın sükanı arxasına təzə keçən Mançini hansı heyətlə olursa-olsun, Bakıdan qələbə ilə qayıtmaq istəyəcək. Əsas heyətdə gənclər yer alsa belə, onlar da özlərini yaxşı tərəfdən göstərib, məşqçinin “gözünə girməyə” çalışacaqlar.

 

İstənilən halda, “Qarabağ” “İnter”i gözündə böyütməməlidir. Bunu Milandakı qarşılaşma da göstərdi. “Qarabağ” öz oyununu göstərə bilsə, “İnter”i xalsız yola salmaq da olar. Bunun üçün isə ilk növbədə, Reynaldonun oyuna qədər zədəsini sağaltması lazımdır. İynə ilə də olsa, braziliyalı həmin görüşə çıxmalıdır. Axı bu cür tarixi şansı qaçırmağı nə “Qarabağ” istəyər, nə də Reynaldo.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1566
avatar

Tengiz Məmmədov

Oxşar yazılar