“Bakı-2015-in bağlanış mərasiminə bilet satışı başa çatıb.
Avropa Oyunlarının Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, iyunun 28-də keçiriləcək mərasim üçün nəzərdə tutulan 48 000 biletin hamısı artıq satılıb.
Məlumatda bildirilir ki, iyunun 12-də keçirilən möhtəşəm açılış mərasimindən sonra Avropa idmançıları diqqət mərkəzində olublar. Bu səbəbdən biletlərə tələb o qədər artıb ki, ümumilikdə, “Bakı-2015”-in 20 idman növü üzrə yarışlarının 281 sessiyasından 168-in biletləri artıq satılıb.
Biletlərə tələbat yenə var. Son 48 saatda 23 000 bilet satılıb. İyunun 15-də ölkədə bayram ilə əlaqədar qeyri-iş günündə, 30000 tamaşaçı Bakı və Mingəçevirdəki idman obyektlərində Avropa Oyunlarına tamaşa edib.
“Bakı-2015”-in biletlərinə olan tələbatla bağlı danışan gənclər və idman naziri Azad Rəhimov bildirib ki, yarışlara münasibət çox müsbətdir: “Açılış mərasimi xalqda ruh yüksəkliyi yaradıb və indi biz, Azərbaycanın ən böyük idman tədbirində iştirak etmək istəyən insanlar tərəfindən biletlərə olan tələbin olduqca böyük olduğunun şahidiyik. Mən, həmçinin, Azərbaycan idmançıları ilə fəxr edirəm, onlar bizim xalqımızı sevindiriblər. Xalq tərəfindən onlara münasibət də olduqca müsbətdir və çıxışları ölkədəki gənc nəsli idmanla məşğul olmağa ruhlandıracaq”.