Zaqatalada 12 il əvvəl qətlə yetirilən qadının oğlu Ali Məhkəmənin sədri İnam Kərimova müraciət ünvanlayıb.
Lent.az xəbər verir ki, şikayətçi Polad Abdullayev anası Seyran Əyyubovanı qətlə yetirən Polad İsmayılova bəraət veriləcəyindən narahatlığını dilə gətirib.
Onun sözlərinə görə, 2021-ci ildə Şəki Ağır Cinayətlər Məhkəməsi P. İsmayılov barəsində 11 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Şəki Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb. Şikayətçinin sözlərinə görə, ancaq indi apellyasiya məhkəməsində P. İsmayılova bəraət veriləcəyi gözlənilir.
Zərərçəkən P. Abdullayev İnam Kərimova müraciətində anasının qatilinə bəraət verilməsinə etiraz edərək, onun cəzasını çəkməsi üçün prosesə ədalətli baxılmasını xahiş edir.
Qeyd edək ki, qətl hadisəsi 2011-ci ildə baş versə də, cinayət işi 2020-ci ildə açılıb. Əməliyyat axtarış tədbirləri ilə mərhum Seyran Əyubovanın yaşadığı evdə günlük kirayədə yaşayan İsmayılov Polad Şəmsəddin oğlunun 24 fevral 2011-ci il tarixdə şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı onu bıçaqla xəsarətlər yetirərək öldürməsi müəyyən edilib.