Dilim-dilim olasan
25 iyun 2015 12:00 (UTC +04:00)

Dilim-dilim olasan

0

Gülün!

Gülməli sualım var çünki.

Görəsən ermənilərin Üzeyiri varmı?

Üzeyir Hacıbəyovu demirəm, Üzeyir Mehdizadəni deyirəm.

Və təsəvvür edin ki, ermənilərə bu iki Üzeyirimizdən birini seçmək və öz mədəniyyət tarixlərinə həkk eləmək şansı verilib.

Sizcə, hansını seçərlər?

Həcıbəyovu, düzdür?

Təbii.

Amma biz Mehdizadəni seçmişik.

Di ağlayın.

 

Bu gün internet şəbəkələrində erməni qadının bizim məşhur “Dilim –dilim” xalq mahnımızı oxuduğunu paylaşırıq hamımız.

Və like edib, şərhlər yazırıq altına, üstünə, böyrünə: İt gəldi, ərsinimizi apardı, aman!

Ekranda isə erməni auditoriyası yığışmış bir verilişdən musiqi parçası boylanır bizə. Qədim çalğı alətləri ansamblı, normal geyimli, toppuş qarayanız qadın və canlı ifa. Aparıcının “dilim-dilim”i qədim erməni sözü kimi təqdim etməsi, müğənninin ləzzətlə, ürəkdən oxuması, auditoriyanın həzzi və s.

Bilmirik, bu veriliş onların hansı kanalının hansı saatında efirdə olub.

Amma hamımız çox gözəl bilirik ki, hansı günün hansı saatında olursa olsun, həmin vaxt bizim öz kanallarımızda ya hansısa məişət-qonşu davası təqdim olunurmuş canlı studiya auditoriyasına, ya hansısa “əlini sallasa əllisi” kateqoriyasından olanlardan biri el-aləmə əxlaq və namus dərsləri keçirmiş, ya da mütləq hansısa müğənnilərimizin ultradəbli geyim, dəbdəbəli makiyaj, efirdən sponsorlarına eyhamlı təbəssümləri, sponsorlarının arvadlarına brilliantlı qıcıq nümayişləri təqdim olunurmuş.

Və şit, savaddan-mütaliədən aciz-avara aparıcılarımızın mənasız davranışları.

Adama deyərlər, a bala, bu adamlar özlərini apara bilmirlər, verilişi necə aparmalıdırlar ki?

Gülün, gülün!

 

Və mahnılar…

İlahi, hamısı necə də müasir və qərbyönlüymüşlər!

Geyimlər xarici filmlərdəki tin xanımlarının qarderobuna inteqrasiya ilə, makiyajlar hindu qəbilə başçılarının ov ovlamaq qriminə uyğun, mədəniyyət və istedad axsayır, beyin və təfəkkür sınağına oturtsan, aparatı yandırarlar, “İmtahançı xarab olub” siqnalı gələr.

Və bunlar mahnı oxuyurlar. Sözləri zibil, musiqiləri xəkəndaz, bircə süpürgələri çatmır, verəsən minib uçalar şabaş almağa.

 

Məgər bizim ölkəmizin mədəniyyət, incəsənət, ədəbiyyat adına yüksək səviyyəli heç kimi və heç nəyi yoxdur öz tamaşaçısına təqdim etmək üçün?

Kim axırıncı dəfə “dilim-dilim” mahnısını oxuyub canlı tok-şoularımızda?

Əlləri görürük?

Gənc nəsli dindirsən, heç bilməzlər belə mahnımız var ya yox.

Yaxşı ki erməni qadın oxudu, xatırladıq.

Bundan sonra oxuyacağıq hamımız, əmin olun.

Və ağlayın!

 

Söhbət tək o mahnıdan getmir.

Uşaqlarımız, məktəbli və tələbələrimiz, əsgərlərimiz bu qədərmi bizə dəyərsizdirlər və biz onlara qarşı bu qədərmi biganəyik, onları əsl mədəniyyət xəzinəmizdən məhrum edirik? Axı onlar ruhu qədim olan, süddən və qandan gələn əsl musiqimizi mütləq tanımalı və eşitməlidirlər, ruhları güclü, ürəkləri arxayın, psixikaları depressiyasız olsun.

