Barda çalışan iki qadına hücum etməkdə və onlara xəsarət yetirməkdə təqsirləndirilən Şəhriyar Əlizadə barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən Şəhriyar Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bakının Nizami rayonu Qara Qarayev prospektində yerləşən binalardan birinin girişində naməlum şəxs və ya şəxslər Bakı şəhər sakinləri Vüsalə Saramanova və Elnarə Mikayılovaya ağır bədən xəsarəti yetiriblər. Cinayəti törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Şəhriyar Əlizadə saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma zamanı qeyd edilən cinayətin törədilməsində Ş. Əlizadə ilə birlikdə qeyri-rəsmi nikahda yaşayan və zərərçəkənlərin rəfiqəsi olan Elyanora Osmanovanın da iştirak etdiyi məlum olub. Həyata keçirilən əlavə tədbirlər nəticəsində E.Osmanova da saxlanılıb.
Lakin daha sonra Elyanora Osmanova azadlığı buraxılıb və bu işdə şahid olub. Ş. Əlizadə barəsində əvvəlcə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi açılıb. Amma sonra bu maddə Cinayət Məcəlləsinin 181.3.3-cü (quldurluq; zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəsinə tövsif edilib. İttihamda yazılıb ki, Ş. Əlizadənin yaxın münasibəti olduğu Elyanora Osmanovanın bıçaqlanan şəxslərlə telefon üstündə mübahisəsi olub. Bu mübahisəni həll etmək, sevdiyi qadının telefonunu geri almaq istəyən Şəhriyar onları bıçaqla vurub.