Qarabağ qazisi vəfat etdi -YENİLƏNİB
12 iyul 2022 02:00 (UTC +04:00)

Qarabağ qazisi vəfat etdi -YENİLƏNİB


Dünən özünü yandıran “Mauqli” ləqəbli qazimiz Elvin Cəfərov 5 saylı xəstəxanada dünyasını dəyişib.

Lent.az-ın xəbərinə görə, bu barədə mərhumun qardaşı Elnur məlumat verib.
 

***

18.20

"Həmişə diqqət və qayğı ilə əhatə olunan qazimiz Cəfərov Elvin Zakir oğlunun intihara cəhd etməsindən təəssüf hissi keçiririk".

Lent.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, Sabirabad rayonu, Qalağayın kənd sakini, 3-cü dərəcə Vətən müharibəsi əlili, 35 yaşlı  Elvin Cəfərov dövlət tərəfindən sosial dəstək tədbirləri ilə əhatə olunub:

"Elvin Cəfərova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti qurumu tərəfindən hələ 2021-ci ilin noyabr ayında müharibə ilə əlaqədar 3-cü dərəcə əlillik təyin edilib. Bununla əlaqədar ona Prezidentin aylıq təqaüdü (300 manat) və aylıq müavinət (120 manat) təyin edilib.

Həmçinin Elvin Cəfərovun və ailə üzvlərinin məşğulluğuna da dəstək göstərilib. O, DOST İş Mərkəzi tərəfindən 27 may 2021-ci ildən işlə (aylıq əməkhaqqı 300 manat) təmin edilib. Anası Cəfərova Ruqiyə Musa qızı da məşğulluq orqanı tərəfindən işlə təmin olunub. Eyni zamanda, qazinin ailəsi üçün bir il əvvəl özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatı yaradılıb.

Digər tərəfdən, Elvin Cəfərovun ailəsinə “YAŞAT” Fondu tərəfindən 2021-ci ildə maddi dəstək (6500 manat) və hərbi səbəbdən 3-cü dərəcə əlilliyə görə “Azərsığorta” tərəfindən sığorta ödənişi (4400 manat) olmaqla 11 min manata yaxın birdəfəlik ödəniş edilib.

Qeyd olunan dəstək tədbirləri ilə yanaşı, ona təyin olunan müavinət Müdafiə Nazirliyindən 28 iyun 2022-ci ildə daxil olmuş sənədlər əsasında qısa bir müddətdə, 7 iyul 2022-ci il tarixdə pensiya və maddi yardım formasında daha artıq ödənişlə - 356 manat aylıq sosial ödənişlə əvəzlənib.

Beləliklə, qazi Elvin Cəfərova pensiya, təqaüd, maddi yardım və əməkhaqqı formasında ümumilikdə aylıq olaraq 958 manat ödənilir.

Sabirabad rayon mərkəzi xəstəxanasında ilkin tibbi yardım edilərək, hazırda Bakı şəhərində müalicəsi davam etdirilən Elvin Cəfərova dəstək tədbirləri bundan sonra da davam edəcək".

***

15:25

İyulun 10-da Sabirabad rayonu, Qalağayın kənd sakini, 3-cü qrup Vətən Müharibəsi əlili, 35 yaşlı Cəfərov Elvin Zakir oğlu Sabirabad rayon Mədəniyyət Mərkəzinin qarşısında özünü yandıraraq intihara cəhd edib.

Lent.az-a Sabirabad rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, rayon Mərkəzi Xəstəxanasında Elvin Cəfərova ilkin tibbi yardım göstərilib və müalicəsini davam etdirmək üçün Bakı şəhərinə xəstəxanaya göndərilib.

Məlumatda qeyd edilir ki, Elvin Cəfərov hazırda 400 manatdan çox pensiya alır. Sabirabad rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə o, 2021-ci ildən “DOST İş Mərkəzi” MMC-də haqqı ödənilən (300 manat) ictimai işlərə cəlb olunmuş, anası Cəfərova Ruquyyə Musa qızı isə “Əmin” marketlər şəbəkəsində münasib işlə (aylıq əmək haqqı 300 manat) təmin olunub: “Bundan əlavə Elvin Cəfərovun ailəsinə müxtəlif vaxtlarda rayon İcra Hakimiyyətindən ümumilikdə 700 manat maddi yardım ödənilib, 300 manat dəyərində ərzaq məhsulları verilib, bundan başqa ayrı-ayrı dövlət orqanlarının nümayəndələri və iş adamları Elvin Cəfərova mütəmadi olaraq maddi köməkliklər göstərib.

Həmçinin bütün bayramlarda ailə bayram sovqatı ilə təmin olunub, o cümlədən bu il iyulun 9-da ailəyə “qurban payı” verilib. Eyni zamanda Elvin Cəfərov 4400 manat sığorta pulu alıb, “Yaşat” Fondundan da ona müvafiq köməklik göstərilib”.

Məlumatda bildirilir ki, Elvin Cəfərovun mənzilnövbəsinə götürülməsi ilə bağlı hazırda rayon İcra Hakimiyyətinə sənədləşmə işləri aparılır.

Bildiririk ki, ötən həftə əlavə pensiya təminatı ilə bağlı sistemə məlumatların ötürülməsi ilə əlaqədar müvafiq sənədlərin toplanmasına Elvin Cəfərova yaşadığı Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən lazımi köməklik göstərilib.
 

# 17670
avatar

Oxşar yazılar