Daha “kəsəcəm damarları”, “heç mənə lazım da deyil”, “ dövrana bax, dövrana, oppa”, “qız tuturam, qız tuturam”  və s. infantil beyin ifrazatlarını dinləməməli və bunlara alışmamalıdır kimsə.

Vallah, bu zibilləri erməniyə üstündə qızıl da versən, özünə götürməz.

Niyə?

Çünki bu mahnılarda Azərbaycan yoxdu.

Azərbaycan olmayan heç nə onun düşmənlərinə lazım deyil, anlamırıqmı yəni?

 

İndi məni qınayanlar da olacaq ki, niyə bizimkiləri tənqid edirsən erməni verilişinin yanında? Məgər biz bu qədər aşağıyıq?

Yox əzizlərim, biz çox qiymətliyik.

Tariximizlə, siyasətimizlə, elmimizlə, ədəbiyyatımızla, mədəniyyətimizlə və s.

Elə Birinci Avropa oyunlarının Bakı-2015 açılış mərasimində özümüz özümüzə mat qalıb diksinmədikmi?

Niyə diksindik, bilirsiz?

Çünki bu gözəlliyi, bu qədimliyi, bu gücü özümüzə göstərən yoxdur.

Sanki əsl Azərbaycan dəyərləri hansısa qədim sandıqda qapanıb gizlədilir və hərdən-hərdən dünya bizə qonaq gələndə nümayiş etdirilməyə çıxarılır.

Hər gün Elgizin üzünü görən adam birdən-birə Nizami Gəncəvi ilə üz-üzə gəlib diksinməsinmi? Başında tükləri biz dayanmasınmı? Özünü uzun zamandan bəri aynada olduğu kimi görməyən biri kimi matı-qutu qurumasınmı?

Hamımız baxırdıq və gözlərimizi çəkmədən fəxr edirdik bu ölkənin, bu tarixin, bu mədəniyyətin sahibi olmağımızla.

Qərib yerdə doğmasına qəfil rast gəlmiş kimi bir hala düşmüşdük, eyvah!

Necə qəribsəyibmişik əsl özümüz üçün, əsl özümüzün olan üçün!

 

Biz, ölkənin az-çox intellektual təbəqəsi olan zavallılar, günün qızmarında ac-susuz qalan məğlub əsirlər kimi, ancaq xatirələrimizdə və içimizdə, hərdən-hərdən də ən yaxın çevrəmizdə yaşaya bilirik həqiqi şeirin, həqiqi musiqinin həqiqi müzakirələrinin dadını.

İçimizdə Günəş ziyası daşıyırkən, ən dar çərçivələrə gömülüb, qiymətliykən dəyərsiz halımıza ağlayırıq.

Siz gülməyinizdə olun!

 

Bizə ədəbiyyatı, kitabı, səviyyəli tok-şouları, xalq mahnılarımızı, bəstəkar retro mahnılarımızı, simfonik musiqi əsərlərimizi verin, hər gün, bütün ölkə telekanallarında, bütün dünyaya nümayişlə!

Bəsdirin dünyanın sərsəm hoqqabazlıqlarının şou-proqramlarının karikatura versiyalarını insanlarımıza göstərib onlardan meymuna əl çalan çaşqın uşaq tipi düzəltdiniz.

Nə qədər yemək bişirib, studiya tüstülədib, auditoriyaya kabab, ya noğul paylayarlar?

Bir dəfə də kitab paylayın, ya məsələn, Şopenin əsərləri olan disklər.

Bu camaat o Şopenin “Prelyudiya”sını niyə axı “Təhminə” filmindəki yataq səhnəsindən tanımalıdır?

Ağlayın, ağlayın!

 

Tətil bitəndən sonra isə, gedin orta məktəblərdə musiqi dərslərini monitorinq edin, görün nə öyrədilir uşaqlarımıza və nə öyrədilmir.

Müəllimələrimizin yarısının zəngimseli mərsiyələrdi, yarısının meyxanalar, yarısının türk arabeskləri. Bunlaramı etibar edilib əsl musiqiyə sevgi toxumları?

Daha nə deyim ki?

Heç nə.

Gedin Üzeyir seçin özünüzə, hansına layiqsinizsə.

Sonra isə, istəyirsiz gülün, istəyirsiz ağlayın, özünüz bilərsiz!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 283

Oxşar yazılar