Akif Çovdarova qarşı bir milyonluq iddia qaldırıldı - <span style="color:red;">YENİLƏNİB
05 aprel 2017 18:07 (UTC +04:00)

Akif Çovdarova qarşı bir milyonluq iddia qaldırıldı - YENİLƏNİB

 

Günün ikinci yarısındakı proseslə bağlı Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.

 

Lent.az-ın məlumatına görə, vəkil bildirib ki, fasilədən sonra "Real MTK" rəhbəri İlham Qasımovun epizodu üzrə dinləmələr keçirilib.

 

İlham Qasımovun istintaqa verdiyi ifadəsi elan olunandan sonra məhkəmədə verdiyi ifadələr arasında ziddiyyətlər ortaya çıxıb.

 

 

Ziddiyyətlərə münasibət bildirən İlham Qasımov hadisənin uzun müddət əvvəl baş verdiyini və  çox şeyi dəqiqliklə xatırlamadığını deyib.

 

Daha sonra prosesdə İlham Qasımov mühafizəçi olmuş Aqil Əliyev dindirilib. Onun da istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi ilə ziddiyyət təşkil edib. Keçmiş mühafizəçi qeyd edib ki, İlham Qasımovla birgə 2 dəfə MTN-ə gedib.

 

 

İlham Qasımovun sürücüsü olmuş Elşən də məhkəmədə ziddiyyətli ifadələr verib: "2009-2010- cu illərdə 2 dəfə İlham müəllimlə MTN-ə getmişik. Həmin zaman da pul əvvəlcədən hazır şəkildə maşında olub. Pulu İlham müəllim MTN-nin inzibati binasına apardı".

 

Vəkil qeyd edib ki, halbuki İlham Qasımov ifadəsində MTN-ə pulu özünün aparmadığını, Mürşid adlı şərikinin onun dalınca pulu MTN-ə gətirdiyini deyib: "Həm mühafizəçi, həm də sürücü İlham Qasımovun ifadəsini səhv çıxartdı. Hər ikisi Mürşidi MTN-də görmədiklərini, pulu İlham Qasımovun özünün apardığını dedilər".

 

Sadiq Rəsulov onu da qeyd edib ki,  İlham Qasımov Çovdarovla şəxsən telefonda danışdığını iddia edir: "Deyir, danışmışıq, cinayət işinin materiallarında görünür ki, İlham Qasımovun istifadəsində olan nömrələrlə 2015-ci ilə qədər heç bir danışıq olmayıb".

 

Prosesdə o da bildirilib ki, İlham Qasımov Akif Çovdarov və digərlərinə qarşı 1 milyon manatdan çox mülki iddia qaldırıb.

 

Məhkəmə prosesi aprelin 10- da davam edəcək.

 

**

14:30

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.

 

Proses haqqında Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.

 

Vəkil bildirib ki, iclasda "Real" MTK-nın hazırda həbsdə olan müdiri və iş üzrə zərərçəkmiş şəxs olan İlham Qasımov prosesə gətirilib.

 

Xatırladaq ki, İlham Qasımov hazırda həbsdədir. O, tanınmış şair Gülağa Tənhaya qarşı 13,5 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilir. Bakı Ağır Cinayətlər Məhkəməsini  hökmü ilə 15 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsində onun cəzası 2 il azaldılıb.

 

Məhkəmədə dindirilən İlham Qasımov  istintaqa verdiyi ifadəni təsdiqləyib. O, sərbəst ifadəsində  restoranda keçirilən əməliyyat zamanı uşaqların, qadınların qorxudulduğunu dilə gətirib: "Zala maskalılar girdi. Qadınlar, uşaqlar qorxdu".

 

Məhkəmədə vəkillərin suallarını cavablandıran İlham Qasımov həmin toydan videogörüntülərin olub-olmamasına cavab verə bilməyib.

 

İ.Qasımovun dediyinə görə, sonradan MTN əməkdaşları həmin görüntüləri alıb məhv ediblər.

 

Vəkil bildirib ki, İlham Qasımov ifadəsində ziddiyyətlər olub. Ona görə də onun istintaqa verdiyi ifadə günün ikinci yarısında elan ediləcək.

 

Daha sonra tikinti şefi hakim və prokurorun suallarını cavablandıracaq.

 

"Real MTK" sədri İlham Qasımov istintaqa verdiyi ifadəsində bildirib ki, 2007-ci ildə tanımadığı bir nəfər ona zəng edərək “qardaşın İslamla Tahir MTN-dədir, Akif Çovdarov sizi çağırır” deyib.

 

Tikinti rəhbərinin dediyinə görə, Çovdarov qardaşının dollarla ev alqı-satqısı etdiyini deyib və buna görə həbs ediləcəyini bildirib. Çovdarov qardaşının sərbəst buraxılması üçün ondan 500 min dollar istəyib.

 

Qasımov deyib ki, MTN-çilər növbəti dəfə 2009-cu ilin qışında MTK-nın Xan Şuşinski küçəsində yerləşən ofisinə gələrək onu və şirkətin sənədlərini aparıblar. MTN-də Çovdarov ona qəzəbli şəkildə deyib ki, Rauf adlı şəxsə 150 min atmısan. Çovdarovun dediyinə görə, Rauf Eldar Mahmudovun yaxın dostudur, nazirin otağında çay içir. Qasımov Rauf adlı şəxsi tanımadığını desə də xeyri olmayıb. Qasımov deyir ki, bu bəhanə ilə ondan yenə 250 min alıblar.

 

Qasımov ifadəsində göstərib ki, 2015-ci ilin sentyabrında oğlu qaçırılıb. İş adamı iddia edir ki, Çovdarov oğlunun narkotikdən istifadə etdiyini deyib və 300 min tələb edib. Ancaq sonradan 50 minini alıblar.

 

2015-ci ilin 14 sentyabrında “Sofıya” şadlıq sarayında toy mərasimində Qasımovun dostları Tofıq İbrahimov və Namiq Orucov da iştirak edib. Qasımovun dediyinə görə, Tofıq İbrahimov Moskvada bizneslə məşğul olur və Rusiya vətəndaşıdır.

 

Qasımov məhkəmədə də əsas narazılığının toy günü yaşananlarla bağlı olduğunu bildirib.

 

İstintaqda ifadəsində Qasımov əlavə edib ki, toy günü çoxlu sayda MTN əməkdaşları əllərində silah Namiqin qollarını burub yerə uzatmışdı: "Döyüb, sonra qoluna qandal vurdular. Tofiqin isə şadlıq sarayının qarşısnda olan maşınını və sürücüsü Gülağanı MTN-ə apardılar. Sonra Tofiq dostu Akif Mustafayevə ( Akula Akif) zəng etdi”.

 

İ.Qasımov deyib ki, Tofiq adlı biznesmendən MTN-də 1 milyon dollar istəyiblər.

 

Həbsədə olan Qasımovun dediyinə görə, Çovdarov Tofiqdən 300 min, Namiq Orucovdan isə 100 min dollar alıb.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

 

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Səlcuq Elçin

Oxşar yazılar