Braziliyalı qapıçı Ederson “Mançester Siti”dən Türkiyənin “Fənərbaxça” klubuna keçib.
Lent.az xəbər verir ki, ingilis klubu onun komandanı tərk etməsi barədəaçıqlama yayıb.
“Braziliyalı qapıçı klub tarixinin ən uğurlu futbolçularından biridir, Xose Qvardiolanın rəhbərliyi altında 18 böyük titul qazanıb. O, “Mançester Siti”nin tarixində möhkəm yer tutub və biz hamımız ona karyerasının növbəti mərhələsində uğurlar arzulayırıq. O, bu futbol klubunda hər zaman məmnuniyyətlə qarşılanacağına əminliklə ayrılır. “Mançester Siti”də hər kəs Edersona karyerasının növbəti mərhələsində ən yaxşısını diləyir”, – deyə “şəhərlilər”in rəsmi saytındakı açıqlamada bildirilib.
Xatırladaq ki, Ederson 2017-ci ildən “Mançester Siti”nin heyətində çıxış edirdi. Braziliyalı qapıçı klubda 372 oyun keçirib, onlardan 168-də qapısını toxunulmaz saxlayıb. Klubda olduğu müddətdə o, 18 kuboka sahib çıxıb. Futbolçunun bazar dəyəri 20 milyon avro qiymətləndirilir.
Daha əvvəl bildirilirdi ki, qapıçı ilə “Qalatasaray” da maraqlanır.